Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4150/2023 25.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı nikah haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı nikah haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı ilə mərhum X3 xx.xx.1981-ci il tarixdə Qərbi Azərbaycanın Amasiya rayonu Yeni Yol kənd sovetliyində nikahlarını rəsmiləşdirmişlər və bu barədə onlara İ-СЛ 453726 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir.
2. İddiaçı nikah haqqında şəhadətnamədə düzəliş edilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, kifayət qədər əsaslar olmadığına görə onun müraciəti təmin edilə bilməz. Bununla bağlı hüquqi yardım təklif edilərək müvafiq düzəlişlər aparılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
3. Məhkəmənin sorğusuna X1 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Ermənistan Respublikasında tərtib olunmuş akt qeydlərinin surəti Xidmətin və qeydiyyat şöbələrinin arxivində saxlanılmır. Bu səbəbdən İddiaçı ilə Cavad Əliyevin nikahı haqqında akt qeydinin surətinin verilməsi mümkün deyildir. II. Məhkəmədə icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X3 ilə aralarında 08 yanvar 1981-ci il tarixdə Qərbi Azərbaycanın (indiki Ermənistan) Amasiya rayonu Yeniyol kənd sovetliyində 01 nömrə ilə qeydə alınmış nikah akt qeydinə düzəliş edilərək, “X4”nun X2 yazılmaqla yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mərhum X3 ilə ailə həyatı qurmuş və 08 yanvar 1981-ci il tarixdə Qərbi Azərbaycanın (indiki Ermənistan) Amasiya rayonu, Yeniyol kənd sovetliyində nikahlarını rəsmiləşdirmişlər və onlara İ-CJ1 453726 nömrəli nikah şəhadətnaməsi verilib. Qeyd olunan şəhadətnamədə mərhum həyat yoldaşı Cavadın soyadı "Alıyev" kimi qeyd olunub. Mərhum həyat yoldaşı Cavad Əliyevlə birgə nikahlarından xx.xx.1981-ci il tarixdə X7, xx.xx.1982-ci il tarixdə X5 və xx.xx.1985-ci il tarixdə X6 adlı uşaqları doğulub. Ailələri məlum hadisələrdən sonra, yəni azərbaycanlılar Qərbi Azərbaycandan qovulandan sonra Xanlar (indiki Göygöl) rayonuna gələrək orada məskunlaşmışlar və yaşadıqları rayonda daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Mərhum həyat yoldaşı Cavad Əliyev xx.xx.2022-ci il tarixdə vəfat edib və onun vəfatından sonra ondan miras əmlak olaraq torpaq sahəsi və yaşayış evi qalıb. Eyni zamanda da həmin miras əmlaklar da birgə nikah dövründə əldə olunmuş əmlak kimi onun ½ hissədə payları var. Hazırda o, həyat yoldaşından qalan mirası qəbul etməlidir, eyni zamanda da birgə nikahda əldə etdiyi payını almalıdır. Onlara məxsus İ-CJİ 453726 nömrəli nikah şəhadətnaməsində mərhum həyat yoldaşının soyadı səhvən "Alıyev” göstərildiyi üçün o, hüquqlarını həyata keçirə bilmir. Yuxarıda qeyd etdiyi kimi mərhum həyat yoldaşının ad, soyad və ata adı X3 olub və bütün sənədlərdə də belə yazılıb, ancaq nikah şəhadətnaməsində səhvən "Alıyev” kimi qeyd olunub. Bu barədə qeydiyyat orqanına müraciət etmiş, cavabdeh orqan yanlışlığın düzəldilməsindən imtina etmişdir. Hazırda o, qeyd olunan yanlışlığa görə mülkiyyət və vərəsəlik hüququnu həyata keçirə bilmir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək məhkəmə hazırlıq iclasına gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
8. İddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmiş, Elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçıya göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.
9. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
10. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə hazırlıq iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
11. İddiaçı məhkəmə hazırlıq iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
13. Etiraz onunla əsaslandırılmışdır ki, nikah haqqında şəhadətnamədə nikah bağlanmazdan əvvəl kişinin soyadı “Alıyev”, qadının soyadı “Əliyeva” qeyd edilmişdir. Nikah bağlandıqdan sonra müvafiq olaraq kişiyə “Alıyev”, qadına “Alıyeva” soyadı verilmişdir. Burdan belə nəticəyə gəlməyə əsas verir ki, soyadlar səhvən “Alıyev” kimi qeyd edilməmişdir. Kişinin nikahdan əvvəlki soyadı “Alıyev” olmuşdur və qadın da nikahdan sonra həmin soyadı qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabietinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a uyğun olaraq X1 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Həmçinin, həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
Əsaslandırma hissəsi:
14. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
16. İş materialları ilə, o cümlədən iddiaçının izahatı ilə müəyyən olunur ki, iddiaçı nikah haqqında akt qeydində ərinin soyadına düzəliş edilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.
17. Məhkəmə tərəfindən iddiaçının nikah haqqında akt qeydinin istənilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 Reyestri Xidmətinə sorğu verilmiş və Xidmətin xx.xx.2023-cü il tarixli cavab məktubunda Ermənistan Respublikasının X1 qeydiyyatına dair sənədlərin Xidmətin arxivində saxlanılmadığı, bu səbəbdən İddiaçı ilə Cavad Əliyevin nikahı haqqında akt qeydinin surətinin verilməsinin mümkün olmadığı bildirilmişdir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bənd 14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bənd 16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bənd 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.
20. Göründüyü kimi, vətəndaşlıq vəziyyəti akt qeydlərinə düzəliş edilməsi üçün həmin akt qeydi mövcud olmalı və akt qeydində dəyişiklik edilməsi üçün əsaslar olmalıdır.
21. Lakin hazırkı halda iddiaçı ilə mərhum əri arasında nikah xx.xx.1981-ci il tarixdə Qərbi Azərbaycanın Amasiya rayonu Yeni Yol kənd sovetliyində (hazırkı Ermənistan Respublikası) bağlandığından nikah akt qeydi mövcud deyildir.
22. Bu halda İddiaçı əvvəlcə cavabdeh orqana itmiş akt qeydinin bərpasına dair tələblə müraciət etməli, bundan imtina ediləcəyi halda müvafiq tələblə məhkəməyə müraciət etməlidir.
23. İddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmənin yardım etmə vəzifəsi ilə bağlı qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 48-ci maddəsi məhkəmə icraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin “məhkəmədə işin hallarının araşdırılması” prinsipinə riayət olunmasını tələb edir. Belə ki, həmin Məcəllənin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
24. Yəni, iddia tələbi nikah akt qeydinin bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdiriləcəyi halda belə, iddiaçının həmin məzmunda cavabdeh orqana müraciəti olmadığından yenə də iddia mümkün sayılacaqdı.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
26. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
Nəticəvi hissə:
27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva