Məhkəmə qərarları › İş №2-1(114)-4189/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4189/2025

08.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4189/2025 08.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Öhdəliklərin İdarəsi Edilməsi Baş İdarəsinə qarşı “vergi borcunun ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı və cavabdeh Dövlət Vergi Xidməti Öhdəliklərin İdarəsi Edilməsi Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Öhdəliklərin İdarəsi Edilməsi Baş İdarəsinə qarşı “vergi borcunun ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbini dəqiqləşdirərək, 10.218,43 manat veri borcunun ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən geyim mağazasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış və yoxlamanın nəticəsində işçilərin əmək müqaviləsi olmadan əmək faəliyyətinə cəlb olunması halı aşkarlanaraq, vergi orqanının xx.xx.2020-ci il tarixli qərarı əsasında 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı qeyd edir ki, həmin qərarla da razı deyildir. Lakin o, ölkə ərazisində olmadığından həmin qərar barəsində məlumatlı olmamışdır. Həmin vergi borcuna görə iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmış və onun bundan 2025-ci ilin aprel ayında ölkədən çıxış etmək istəyərkən məlumatı olmuşdur. Bununla yanaşı, iddiaçı bildirir ki, vergi orqanının xx.xx.2020-ci il tarixli qərarı üzrə 10.000 manat məbləğində borcu (maliyyə sanksiyasını) tələb etmə müddəti keçmişdir. İddiaçı ümidsiz borcun silinməsi ilə əlaqədar Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmiş, həmin idarə tərəfindən ərizə aidiyyəti üzrə cavabdeh orqana istiqamətləndirilmiş və sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli məktubla müraciətinin müsbət həll edilməsindən imtina edilmişdir. İddiaçı həmin imtinanı qanunsuz və əsassıb hesab etdiyindən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddia tələbinə münasibətdə məhkəməyə etiraz daxil olmuş və etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi onun şəxsi hesab vərəqəsində əks olunmuş vergi borcunun ümidsiz hesab edilməsi və həmin borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Qeyd olunur ki, İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddia hesab edilir. Göründüyü kimi, iddiaçının hüquqi marağı 10000 manat borc məbləğində maliyyə sanksiyasının və ona hesablanmış 338.43 manat məbləğində faiz borcunun silinməsi ilə bağlı öhdəliyin cavabdeh inzibati orqanın üzərinə qoyulması haqqında qərar qəbul edilməsini özündə ehtiva etdirir. Bu baxımdan hazırkı iddia öhdəliyin icrası haqqında iddia hesab edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 1.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmçinin sözügedən qərardakı hüquqi tənzimləməyə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, işə baxan məhkəmə tərəfindən qanunvericlikdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (mübahisələndirmə haqqında iddia verildikdə prosessual müddətə əməl edilməsi, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia tələbi İPM-nin 2.2.3-cü maddəsinə uyğun gəldiyindən iddiaçı cəmiyyətin iddia tələbinə müvafiq məhkəmə instansiyasında baxılması üçün ilk növbədə eyni tələblə cavabdeh inzibati orqana-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 Baş İdarəsinə müraciət edib-etməməsi araşdırılmalıdır. İddiaçıya məxsus olan iş qovluğunda tərəfimizdən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Gəncə İnzibati Məhkəməsində irəli sürdüyü hazırkı tələblə, yəni 10000 manat borc məbləğində maliyyə sanksiyasının və ona hesablanmış 338.43 manat məbləğində faiz borcunun ümidsiz borc kimi silinməsinə dair tələblə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 Baş İdarəsinə müraciət etməmişdir. İddiaçının etdiyi müraciət ümumi şəkildə olmuş, borcunun ümidsiz borc kimi qəbul edilərək silinməsi ilə bağlı olmuşdur. Bu baxımdan hesab edilir ki, İPM-nin 35-ci maddəsinə əsasən iddiaçının tələbi mümkün sayılmamalı, mümkün sayılacağı təqdir iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

4. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, ona hesablanmış maliyyə sanksiyasının tutmaq hüququnun qanunvericiliklə nəzərdə tutulmuş müddətin keçdiyini və bu səbəbdən də iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, təmsil etdiyi inzibati orqanın imtinasının tam əsaslı olduğunu bildirdi və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlərə əsasən: -Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-2-8/2-T-1xx-xx/2025 nömrəli “araşdırma müddətinin uzaldılması haqqında” məktuba əsasən, müraciət ilə əlaqədar əlavə araşdırmaların aparılmasına zərurət yarandığı üçün araşdırma müddəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin tələblərinə əsasən uzadılmışdır; -Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-2-8/2-T-1xx-xx/2025 nömrəli “müraciətlərə baxılması haqqında” məktuba əsasən, İddiaçı dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə borcu vergilər üzrə 10.338, 43 manatdır; -xx.xx.2020-ci il tarixli, **********0707 nömrəli “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən, İddiaçı məxsus olan obyektdə (ünvan 1) xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixinədək (xx.xx.2020-ci il tarixi də daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır; -xx.xx.2020-ci il tarixli, 002827 VN seriya nömrəli “nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akta əsasən, İddiaçı əhali ilə nağl pul hesablaşmalarının aparılması zamanı NKA-dan istifadə etməsi tövsiyə olunmuşdur; -xx.xx.2020-ci il tarixli, 003867 VN seriya nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlətin) yerinə yetirilməsinə cəlb ediməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən, İddiaçı əmək müqaviləsi bağlamaq tövsiyə olunmuşdur; -“Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlətin) yerinə yetirilməsinə cəlb ediməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2020-ci il tarixli, 003867 saylı akta” Əlavəyə əsasən, İddiaçı məxsus “Kapriz” geyim mağazasında 4 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətləri) yerinə yetirinə yetirilməsinə cəlb edilmələri halı aşkar edilmişdir;

7. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-18/2-72098/2025 nömrəli “məlumatın təqdim edilməsi haqqında” məktuba əsasən, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) xx.xx.2025ci il tarixə şəxsi hesab vərəqəsinə əsasən vergilər üzrə dövlət büdcəsinə ümumilikdə 10338,43 manat (əsas məbləğ üzrə 20,00 manat, maliyyə sanksiyası üzrə 10238,43 manat) borcu mövcuddur. Əlavə olaraq bildirilir ki, İddiaçı (VÖEN:**********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixə olan 11009,78 manat borcdan 10909,78 manat hissəsi tələbin icraya yönəldilməsi haqqında qərara əsasən Gəncə şəhər icra idarəsinə yönəldilmişdir. İcra tədbiri zamanı İddiaçı tələbi könüllü icra edilməmiş və çağırışa getmədiyi üçün, məcburi qaydada icra idarəsinə gətirilməsi barədə xx.xx.2022-ci il tarixli 8(044)-345/2022 nömrəli qərardad çıxarılmışdır. Nəticədə borclunun pensiya aldığı müəyyən olunaraq, pensiyasına yönəldilərək (5 il ərzində) 675,00 manat hissəsi ödənilmişdir. Məlumat üçün bildirilir ki, müraciətdə adı qeyd edilən fiziki şəxs İddiaçı xx.xx.2013-cü il tarixdə ********** saylı VÖEN-lə 12 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. İddiaçı borcu Operativ vergi yoxlaması zamanı tərtib olunmuş maliyyə sanksiyasından ibarət olub, 5 il əvvələ olan hissəsi 10218,43 manat təşkil edir.

8. Cavabdeh tərəfindən məhkəməyə “AZEMİS” elektron məhkəmə informasiya sistemi ilə göndərilmiş xx.xx.2020-ci il tarixli, **********1897 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqınd” qərara əsasən, İddiaçı Müsahib oğlu Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək MƏcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxs işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2020-ci il tarixinədək 10000,00 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

Əsaslandırma hissəsi:

9. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

- Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra(səyyar vergi yoxlaması zamanıəlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Qərarı Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının VM-in 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki: - hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının VM-in 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.

12. Cavabdeh etirazında iddiaçının irəli sürdüyü 10000 manat borc məbləğində maliyyə sanksiyasının və ona hesablanmış 338.43 manat məbləğində faiz borcunun ümidsiz borc kimi silinməsinə dair tələblə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 Baş İdarəsinə müraciət etməməsinə əsas gətirərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin etiazında qeyd etdiyi məsələ ilə bağlı bildirik ki, göründüyü iddiaçı hazırda iddia tələbini dəqiqləşdirmiş, 10.218,43 manat veri borcunun ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-8/2- T-1xx-xx/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-2-8/2-T-1xx-xx/2025 nömrəli məktublarından müəyyən edilir ki, iddiaçı borcun silinməsi üçün cavabdeh orqana müraciət etmişdir. Bütün nəzərə alaraq məhkəmə cavabdehin iddianın mümkün sayılmaması barədə etirazını əsaslı hesab etmir.

13. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

14. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən, iddianı əsaslı hesab edir.

15. İlk öncə qeyd edilməlidir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə Vergilər Məcəlləsinin 85.4-cü maddəsi ilə tənzimlənir.

16. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

17. Başqa sözlə, vergi orqanları Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.

18. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı).

19. Beləliklə, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə, ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir.

20. Məhkəmə ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması; - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; - müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; - ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği.

21. Əlavə olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ilkin müraciəti zamanı iddia ərizəsində ümumi olaraq 10.338,43 manat borcun ümidsiz borc kimi silinməsi istənsə də, daha sonra məhkəmə sorğusuna Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş cavab məktubuna əsasən İddiaçı Müsahib oğlunun borcu 5 il əvvələ olan hissədə 10.218,43 manat təşkil etdiyi məlum olmuşdur.

22. Sonuncu məhkəmə iclasında iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim olunmuş, iddia tələbi “10.218,43 manat vergi borcunun ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

23. Bu səbədən də məhkəmə hesab edir ki, iddia təmin edilməli, 10.218,43 manat vergi borcunun ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.

24. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)-746/2025 nömrəli qərarında əks olunmuşdur.

25. Yekun olaraq məhkəmənin mövqeyi ondan ibarətdir ki, cavabdeh orqanın iddiaçının tələbinə münasibətdə hüquqi nəticələr doğuracaq prosessual hərəkətləri əsassız olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

26. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya hesablanmış 10218.43 manat vergi borcunun ümidsiz borc kimi silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

27. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin.

İddiaçı adına hesablanmış 10.218,43 manat vergi borcunun ümidsiz borc kimi silinməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Öhdəliklərin İdarəsi Edilməsi Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar