Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4166/2024 18.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Quliyev Zəfər Arif oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinə qarşı “alacaqları həyətyanı torpaq sahələrinin təyin edilmiş yerlərinin dəyişdirilmədən bələdiyyə qərarının verilməsi” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq müəyyən etdim: İddiaçılar İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynənək- Qarapapaq bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin təyinatının dəyişdirilmədən qərarın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2042/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynənək-Qarapapaq bələdiyyəsinə qarşı torpaq sahəsinin təyinatının dəyişdirilmədən qərarın verilməsi barədə iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-790/2023 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2042/2023 nömrəli qərarı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İş 2-1(114)-1542/2024 nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydə alınmış, hakim Leyla Əliyevanın icraatına verilmişdir. Gəncə İnzibati Məhkəməsinin (hakim Leyla Əliyeva) xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1542/2024 nömrəli qərardadı ilə iddia tələbləri üzrə icraat ayrı-ayrı müstəqil işlər üzrə icraata ayrılmışdır. İddiaçı4 iddiası xx.xx.2024-cü il tarixli, 2-1(114)-1542/2024 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. İddiaçı1 iddiası xx.xx.2024-cü il tarixli, 2-1(114)-3369/2024 nömrəli qərardadı (hakim Leyla Əliyeva) ilə mümkün sayılmamışdır. İddiaçı X1 qeyd olunan tələbinə dair 2-1(114)-3367/2024 nömrəli iş hazırda hakim Ruhiyyə Tağıyevanın icraatında olmaqla hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçı3 iddiası xx.xx.2024-cü il tarixli, 2-1(114)-3368/2024 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Göründüyü kimi, hazırda iddiaçılar eyni əsaslarla və eyni iddia tələbi ilə məhkəməyə yenidən müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Məhkəmə qeyd etmək istəyir ki, tərəflər arasında yaranmış inzibati hüquq mübahisələri ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdə, iddiaçının həmin iddiası dərhal icraata götürülür. Lakin nəzərə almaq lazımdır ki, qüvvədə olan qanunvericilik, inzibati hüquq münasibətindən irəli gələn mübahisə nəticəsində verilən iddia məhkəmə icraatında olduğu zaman, iddiaçı həmin tələb ilə bağlı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququna malik deyildir. İddiaçılardan X1 hazırkı tələbinə başqa hakimin (R.Tağıyevanın) icraatında olmaqla baxıldığı halda, digər iddiaçılara münasibətdə isə, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə aktı mövcud olduğundan və onların həmin aktdan şikayət vermək hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, eyni tərəflər arasında eyni tələb üzrə mübahisənin mövcudluğu ikinci dəfə iddiaçının eyni tərəfə qarşı eyni tələblə müraciət etməsini istisna edir. Belə olan halda, iddiaçıların eyni tələblə yenidən iddia qaldırması anlaşılan və məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir (8.1-ci bənd); Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (8.2-ci bənd); Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3-cü bənd); Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir (8.4-cü bənd); İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd); Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Qazax rayon Ağköynək- Qarapapaq bələdiyyəsinə qarşı “alacaqları həyətyanı torpaq sahələrinin təyin edilmiş yerlərinin dəyişdirilmədən bələdiyyə qərarının verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-4166/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4166/2024
18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver