Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4152/2024 25.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müddətsiz İİİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, ona xəstəliyi ilə bağlı İİİ qrup əlillik dərəcəsinin yenidən ömürlük təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1992-ci ildə Daşkəsən rayon hərbi komissarlığından hərbi xidmətə çağırılaraq Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qızğın döyüşlərin birində xx.xx.1994-ci il tarixdə düşmən gülləsindən ağır yaralanmışdır. Həmin vaxtı Sabirabad rayon mərkəzi xəsatəxanasında iddiaçının sol ayağının aşıq daban oynağından güllə cərrahiyyə yolu ilə çıxarılmış, o, bundan sonra N saylı Hərbi Hospitalda stasionar müalicə olunmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi qərarda iddiaçıya “Sol baldırın aşağı 1/3-nin kor güllə yaralanmasından sonra yerişin trofik pozğunluğu, sol bayır topuğun odlu silahdan düzgün bitişmiş sınığı nəticəsində sol aşıq oynağının postravmatik deformasiyaedici osteoartrozu və artrogen kontrakturası, sol aşağı ətraf funksiyasının pozulması” diaqnozu qoyulmuş, o, xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi N saylı hərbi hissədə stasionar müayinə və müalicə olunmuşdur. Tibbi sənəddə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilir. İddiaçı həmçinin əlavə edir ki, iddia ərizəsinə əlavə etdiyi X6 Mərkəzinin xx.xx.2021-ci il tarixli “qamış açıq oynağının R-müayinəsi”, “döş qəfəsinin R-müayinəsi”, rentgen müayinəsi və “onurğa sütununun R-müayinəsi”, Gəncə 2 saylı Birləşmiş xəstəxanasının xx.xx.2021-ci il tarixli ambulator xəstənin tibb kartası, Mingəçevir şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli “sol topuq nahiyyəsinin KT”, həmin xəstəxananın xx.xx.2021-ci il tarixli “ayaq pəncəsinin MRT” müayinəsi, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institunun xx.xx.2022-ci il tarixli, ********** saylı arayışı, 04.08.22-ci il tarixli rentgen müayinəsi, Cərrahiyyə Mərkəzinin (xx.xx.2022-ci il tarixli protokolu, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışdan, xx.xx.2022-ci il tarixli boyun MRT-si, xx.xx.2022-ci il tarixli stasionar xəstənin tibbi kartası, xx.xx.2022-ci il tarixli Forma AZS-088, xx.xx.2023-cü il tarixli ambulator xəstənin tibb vərəqi ilə qeyd ounan xəstəlikləri, travmaları, həmin xəsarətləri döyüşlər zamanı aldığı tam təsdiq olunur. xx.xx.2010-cu il tarixdən iddiaçıya ümumi xəstəliklə bağlı İİİ qrup əlillik dərəcəsi verilmiş, axırıncı dəfə xx.xx.2016-cı il tarixdə ona 5 il müddətinə üçüncü qrup əlillik dərəcəsi verilmişdir. Həmin beş il müddətində o, dəfələrlə həkim müayinəsindən keçməklə, stasionar müalicə almış, bundan başqa xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə kimi Gəncə şəhər 2 saylı birləşmiş xəstəxanada və digər tibb müəssisələrində müalicə olunmuşdur. Hazırda da iddiaçı qeyd olunan xəstəliklərdən əziyyət çəkir və hazırda da müalicə olunur. Cavabdeh orqan Azərbaycan Respublikası ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyasında axırıncı dəfə o, 2022-ci ilin okyabr ayında əyani müayinədə olunmuş və poliklinikadan Forma 88-i təkrar TSEK-ə göndərsələr də, xx.xx.2022-ci il tarixdə ona yenidən imtina cavabı verilmişdir. İmtinada ona “İçəri (medial) topuğun sınığı, odlu silah yaralanmasından sonra, hər iki topuğun bitişmiş sınığı, sol açıq-baldır oynağının ön tış səthində kobud dartıcı çağıq toxuması” diaqnozu qoyulmuş və qeyd edilmişdir ki, bu diaqnoza görə əlillik təyin olunmur. İddiaçı cavabdeh orqanın imtinasının qanunsuz və əsassız hesab edir. Ona görə ki, imtina cavabı ilə iddiaçının Konstitusiyada nəzərdə tutulmuş pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. İddiaçı bildirir ki, axırıncı dəfə iddiaçının xəstəliyi ilə bağlı “sol aşıq daban oynağının 1/3 hissəsinin kor güllə yaralanmasından sonra yerişin trofiq pozğunluğu” xəstəliyi bilərəkdən qəsdən qeyd olunmamış, ona görə də ona əsassız imtina verilmişdir. İddiaçı cavabdehin onun xəstəliyi ilə bağlı İİİ qrup əlilliyinin ləğv edilərək pensiyasının dayandırılmasını əsassız və qanunsuz hesab edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-280/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-513/2024 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-280/2024 nömrəli qərarı ləğv edilərək iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4152/2024 nömrəli qərardadı ilə iddia tələbi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və ona müddətsiz İİİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2022ci il tarixində əyani müayinədə olmuş, vəlçəri [medial] topuğun sınığı, odlu silah yaralanmasından sonra, hər iki topuğun bitişmiş sınığı, sol aşıq-baldır oynağının ön tış səthində kobud dartıcı çapıq toxuması ilə qeyd olunsa da, klinik olaraq (qıcolma, davranış pozuntuları, koqnitiv dəyişikliklər, hərək pozuntular və s.) öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. “Diaqnozun mətni: İçəri [medial] topuğun sınığı. Odlu silah yaralanmasından sonra, hər iki topuğun bitişmiş sınığı, sol aşıq-baldır oynağının ön tış səthində kobud dartıcı çapıq toxuması. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, göstərdi ki, o, cavabdeh orqanın imtinasından məlumatı olmamış, bu səbəbdən iddia müddətini ötürmüşdür. Ona görə də iddia müddətinin bərpa edilməsini xahiş edir. İşin halları İddiaçı xx.xx.2010-cu il tarixdən “Sol aşıq-daban oynağının odlu silah yaralanmasından sonra əmələ gələn deformasiyaedici artrozo-artriti. Sol incik sinirinin zədə nevriti, trofiki pozğunluq ilə. Yerişin ciddi pozulması” diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2011-ci il tarixdən 1 il müddətinə İİİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2012-ci il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2013-cü il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdən eyni diaqnoz ilə 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdən eyni diaqnoz ilə 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdən eyni diaqnoz ilə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “Sol baldırın aşağı 1/3-nin kor güllə yaralanması. Sol bayır topuğun odlu silahdan düzgün bitişmiş sınığı nəticəsində sol aşıq oynağının postravmatik deformasiya edici osteoartrozu. Artrogen kontraktura. Sol aşağı ətraf funksiyasının nəzərə çarpan pozulması” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “Bədənin dəqiqləşdirilmiş nahiyəsinin açıq yarası. Sol baldırın 1/3-nin kor güllı yaralanması. Sol bayır topuğun odlu silahdan düzgün bitişmiş sınığı nəticəsində sol aşıq oynağının postravmatik deformasiya edici asteoartrozu” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının iyun 2022-ci il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə qərardan verilmiş şikayətə əsasən əyani müayinə keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “İçəri [medial] topuğun sınığı, odlu silah yaralanmasından sonra, hər iki topuğun bitişmiş sınığı, sol aşıq-baldır oynağının ön tış səthində kobud dartıcı çapıq toxuması” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmi barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi qeyd olunmuşdur. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2022ci il tarixdə “İddiaçı üçün verilmiş 10.10.22-ci il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir” məzmununda SMS göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə qərardan verilmiş şikayətə əsasən əyani müayinə keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarı Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdeh inzibati orqanın üzərinə ona əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Qeyd olunan iddia tələbi məcburetmə haqqında iddia olmaqla iddia müddətinə bağlıdır. Belə ki, İPM-nin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2010, xx.xx.2011, xx.xx.2012, xx.xx.2013, xx.xx.2014 və xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİİ dərəcəli əlillik təyin edilmişdir. Yenidən qiymətləndirmə zamanı xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas verməməsi, son olaraq xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik verilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə SMS vasitəsilə əlillik təyinatından imtina edilməsi barədə məlumat verilmiş, lakin iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin bərpa edilməsini xahiş etmiş, müddəti ötürməsini onunla əsaslandırmışdır ki, onun cavabdeh orqanın imtinasından məlumatı olmamışdır. Məhkəmə qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Qeyd olunan normanın mənasına görə, buraxılmış prosessual müddət üzrlü səbəblərdən ötürüldükdə bərpa edilməlidir. Lakin hazırkı iş üzrə iddiaçının qeyd etdiyi iddia müddətini ötürməsinin səbəbi məhkəmə tərəfindən üzrlü hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müddətsiz İİİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müddətsiz İİİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva