Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4164/2025 02.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi olan vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakı iə, İddiaçı Cavabdehnə qarşı “soyadının “ Məmmədov” kimi qeyd edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: xx.xx.1984-ci il tarixli 723 nömrə ilə akt qeydinə əsasən X9 xx.xx.1984-ci ildə doğulmuşdur, ata qrafasında X7, ana qrafasında X5 qeyd edilmişdir. AZ-T№ 290575 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur, ata qrafasında X7, ana qrafasında X5 qeyd edilmişdir. İİİ-ИК 717310 nikahın bağlanması haqqında şəhadətnaməyə əasən X9 ilə X6 xx.xx.2014-cü ildə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında 2014-cü ilin fevral ayının 07-ci günündə 93 nömrə ilə qeyd edilmişdir. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə(bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2025-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.1984-cü il tarixli doğum haqqında akt qeydində Milli Məclisin xx.xx.1993-cü il tarixli 495 saylı qərarı əsasında soyadı “Məmmədov”dan “Məmmədli” yə düzəliş edilmişdir. Yenidən əvvəlki soyadına qayıtması üçün qanunvericiliklə müəyyən olunmuş əsasların olmaması səbəbindən Cavabdeh tərəfindən xahişinizin təmin edilməsi icrası imkan xaricindədir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun adını və soyadını dəyişməkdən imtina etməsini hüquq və azadlığını məhdudlaşdıran hərəkət hesab edib, soyadının “ Məmmədov” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, atası X7, anası X5 olmuşdur. 2017-ci ildə daha müasir olması üçün Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində yalnız soyadının şəkilçisi “ov” şəkilçisindən “li” şəkilçisinə dəyişdirilərək Məmmədovdan Məmmədliyə düzəliş edilmişdir. O, Rusiya Federasiyasının vətəndaşı X6 ilə xx.xx.2014-cü il tarixdə rəsmi olaraq ailə qurmuş, nikah bağlanan zaman Tatyana Vladimirovna onun soyadını götürmüşdür. Birgə nikahdan bir nəfər uşaqları dünyaya gəlmişdir və onun da soyadı Məmmədovadır. Ailədə tək onun soyadı Məmmədlidir. O, əvvəlki soyadına dəyişdirmək üçün cavabdeh orqan müraciət etsə də, imtina cavabı verilmişdir.Belə ki, o, hazırda, əvvəlki soyadına qayıtmaq istəyir, soyadı ailə üzvlərim ilə eyni olsun. İddiaçı, nümayəndəsi olan vəkili X3, cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi olan vəkili X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi doğum haqqında akt qeydində düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın xx.xx.2011-ci il tarixədək qüvvədə olan redaksiyasına görə: Bənd 1.16. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikasının vətəndaşları soyadlarını dövlət dilinə uyğunlaşdırmaq məqsədilə, soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və şəhadətnamələrdə soyadlarını müəyyən olunmuş yeni ifadə formalarında qeyd etdirə bilərlər.
2. Lakin 5 iyul 2011-ci il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 737) ilə 1.16-cı bənd çıxarılmışdır. Məhkəmə qeyd edir ki, xx.xx.1984-ci il tarixli 723 nömrə ilə akt qeydindən görünür ki, iddiaçının ilkin soyadı “Məmmədov” olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə iddiaçıının soyadının “ Məmmədov” kimi qeyd edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı soyadının “ Məmmədov” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva