Məhkəmə qərarları › İş №2-1(114)-4152/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4152/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4152/2025 01.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X7, X9 və X4 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsi və X7, X9 və X4 onun mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 2, mənzil 45 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmaqla verilmiş Seriya RX ******* nömrəli çıxarış əsasında onun xüsusi mülkiyyətindədir. 3-cü şəxslər onun oğlu X1 arvadı və uşaqlarıdır. Oğlu evləndikdən sonra, iddiaçı keçmiş gəlininin onun mülkiyyətində olan mənzilə qeydiyyata alınmasına razılıq vermişdir. Oğlunun arvadı, uşaqları onun mülkiyyətində olan mənzilə qeydiyyata düşdükdən bir neçə il sonra arvadı nikahlarının pozulması üçün məhkəməyə müraciət etmiş və məhkəmə qaydasında nikahları pozulmuşdur. Onların nikahları 2023-cü ildən pozulmasına baxmayaraq, keçmiş gəlini və uşaqları hələ də onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmışlar. Onlar özləri könüllü olaraq iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmırlar. Üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını pozur. Ona görə də, iddiaçı mülkiyyətində olan mənzildən üçüncü şəxsləri qeydiyyatdan çıxarmaq məqsədi ilə cavabdeh Gəncə şəhəri Baş Polis İdarəsinə müraciət etmiş, lakin xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən (üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmış qətnaməsi əsasında çıxarıla bilər) məhkəməyə müraciət edilməsi bildirilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı hesab edir ki, üçüncü şəxslərin ona məxsus olan mənzildə qeydiyyatda olmaları onun qanunla qorunan mülkiyyət hüququnu pozur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-4152/2025 nömrəli qərardadı ilə X7, X9 və X8 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmiş, məhdud fəaliyyət qabiliyyətli X9 və X4 valideynləri - anaları X7 ilə təmsil olunmaları qərara alınmışdır. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və üçüncü şəxs X7 məhkəmə iclasında iştirak etmiş, digər üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ərizə göndərilmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs İddiaçı (həmçinin, üçüncü şəxs X4 qanuni nümayəndəsi) məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları xx.xx.2014-cü il tarixli, 11214 inventar nömrəli, **********18-05101-093054 reyestr nömrəli texniki pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin hüquq sahibi İddiaçıdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********18-05101-093054 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1306/2023 nömrəli qətnaməsinə əsasən, iddia təmin olunmuş, iddiaçı X5 ilə cavabdeh X6 arasında xx.xx.2007-ci ildə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat (VVADQ) şöbəsində 504 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışına və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlara əsasən, xx.xx.1986-cı il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X2 şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, ev 2, mənzil 45 ünvanında qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslər xx.xx.1986-cı il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X4 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin idarənin xx.xx.2025-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı - Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfləri dinləyərək, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı onun keçmiş gəlini X7 və nəvələri X9 və X4 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında və digər hallarda çıxarılır. Qeyd olunan normanın mənasına görə, yaşayış sahəsindən istifadə hüququ olan şəxslərin həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması istisna olunur. İş materialları ilə müəyyən olunur ki, iddiaçının oğlu X10 ilə üçüncü şəxs X7 xx.xx.2007-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Həmin vaxtdan aralarındakı ailə münasibətləri pozulanadək onlar ünvan 1 ünvanında yaşamışlar. Həmin nikahdan xx.xx.2007-ci tarixdə X9, xx.xx.2008-ci il tarixdə X8 doğulmuş və valideynləri ilə birlikdə qeyd olunan ünvanda yaşamışlar. Hal-hazırda üçüncü şəxslər iddiaçıya məxsus olan mənzildə yaşamırlar. Məhkəmə hesab edir ki, iddia tələbi üçüncü şəxs X3 iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçının oğlu X10 ilə üçüncü şəxs X7 arasında nikah münasibətləri 2007ci ildə yaransa da, ünvan 2 isə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Ona görə də üçüncü şəxs X3 həmin mənzildən istifadə hüququnun olub-olmaması ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsi tətbiq edilməlidir. Həmin Məcəllənin tələbinə uyğun olaraq, üçüncü şəxs Lamiyə Hüseynova iddiaçının ailə üzvü və digər qohumu hesab edilmir. Ona görə də onun iddiaçıya məxsus olan mənzildən istifadə hüququ yaranmamışdır. İddia tələbinin üçüncü şəxslər X9 və X4 iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Üçüncü şəxslər X9 2007-ci, X8 2008-ci il tarixlərdə doğulmuşdur. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının nəvələri olan üçüncü şəxslər X9 və X4 Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, ünvan 1 ünvanından istifadə hüququ yaranmışdır. Məhkəmənin qənaətinə görə, üçüncü şəxslər X9 və X4 iddiaçıya məxsus olan ünvan 1 ünvanından istifadə hüquqlarının olduğu halda həmin üçüncü şəxslərin iddiaçıya məxsus olan ünvandan qeydiyyatdan çıxarılmaları qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X3 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia qismən təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar