Məhkəmə qərarları › İş №2-1(114)-4186/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4186/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4186/2025 29.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının atası olan nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Doğum haqqında xx.xx.2008-ci il tarixli AZ-İİ № 187171 nömrəli şəhadətnaməyə əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2008-ci ildə Ağdam rayonunda anadan olmuş, atası X11, anası X3r.

2. xx.xx.2005-ci il tarixli AZ-İ № 204664 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü X11 ilə xx.xx.1985-ci il təvəllüdlü X5 xx.xx.2005-ci il tarixdə nikahları bağlanmış, nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixində 71 nömrə ilə qeyd olunmuşdur.

3. X6 adına verilmiş xx.xx.2011-ci il tarixli AA №233696 seriya nömrəli məcburi köçkün vəsiqəsindən müəyyən olunur ki, o, Ağdam rayonundan məcburi köçkün düşmüşdür.

4. X2 adına verilmiş xx.xx.2011-ci il tarixli AA № 238840 seriya nömrəli məcburi köçkün vəsiqələrindən müəyyən olunur ki, o, Ağdam rayonundan məcburi köçkün düşmüşdür.

5. Azərbaycan Respublikası Ağdam rayonu İcra Hakimiyyəti başçısının Birinci Baharlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 127 nömrəli arayışından görünür ki, İddiaçı Ağdam rayonu Birinci Baharlı köçkün qəsəbəsi 205 saylı evdə müvəqqəti qeydiyyatdadır.

6. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, atası X1 rayonu, Göytəpə şəhəri, N saylı Hərbi Hissədə ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

7. X9 övladına məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə müraciətinə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, onun qeydiyyatı ünvan 1 olduğu üçün övladı xx.xx.2008-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi Komitənin imkanı xaricindədir. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2008-ci ildə anadan olmuş, 1993-cü ildə valideynlərinin yaşadığı Ağdam rayonu, İsmayılbəyli kəndi ermənilər tərəfindən işğal olunmuşdur. Doğulduğu vaxtdan valideynləri ilə birlikdə məcburi köçkün kimi müxtəlif ünvanlarda məskunlaşmışdır. Atası və anası məcburi köçkündür və onlara məcburi köçkün kimi vəsiqə verilmişdir. Eyni zamanda qeyd etmişdir ki, atası hərbi qulluqçudurvə hərbi qulluqçu kimi Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən n saylı hərbi hissənin tərkibində hərbi xidmətdə olmuşdur. Ona məcburi köçkün statusunun verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Regional idarəsinə xx.xx.2025-ci il tarixli cavab məktubu ilə ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmiş və imtina səbəbi kimi isə atasının Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən N saylı hərbi hissədə qeydiyyatda olmağı göstərilmişdir. Odur ki, o, Komitənin imtinasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iddiaçı X11 əsl İddiaçı ilə əvəz edilmişdir. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt ödənilmişdir. Belə ki, iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, ona məcburi köçkün vəsiqəsinin verilməsini xahiş etmiş, lakin iddiası cavabdeh orqan tərəfindən təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının məcburi köçkün kimi məskunlaşdığı (olduğu) yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

19. İddiaçının atası olan nümayəndəsi X11 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

21. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı Ağdam rayonu Birinci Baharlı köçkün qəsəbəsi 205 saylı evdə müvəqqəti qeydiyyatda olmaqla faktiki məskunlaşmışdır. İddiaçının atası X10 xx.xx.2011-ci il tarixli AA 233696 nömrəli, anası X4 xx.xx.2011-ci il tarixli AA 238840 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir.

22. İddiaçı atası X11 qızına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdeh orqana müraciət edilmiş, cavabdeh orqan onun müraciətinə imtina cavabı verərək, imtinanı onunla əsaslandırmışdır ki, onun qeydiyyatı ünvan 1 olduğu üçün övladı xx.xx.2008-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi Komitənin imkanı xaricindədir.

23. Məhkəmə iddianın təmin edilməli olmamasına dair qənaətinin əsası kimi aşağıdakıları qeyd edir.

24. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir.

25. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.

26. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtin ödənilməsi mübahisəsizdir.

27. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir.

28. Belə ki, iddiaçının anası X2 qeydiyyat yeri Ağdam rayonu olsa da, atası X1 rayonu, Göytəpə kəndi ünvanında qeydiyyatdadır.

29. Göründüyü kimi, iddiaçının atasının daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Cəlilabad rayonu, Göytəpə kəndi işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-880/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe də bu istiqamətdə olmuşdur.

30. Yuxarıda qeyd edilən məhkəmə qərarından görünür ki, Ali Məhkəmə müvafiq kateqoriyadan olan mübahisələrə dair formalaşdırdığı hüquqi mövqedə ifadə etmişdir ki, əgər şəxsin hər iki valideyninin yaşayış yeri üzrə qeydiyyatı işğaldan azad olunmuş əraziyə aid deyilsə, həmin halda Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmiş hesab olunur və bu səbəbdən məcburi köçkün statusunun verilməsindən imtina hüquqi əsaslıdır.

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

32. İPM-in: 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar