Məhkəmə qərarları › İş №2-1(114)-415/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-415/2022

14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-415/2022 14.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti) qarşı mənzil üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 51.7 kv.m olan mənzil üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri İcra hakimiyyətinin balansında olan ünvan 2 ünvanda yerləşən mənzildə 1996- cı il tarixdən onun atası, anası, qardaş və bacıları olmaqla onun ailəsi yaşamışdır. Hazırda atası vəfat etmiş, qardaşı və bacısı isə başqa ünvanda yaşayırlar. Mənzildə onunla birlikdə həyat yoldaşı və iki uşağı qeydiyyatda olmaqla yaşayır. Gəncə şəhəri İcra hakimiyyəti başçısının 04.05.2021-ci il tarixli 91 saylı sərəncamına əsasən Gəncə şəhəri İcra hakimiyyəti Mənzil Kommunal İstehsalat Birliyi ilə iddiaçının aramızda 16.05.2021 -ci il tarixli 014 saylı “X4 Müqaviləsi” bağlanmışdır. Həmin sərəncama əsasən bağlanmış kirayə müqaviləsi ilə ümumi sahəsi 10.0 kv.rn olan 1 otaqlı mənzil onların istifadəsinə verilmişdir. Qeyd etmişdir ki, onun ailəsi uzun illərdir ki, bu mənzildə yaşamışdır. Onlar bu mənzilə köçəndən mənzil iki otaqlı olmuş, lakin sənədlərdə mənzil 1 otaqlı kimi göstərilmişdir. O, həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdeh orqana müraciət etmiş, lakin cavabeh orqan mənzilin 2 otaqlı,ümumi sahəsinin 51.7 kv.rn olduğunu, beləliklə də sənədlərlə mənzilin faktiki vəziyyətinin uyğunsuzluğu səbəbindən müraciətinin icrasının mümkünsüz olduğunu bildirmişdir. İmtinada həmçinin qeyd etmişdir ki, 4 nəfərdən ibarət ailənin ümumi sahəsi 10.0 kv.m olan 1 otaqlı mənzildə yaşaması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və bu barədə digər qanunvericilik aktlarının tələblərinə uyğun deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 17.01.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşmə barədə ərizə verərək, ünvan 3 ünvanında yerləşən 1 otaqlı, 10.0 kv.m olan mənzilə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin 17.01.2022-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz göndərərək bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçının müraciətinə əlavə edilmiş sənədlərlə mənzilin faktiki vəziyyəti arasında uyğunsuzluğun olduğu, belə ki, Gəncə şəhər İcra Hakimiyyətinin 04.05.2021-ci il tarixli, 91 saylı sərəncamına və X4 müqaviləsinə əsasən ümumi sahəsi 10.0 kv.m olan 1 otaqlı mənzil vətəndaşın istifadəsinə verilmişdir. Lakin faktiki olaraq mənzilin 2 otaqlı, ümumi sahəsinin 51.7 kv.m olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini 16.05.2021-ci il tarixli, 14 nömrəli X4si müqaviləsi, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Ə-123 nömrəli, 16.05.2021-ci il tarixli məktubu, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 91 nömrəli, 04.05.2021-ci il tarixli sərəncamı, cavabdehin iddiaçıya ünvanladığı **********80 nömrəli, 24.11.2021-ci il tarixli imtina məktubu,cavabdehin **********277 nömrəli, 17.01.2021-ci il tarixli etiraz məktubu təşkil etmişlər. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti başçısının 91 nömrəli, 04.05.2021-ci il tarixli Sərəncamından görünür ki, İddiaçı Gəncə şəhəri, Azərbaycan küçəsi, 1-ci dalan, bina 6 ünvanında yerləşən 4 nömrəli mənzilin kirayəçisi hesab edilib həmin mənzilin onlara verilməsini xahiş etmişlər. Sözügedən mənzil uzun illər onun ailə üzvlərinin istifadəsində olmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcələsini, vətəndaş İddiaçı ərizəsini və toplanmış materialları nəzərə alınaraq Gəncə şəhəri, Azərbaycan küçəsi, 1-ci dalan, bina 6 ünvanında yerləşən 4 nömrəli mənzilin əsas kirayəçisi İddiaçı hesab edilməklə onun ailəsinin istifadəsinə verilməyi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal İstehsalat Birliyi ilə iddiaçı arasında bağlanmış 014 nömrəli, 16.05.2021-ci il tarixli X4 müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən dövlət mənzil fonduna aid yaşayış sahəsi 10,0 kv.m olan 1 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə İddiaçı və ailəsi X2, X1 və babayev Fatimə Vüsal qızına verilmişdir. Cavabdeh 24.11.2021-ci il tarixli **********80 nömrəli imtina məktubunda imtinanın səbəbi kimi Gəncə Şəhər İcra Hakimiyyətinin 04.05.2021-ci il tarixli, 91 saylı sərəncamına və X4 müqaviləsinə əsasən ümumi sahəsi 10.0 kv.m olan 1 otaqlı mənzilin iddiaçının istifadəsinə verilsə də, lakin faktiki olaraq mənzilin 2 otaqlı , ümumi sahəsinin isə 51.7 kv.m olduğunun müəyyən edildiyini göstərmişdir. İş materialarına əlavə edilmiş Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 08.12.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, iddiaçı 25.05.2021-ci il tarixdən həmin mənzildə rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 16. Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Maddə 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notarial qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tululmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan, bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, ünvan 3 ünvanında yerləşən həmin mənzilə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin:- -68.1 və 68.2-ci maddələrinəəsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinəəsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinəəsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən, sahəsi 10.0 kv.m olan mənzilə İddiaçı istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar