Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-415/2025 16.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya məxsus xx.xx.2015-ci il tarixli ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin əsgər yeməkxanasında yeməkxana xidmətçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur.
2. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli 2/2-/2447 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş sənədlərdə 27.09-xx.xx.2022-ci il tarixlərdə işlədiyi ərazidə döyüş əməliyyatları aparılmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.
3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü üil tarixli 167 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat bölməsinin yeməkxanasında qabyuyan vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən Müharibəsi” ndə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat bölməsinin yeməkxanasının tərkibində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatları zamanı maddi-texniki təminatın təşkili üzrə hərbi hissənin dislokasiya məntəqəsində tapşırıqları yerinə yetirib.
4. Məhkəmənin sorğusu əsasında əldə edilmiş N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmiş mülki şəxs barəsində arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə)
1. İşlədiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə
2. Rütbəsi: mülki
3. Vəzifəsi: qabyuyan
4. İşlədiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2016-Əmr №79, xx.xx.2021-Əmr №78
5. Döyüş əməliyyatlarına cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə): maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirib
6. İştirak etdiyi ərazilər: Döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsində qalıb
7. Hansı qismdə iştirak edib, həmin dövrdə döyüş üzrə tapşırıqlar ilə bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirib
8. Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: xəsarət almayıb
9. Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi:
10. Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz):
11. İşdən azad olması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): hal-hazırda işləyir
12. Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: hal-hazırda işləyir
13. Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı): yoxdur
5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 2448 nömrəli və xx.xx.2024-cü il tarixli 2877 nömrli məktublarında bildirilmişdir ki, vətəndaş İddiaçı N nömrəli hərbi hissədə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək maddi-texniki təminat taqımının yeməkxanasında qabyuyan vəzifəsində mülki işçi kimi işləmişdir.
6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 169 nömrəli və xx.xx.2024-cü il tarixli 186 nömrəli arayışlarında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixdək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat bölməsinin yeməkxanasında qabyuyan vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən "Vətən müharibəsi"ndə N nömrəli hərbi hissənin madditexniki təminat bölüyünün təsərrüfat bölməsinin yeməkxanasının tərkibində xidməti vəzifə borclarını yerinə yetirirək döyüş əməliyyatları zamanı maddi-texniki təminatın təşkili üzrə hərbi hissənin dislokasiya məntəqəsində tapşırıqları yerinə yetirib.
7. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 181 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində mülki işçi qismində Talış və Suqovuşan kəndləri istiqamətində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir.
8. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 3-25-140/2-1077/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Vətən müharibəsi”ndə N nömrəli hərbi hissənin daimi dislokasiya yeri Tərtər rayonu, Səhlabad yaşayış məntəqəsi olmuşdur. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə anadan olmuşdur. 13 mart 2016-cı ildən 16 mart 2021-ci ilədək N №-li hərbi hissədə yeməkxanada yeməkxana xidmətçisi vəzifəsində işləmişdir. N №-li hərbi hissədə işləyərkən Vətən müharibəsi dövründə o da digər mülki işçilərlə yanaşı hərbi hissənin xidmətində olmuşlar. 44 gün ərzində o, demək olar ki, N №-li hərbi hissənin maddi-texniki təminat təsərrüfat taqımında təsərrüfat işçisi kimi xidməti vəzifə borcunu yerinə yetirərək döyüş əməliyyatları zamanı maddi-texniki təminatının təşkili üzrə verilən bütün tapşırıqları yerinə yetirmiş, hərbi hissənin dislokasiya məntəqəsində işləmiş və ev üzü görməmişdir (qeyd olunan faktlar ərizəyə əlavə etdiyi ona məxsus əmək kitabçası ilə təsdiq edilmişdir). Qeyd olunanlara əsasən o, N №-li hərbi hissənin maddi-texniki təminat bölüyünün xidmətində olmuş və maddi-texniki təminat üzrə verilən bütün tapşırıqları yerinə yetirdiyi üçün hüquq münasibətləri yaranan zaman güvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin həmin vaxt qüvvədə olan 10 və 11-ci abzaslarına əsasən müharibə veteranı sayılır. Lakin o, faktiki olaraq müharibə veteranı sayılsa da rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də o, qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, AR MN-nə etdiyi son müraciətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının katibi polkovnik-leytenant Elburus Mehdixanovun imzası ilə ona göndərilmiş xx.xx.2023-cü il tarixli 2/2-12447 №-li məktubla (bu məktub ona xx.xx.2023-cü ildə çatdırılmışdır) imtina cavabı verilmiş və imtina məktubunda onun barəsində təqdim olunmuş sənədlərdə 27.09- xx.xx.2022-ci il tarixlərdə (?) işlədiyi ərazidə döyüş əməliyyatları aparılmadıgına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuygun hesab edilməmişdir ki, o da bu səbəbdən cavabdehin həmin imtina məktubunu onun qanunsuz və əsassız hərəkətləri hesab edir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
12. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə ünvanladığı yazılı etirazda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
21. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasından görünür ki, o, 13 mart 2016-cı ildən 17 mart 2021-ci ilədək N nömrəli hərbi hissənin tərkibində əsgər yeməkxanasında yeməkxana xidmətçisi vəzifəsində işləmişdir. Qanunun tələblərinə əsasən hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən müvafiq adı verilir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı mülki şəxs kimi N nömrəli hərbi hissəyə ezam olunmamış o, həmin hərbi hissənin tərkibində daimi işçi kimi işləmişdir. Təqdim edilmiş sənədlərdə iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissələrə (bölmələrinə) və orqanlarına ezam olunması müəyyən edilmir. İddiaçı N nömrəli hərbi hissənin tərkibində əsgər yeməkxanasında xidmətçi kimi işləyərkən gündəlik əmək funksiyasını icra etmişdir. 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2022-ci il tarixlərdə işlədiyi ərazidə döyüş əməliyyatları aparılmamışdır və bu əsaslarla da komissiyanın 23 dekabr 2022-ci il tarixli iclasında iddiaçının ərizəsinə baxılmış və müsbət qərar qəbul edilməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarına uyğun olmadığından ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlmək olar ki, iddiaçının iddia tələbi təmin edilməməlidir.
23. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edəərk, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasıbnı xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.2015-ci il tarixli ******* nömrəli əmək kitabçası; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 2/2-/2447 nömrəli imtina məktubu; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü üil tarixli 167 nömrəli arayışı; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmiş mülki şəxs barəsində arayış-məlumat; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 2448 nömrəli və xx.xx.2024-cü il tarixli 2877 nömrəli məktubları; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 169 nömrəli və xx.xx.2024-cü il tarixli 186 nömrəli arayışları; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 181 nömrəli cavab məktubu; Məhkəmənin sorğusuna N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 3- 25-140/2-1077/2025 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
26. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin yeməkxanasında qabyuyan (mülki qulluqçu) kimi döyüş əməliyyatlarında maddi-texniki təminatında iştirak etdiyini əsas gətirməklə müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli 2/2-/2447 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş sənədlərdə 27.09-xx.xx.2022-ci il tarixlərdə işlədiyi ərazidə döyüş əməliyyatları aparılmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.
27. Lakin məhkəmə aşağıdakılara görə iddia tələbini əsassız sayır, cavabdehin imtinasını isə əsaslı hesab edir.
28. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd). Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda qeyd edilən 1-ci bəndinin 10-cu abzasının təhlilindən müəyyən edilir ki, 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş aşağıdakı şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: - Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: 1) Hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara; 2) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara; 3) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə və ya orqanların mülki işçilərinə; 4) Döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.
31. Qeyd olunan şəxslər dairəsini bir qədər də konkretləşdirərək məhkəmə qeyd edir ki, həmin siyahıya 3 kateqoriyadan olan şəxslər – 1) hərbi qulluqçular, 2) hərbi hissə və ya orqanların mülki işçiləri, 3) həmin ərazilərə ezam olunmuş şəxslər aiddir. Hansı ki, həmin şəxslərin də döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlər - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.
32. Hazırki işdə isə iddiaçının N saylı hərbi hissənin mülki işçisi kimi Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının maddi-texniki təminat növü üzrə tapşırıqları yerinə yetirməsi olunması müəyyən edilmir.
33. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçı N saylı hərbi hissənin mülki işçisi – qabyuyan olmaqla, hərbi hissənin daimi dislokasiya yeri olan Tərtər rayonu Səhlabad kəndində (yəni, işğaldan azad edilmiş olmayan ərazidə) N nömrəli hərbi hissədə əsgər yeməkxansasında qabların yuyulması üzrə fəaliyyət göstərmiş, yəni Vətən Müharibəsi zamanı həmin hərbi hissədə öz vəzifələrini icra etmişdir. Yəni, əsgər yeməkxansasında qabların yuyulması iddiaçının əmək funksiyası (vəzifəsi) olmuş və bunu Tərtər rayonu Səhlabad kəndində icra etmişdir.
34. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva