Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-417/2025 25.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Goranboy rayonu, Zaur İsmayılov küçəsində yol infrastrukturunun düzəldilərək küçənin betonla asfaltlanması, həmin küçənin işıqlandırılması sisteminin təşkil edilməsi və küçəyə zibil qablarının yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Məhkəmənin sorğusuna Gəncə Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli 3-16-23/2-02/272/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı müraciətində Goranboy bələdiyyəsinin vəzifəli şəxsi tərəfindən küçəyə torpaq töküldüyünü bildirmişdir. Goranboy bələdiyyəsinin idarəyə təqdim etdiyi məlumatda bildirilir ki, müraciətdə qeyd olunan küçəyə torpaq tökülməsi barədə bələdiyyə iclasında qərar qəbul edilməmiş və bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bu barədə göstəriş verilməmişdir.
2. Cavabdeh başçısının Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-45-1/2-138/24 nömrəli məktubunda bildirilmişdir ki, şəhərin Z.İsmayılov küçəsində abadlıq-quruculuq işləri olmayıb küçəyə asfalt-beton üzlüyü qoyulmayıb, küçənin işıqlandırılması üçün işıqlanma dayaqları quraşdırılmayıb, küçəyə mənzil kommunal sahəsi xidmət edir. Gələcəkdə Goranboy şəhəri Z.İsmayılov küçəsində abadlıq-quruculuq işlərinin aparılması nəzərdə tutulmuşdur.
3. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 5-45/2-955/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təqdim etdiyi 19 sentyabr 2024-cü il tarixli 5-45-1/2-138/24 nömrəli arayışda Z.İsmayılov küçəsində abadlıq-quruculuq işlərinin aparılmadığı, küçəyə asfaltbeton örtüyünün salınmadığı, işıqlandırma sisteminin olmadığı və həmin küçəyə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xidmət etmədiyi bildirilmişdir.
4. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 5-45/2-1208/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Goranboy şəhəri, Zaur İsmayılov küçəsində işıqlandırılma sisteminin, zibil qablarının quraşdırılması və küçədə asfalt-beton örtüyünün salınması işlərinin 2026-cı ilin abadlaşdırma planına daxil edildiyi müəyyənləşdirilmişdir. Həmin məktuba əlavə edilmiş Cavabdeh başçısının Goranboy şəhər İnzibabti Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-45-1/2-251/2025 nömrəli məktubunda bildirilmişdir ki, Goranboy şəhərində Zaur İsmayılov adına küçə yoxdur, şəhid Zakir İsmayılov adınadır. Goranboy şəhər Zakir İsmayılov küçəsi Goranboy şəhərinin İnzibati ərazisindədir və küçədə asfalt-beton, küçə işıqlanması işləri aparılmayıb. 2026-cı ildə həmin küçənin asfaltlanması, küçə işıqlanması ilə təmin olunması və Mənzil Kommunal xidmətlərinin göstərilməsi üçün müəssisənin xidməti ərazisində daxil edilməsi nəzərdə tutulub. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdehlər Goranboy şəhər bələdiyyəsinə, Gəncə Regional Ədliyyə İdarəsinə, Goranboy rayon Polis şöbəsinə, Goranboy rayon Prokurorluğuna, Cavabdehnə, Cavabdeh başçısının Goranboy şəhər İnzibati Ərazi X3, Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yolun və küçənin icazəsiz torpaq və çınqıl, yəni qrabil tökərək səviyyəsini qaldıran əhalinin adları və soyadları dəqiqləşdirilərək məsuliyyətə cəlb edilməsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumuna, yəni Goranboy rayon Polis Şöbəsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Goranboy rayon Prokurorluğuna həvalə edilməklə qanuna uyğun cərimələnərək (qonşuluq qanunlarını pozaraq və əlillərin hüquqları haqda qanunvericiliyi pozaraq) əlilliyi olan şəxsə vurduqları mənəvi zərərin əvəzinin ödənilməsi, Cavabdeh və onun nümayəndəliyi ərizə və müraciətlərə düzgün cavab vermədikləri və vəzifə borcunu yerinə yetirmədikləri üçün vəzifə saxtakarlığı və səhlənkarlıq etdikləri üçün barələrində xüsusi qərardad çıxarılaraq müvafiq orqana göndərilməsi, cavabdehlərə və təqsirkarlara əlil şəxsə qarşı ayrı-seçkilik və qısnama tətbiq etdiklərinə görə, baş verən hüquqpozma və korrupsiya halına göz yumduqları üçün xüsusi qərardadla cinayət işi açılması müvafiq icra hakimiyyəti orqanın baş prokurorluğa göndərilməklə təhqiqatı aparmaqdan boyun qaçırdan vəzifəli şəxslərin vəzifədən azad edilməsi və ya bir pillə aşağı vəzifəyə göndərilmələrinin müvafiq icra hakimiyyəti orqanına həvalə edilmsi, Goranboy rayonu, Zakir İsmayılov küçəsinə icazəsiz torpaq və çınqıl qarışığı tökən şəxslərin gizlədilmədən, düzgün bir şəkildə adlarının dəqiqləşdirilərək məsuliyyətə cəlb edilməsi və müvafiq qanunauyğun cinayət və inzibati xətaya görə təhqiqatın başlanılmasının Goranboy rayon Prokurorluğuna və Poliş şöbəsinə həvalə edilməsi, Cavabdeh vəzifəli şəxslərinə büdcənin talan edilməsinə görə cinayət işinin başlanmasını baş Prokurorluğa həvalə edən xüsusi qərardad təmin edilməsi, küçənin restorasiyasının, yəni torpaq və xəritəçəkmə xidmətinin və əvvəlki hüquqi normativ sənədlərə əsasən yenidən əvvəlki vəziyyətə gətirilməsinin müvafiq icra hakimiyyəti orqanına həvalə edilməklə hökumət nəzarətinə götürülməsi, Zakir İsmayılov küçəsinə asfalt beton örtüyün çəkilməsini Cavabdehnə və Bələdiyyəsinə həvalə edilməsi, Goranboy rayonun qəbilə və ibtidai icma qanunları ilə idarə edilməsini yekunlaşdıran qərarın verilməsi, Prokurorluq orqanları işçilərinin iş otağında və vəzifə başında onlara təyin olunmuş xüsusi forma geyinməsini məcbur edən təlimatın verilməsinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsi, Azərbaycan Respublikasının vətəndaşını bildirişlə və çağırışla dövlət qulluqçusunun etik davranışını pozmayacaq şəkildə hüquq-mühafizə və inzibati orqanlarına məktubla 10 (on ) iş günü öncədən çağırılması barədə təlimatın və qərarın verilməsinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə həvalə edilməsi, bu barədə qərar verilməsi üçün Ali Məhkəmənin Plenar iclasına müraciət edilməsi, Goranboy rayon bələdiyyəsinə cinayət işinin başlanmasını təmin edən xüsusi qərardad verilməsi, Goranboy rayon bələdiyyəsinin ərizə və sorğulara və müraciətlərə cavab verməməsi səbəbi ilə inzibati məsuliyyətə cəlb edilməsi, ərizə və sorğulara düzgün cavab vermə vəzifəsinin Goranboy rayon bələdiyyəsinə həvalə edilməsi, Goranboy rayon bələdiyyəsinin platformasının Gəncə İnzibati Məhkəməsinə gətirilməsi haqqında sorğu göndərilməsi və sərəncam verilməsi, Goranboy bələdiyyəsinin və Cavabdeh uçot kitabı və büdcəsinin məhkəməyə gətirilməsi, Goranboy Şəhəri Zakir İsmayılov küçəsinə vətəndaşlar tərəfindən indiyə qədər verilmiş icazəsiz qeyri-qanuni torpaq, çınqıl və qrabilin sıyrılaraq götürülməsi, maşınlarla küçədən çıxarılması, cavabdehlərin hesabına yolun düzəldilib taraq vəziyyətinə gətirilməsi, zəbt edilmiş küçə torpaqlarının vətəndaşdan alıb hökumətin yoluna qaytarılması, suyun axını üçün novlar və səkilərin inşa edilməsi, zibil qablarının qoyulması, küçəyə asfalt-beton örtüyünün çəkilməsi, küçə işıqlandırması üçün vasitələr və dirəklərin quraşdırılmasının Cavabdehnə və bələdiyyəsinə həvalə edilməsi, Goranboy rayon hüquq-mühafizə orqanlarına təqsirkarların məsuliyyətə cəlb edilərək düzgün şəkildə tənbeh edilmələri və ciddi xəbərdarlıq edilmələri, lazım gələrsə cərimə və digər profilaktik hüquqi tədbirlərin görülməsi barədə işin təşkili və ərizələrə bu yönümdə düzgün (təqirkarların ünvanları adları soyad və ata adları göstərilməklə və inzibati orqan olaraq özlərinin Email və ünvan və möhürləri düzgün qeyd edilməklə) cavab vermələri barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsində zabit kimi taborun kəşfiyyat rəisi və kəşfiyyat tağımının komandiri kimi xidmət edərkən bu xidmət illərində adını qeyd edə bilmədiyi bir neçə əməliyyatlarda iştirak etmişdir. Aldığı xəsarətdən sonra 2-ci qrup əlil kimi ehtiyata göndərilmişdir. Küçə əhalisi olaraq 2018-2019-cu illərdə Cavabdehnə əvvəllər də müraciət etdikləri səbəbi ilə xx.xx.2021-ci ildə icra hakimiyyətinə yenidən mürciət etmişdir ki, küçəyə asfalt-beton örtüyü çəkilməyib. Onlar əvəzində bələdiyənin qulluqçusu Xəqani Ziyadova təlimat veriblər, o da küçəni asfaltlamaq əvəzinə küçəyə öz evi istiqamətində axan qrunt sularının önünü kəsəcək şəkildə küçəyə çınqıl, qum və torpaq tökdürmüşdür. Nəticədə əlil şəxsin icazə ilə müvəqqəti sığındığı qəzalı ev yağan yağışlar səbəbi ilə su altında qalmışdır. Eyni zamanda küçənin yol çiynini və səki üçün nəzərdə tutulan hissəsini daş hasarla öz həyətyanı sahəsinə qatmışdır. Bunu digər qonşular da təkrarlamışdır və bu barədə polis orqanına, icra hakimiyyətinə, Cavabdeh Başçısının Goranboy Şəhər İnzibati Ərazi X3, Goranboy rayon Prokurorluğuna, Goranboy rayon bələdiyyəsinə yazılı müraciət etsə də bu müraciətlər nəticəsiz qalmışdır. Bu il xx.xx.2023-cü il tarixində Cavabdeh başçısının Goranboy şəhər İnzibati Ərazi X3 müraciət etmişdir ki, Goranboy şəhəri Zakir İsmayılov küçəsi ilə M.P Vaqif küçəsinin kəsişmə hissəsindən etibarən əhali küçəyə icazəsiz çınqıl tökərək küçənin səviyyəsini qaldıraraq anasının ona müvəqqəti yaşamaq icazəsi verdiyi evi su altında qoymuşlar. Lakin onlar da bu barədə Goranboy rayon bələdiyyəsinə müraciət etmişlər. Lakin bələdiyyə bu məktubu cavablandıra bilməmişdir. Ya da hökumətin qurduğu sistematik qayda qanuna tabe olmamışdır və bununla da dövləti də saymamışdır. Daha sonra xx.xx.2023-cü ildə küçənin həmin hissənə qonşu Əbülfət adlı Azərbaycan Respublikasının vətəndaşı tərəfindən yenidən icazəsiz bir daha çınqıl və torpaq tökülərək bir daha küçənin torpaq örtüyü səviyyəsinə müdaxilə edilərək qaldırılmışdır və yağış suları yağış yağarkən əlil şəxsin yaşadığı evin zirzəmisinə dolsun deyə bu bir kompleks tədbir kimi görünür. Bu barədə həm 102 xidmətinə həm də Goranboy rayon Polis şöbəsinə müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Goranboy rayon Prokuroruna, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinə, Goranboy rayon bələdiyyəsinə, Cavabdehnə, Cavabdeh başçısının Goranboy şəhər İnzibati Ərazi X3, Gəncə Regional Ədliyyə İdarəsinə müraciət etsə də, bu barədə qənaətbəxş nəticə əldə edə bilməmişdir. Əvəzində Cavabdeh rəsmi cavab verməməldə hərəkətsizlik etmişdir. Eyni zamanda küçənin səviyyəsinin düzəldilməsinə, asfalt-beton çəkilməsinə heç bir cəhd etməmişdir. Goranboy rayon Prokurorluğunda və polis idarəsində təhqiqat aparılmamışdır. Ərizəçiyə ağlabatan və qanuni cavab verilməmişdir. Cinayət prosessual və inzibati prosessual qanunvericilik və İnzibati icraat haqqında qanunlar pozulmuşdur. İşin halları ondan ibarətdir ki, İnzibati Məcəllənin və Cinayət Məcəlləsinin yolların bərbad hala salınması və yolların dağıdılması əlaqəli maddələrinin tərkibi yaranmışdır, icra hakimiyyətinin və bələdiyyənin öz işinə səhlənkar yanaşması nəticəsində ayrılan büdcə mənimsənmiş və bələdiyyənin işçisi Xaqani Ziyadov başqasının vəzifəsini mənimsəmişdir. Goranboy rayon poilisi və prokurorluğu bununla razılaşmışdır və onlar da korrupsiyaya ortaq olmuşlar. Goranboy rayon Prokurorluğunun işçiləri vətəndaşa qarşı-qeyri etik davranışlar nümayiş etdirmiş, forma üzrə geyinməmişlər, gələn vətəndaşı qəbul etməkdən imtina etmişlər, vətəndaşın irad və təkliflərinə məhəl qoymamışlar, özbaşına və sərsəm pərakəndə hərəkət etmişlər, ərizəçini təqib etmişlər. Ərizəçinin xəstəliyi barədə şəxsi və məxfi məlumatları Goranboy Rayon Xəstəxanasından tələb etmişlər. Bunu özləri də etiraf etmişlər. Lakin bu konstitusiyaya zidd hərəkətdir. Həm şəxsi həyatın toxunulmazlığı həm də məxfiçilik haqqında qanunvericiliyin tələbləri bunu qadağan edir.
7. Gəncə İnbzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4301/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-840/2023 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4301/2023 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı cavabdehlərdən cavabdeh qismində yalnız Cavabdeh saxlanılmış, hazırkı iddia tələbi “Goranboy rayonu, Zaur İsmayılov küçəsində yol infrastrukturunun düzəldilərək küçənin betonla asfaltlanması, həmin küçənin işıqlandırılması sisteminin təşkil edilməsi və küçəyə zibil qablarının yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. II. Prosessual məsələlər
11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək məhkəmə hazırlıq iclasına gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, iddiaçı isə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
14. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
16. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
17. İddiaçı hazırki tələbində Goranboy rayonu, Zaur İsmayılov küçəsində yol infrastrukturunun düzəldilərək küçənin betonla asfaltlanması, həmin küçənin işıqlandırılması sisteminin təşkil edilməsi və küçəyə zibil qablarının yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
18. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 5-45/2-1208/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Goranboy şəhəri, Zaur İsmayılov küçəsində işıqlandırılma sisteminin, zibil qablarının quraşdırılması və küçədə asfalt-beton örtüyünün salınması işlərinin 2026-cı ilin abadlaşdırma planına daxil edildiyi müəyyənləşdirilmişdir.
19. Həmin məktuba əlavə edilmiş Cavabdeh başçısının Goranboy şəhər İnzibabti Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-45-1/2-251/2025 nömrəli məktubunda bildirilmişdir ki, Goranboy şəhərində Zaur İsmayılov adına küçə yoxdur, şəhid Zakir İsmayılov adınadır. Goranboy şəhər Zakir İsmayılov küçəsi Goranboy şəhərinin İnzibati ərazisindədir və küçədə asfalt-beton, küçə işıqlanması işləri aparılmayıb. 2026-cı ildə həmin küçənin asfaltlanması, küçə işıqlanması ilə təmin olunması və Mənzil Kommunal xidmətlərinin göstərilməsi üçün müəssisənin xidməti ərazisində daxil edilməsi nəzərdə tutulub.
20. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə görə:
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.9.1. müvafiq ərazidə yerləşən, ümumi istifadədə və balansında olan avtomobil yollarının təmiri və saxlanılması işlərini təşkil etmək, istismara qəbulu barədə aktları təsdiq etmək, ərazidə olan digər avtomobil yollarının təmiri və saxlanılması barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq və işlərin görülməsinə nəzarəti həyata keçirmək; 4.9.3. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzilkommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir; 4.9.7. küçələrin işıqlandırılması sisteminin əsaslı təmiri üzrə ünvanlı proqramlar təsdiq etmək və onların icrasını təşkil etmək.
21. Məhkəmə qeyd edir ki, Goranboy rayonu, Zaur İsmayılov küçəsində yol infrastrukturunun düzəldilərək küçənin betonla asfaltlanması, həmin küçənin işıqlandırılması sisteminin təşkil edilməsi və küçəyə zibil qablarının yerləşdirilməsi cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir.
22. Məhkəmə xüsusilə qeyd edir ki, qeyd edilən məsələlərin həlli yalnız cavabdeh orqanın mülahizəsindən deyil, eyni zamanda müvafiq məqsədlər üçün vəsait ayrılmasından və həmin işlərin şəhər ərazisindəki ərazilər üzrə növbəliliklə həyata keçirilməsi və s. kimi təşkilatı məsələlərdən də asılıdır ki, iddiaçının arzuladığı tələbə uyğun inzibati orqanının üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskression səlahiyyətinə müdaxilə təşkil etmiş olar.
23. Ona görə də, iddia mümkün sayılmamalıdır.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva