Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-416/2024 13.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı yaşa görə əmək pensiyanın bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, əmək pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.1986-cı il təvəllüdlü qızı X6 anadangəlmə ikitərəfli beyin iflici xəstəliyi ilə doğulmuş, bütün ömrünü onun xəstə həyatına həsr etmişdir. Xəstə övladı ilə birlikdə onun iki oğlu xx.xx.1989-cu il təvəllüdlü X10 və xx.xx.1993-cü il təvəllüdlü X7 övladları var. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddiaçının müəyinə aktında qəyyum kimi atası Tağıyev Suliddin göstərilmişdir. Buna baxmayaraq uşağa qulluq dövrü qanunsuz olaraq iddiaçıya sosial sığorta stajı kimi hesablanmış və artıq pensiya hesablanmışdır. Həmin dövrü məhkəmə sosial sığorta stajı kimi nəzərə alsa məsələyə yenidən baxıla bilər. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya 2019-cu ildə təyin edilmiş pensiya hər hansı qərar qəbul edilmədən etibarsız hesab edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Rayon (şəhər) XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 375-q nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək böyük inspektor vəzifəsində işləmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ 384112 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1986-cı il tarixdə anadan olmuş, ata qrafasında “X9, ana qrafasında “X11” qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin nümayəndəsinin və digər şəxslərin (qonşuların) iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, uşaqlıqdan əlil olan X3 doğulduğu xx.xx.1989-cu il tarixdən vəfat etdiyi xx.xx.2015-ci il tarixədək anası İddiaçı qulluq etmişdir. -surəti işə əlavə edilmiş ƏƏSMN-in 546757 nömrəli arayışından görünür ki, X6 uşaqlıqdan əlil olmaqla ona 1-ci qrup müddətsiz əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, X3 xx.xx.2002-ci il tarixdən müddətsiz əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ 732641 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş DSMF-nin Gəncə şəhər Nizani RİHB-nin 1 nömrəli SİƏD üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 664 nömrəli arayışında bildirilir ki, İddiaçı övladları - X6, X10 və X4 8 yaşınadək tərbiyə etmişdir. -surəti işə əlavə edilmiş DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2019cu il tarixli, 84/83 nömrəli arayışından görünür ki, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsindən İddiaçı xx.xx.1986-cı il təvəllüdlü övladı X3 xx.xx.1989-cü il tarixdən xx.xx.2002-ci il tarixədək 16 yaşadək sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı sosial müavinət təyin olunaraq qanunamüvafiq ödəniş aparılmış, R.Tağıyevaya xx.xx.2002-ci il tarixdən xx.xx.2015-ci il vəfat etdiyi tarixədək 1-ci qrup ümumi xəstəlik səbəbindən əlilliyə görə sosial müavinət təyin olunmuş və qanunamüvafiq ödəniş aparılmışdır. -surəti işə əlavə edilmiş DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı əmək pensiyasının daxili nəzərət nəticəsində yenidən hesablanması nəticəsində müəyyən edilmişdir ki, uşaqlıqdan əlil övladı X1 TSEK sənədləri olmadığından vətəndaşın pensiya hüququ xx.xx.2019-cu il tarixindən yaranmamışdır, lakin vətəndaşın pensiya sığorta kapitalı olduğu üçün yaşa görə pensiya hüququ xx.xx.2022-ci il tarixindən yaranmış və səhv təyinat aparıldığından xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 6943.96 manat artıq vermə yaranmışdır. -surəti işə əlavə edilmiş X5 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, mərhum qızı X3 xx.xx.1989-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və daha sonra İ qrup əlil olduğu vaxtdan vəfat etdiyi tarixədək həmin dövrdə arvadı İddiaçı qulluq etmiş və böyütmüş, özü isə həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-ci il tarixli 3-17-1/2-İ-141744/2023 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının bərpa edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçının mərhum övladı xx.xx.1986-cı il təvəllüdlü X3 qoyulmuş diaqnoz anadangəlmə beyin ifllici xəstəliyi olmuş, xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək 16 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı, xx.xx.2002-ci il tarixindən xx.xx.2015-ci il tarixədək isə dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. İddiaçıya isə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra, cavabdeh orqan xidməti araşdırma zamanı təqdim edilmiş TSE-0 ser. AR N 546757 saylı tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışa əsasən mərhum X1 ilkin əlilliyinin xx.xx.2002-ci il tarixindən müəyyən edildiyi halda iddiaçının övladına qulluq etdiyi müddətin xx.xx.1989-cu il tarixindən sığorta stajına daxil edildiyini müəyyən etmiş və bu səbəbdən də iddiaçıya xx.xx.2019-cu il tarixində təyin edilmiş yaşa görə əmək pensiyası etibarsız hesab edilmiş və xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək pensiyası üzrə ödənilmiş məbləği əsassız ödənilmiş vəsait hesab etmişdir. İddiaçı əmək pensiyasının bərpa edilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -8.2-ci maddəsinə əsasən, əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.4-cü maddəsinə görə, sığortaolunanın (qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarını ödəyən şəxslər) sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh orqan iddiaçıya təyin olunmuş pensiyanın etibarsız sayılmasını iddiaçının əlil övladına 1991-ci ildən sonra özünün deyil, Suliddin Tağıyevin qulluq etməsi ilə əsaslandırılmış, lakin bunu təsdiq edən sübut təqdim etməmişdir. Bunun əksinə olaraq, pensiya işində olan DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş aktda iddiaçının əlil övladına 1989-cu ildən öldüyü tarixədək (2015) anasının, yəni iddiaçının qulluq etdiyi qeyd edilmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının mərhum övladının atası X5 müvafiq ərizəsi ilə təsdiq olunur ki, mərhum qızı X3 xx.xx.1989-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və daha sonra İ qrup əlil olduğu vaxtdan vəfat etdiyi tarixədək həmin dövrdə arvadı İddiaçı qulluq etmiş və böyütmüş, özü isə həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunanlar isə cavabdehin arqumentlərinin əsassız olduğunu deməyə əsas verir. Bundan əlavə, təyin edilmiş pensiyanın hər hansı əsaslandırılmış qərar qəbul edilmədən etibarsız sayılması “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olmuşdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2019-cu il tarixindən təyin edilmiş yaşa görə əmək pensiyasının etibarsız sayıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixindən təyin edilmiş yaşa görə əmək pensiyasının etibarsız sayıldığı vaxtdan bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-416/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-416/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver