Məhkəmə qərarları › İş №2-1(114)-4193/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4193/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4193/2025 31.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, iddiaçı nümayəndəsi Əbdüləliyev Fərhad Qasım oğlunun iştirakı ilə, iddiaçı X2 Cavabdehnə (üçüncü şəxslər X9, X4, X15, X11, X12, X13) qarşı “Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 9 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Bərdə rayonunda yerləşən 1,19 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X5 verilmiş və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN 0008, JN 104F KOD 61008038 saylı şəhadətnamə tərtib edilmişdir. Hüquqlarında dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu, Əliyanlı kəndində yerləşən daşınmaz əmlak xx.xx.2023-cü il tarixdən ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçının adına ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2074/2023 nömrəli qətnaməsi ilə iddiaçı X3 cavabdeh Əbdüləliyev Fərhad Qasım oğluna qarşı mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilərək, cavabdeh Əbdüləliyev Fərhad Qasım oğlu tərəfindən iddiaçı X3 mülkiyyətində olan Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 0,50 ha trpaq sahəsindən istifadə hüququnun pozulması hərəkətlərinə son qoyulması, cavabdeh Əbdüləliyev X19 rayonu, Əliyanlı kəndində, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla Quliyev Əbülfət Ad gözəl oğlunun, X1, X10, X7, X8 və X6 ümum birgə mülkiyyətində olan 0.50 torpaq sahəsindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1062/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021 )-2074/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(102)3251/2024 saylı qərarı ilə cavabdeh Əbdüləliyev Fərhad Qasım oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1062/2024 nömrəli iş üzrə 8 may 2024-cü il tarixli qətnaməsi cavabdeh Əbdüləliyev Fərhad Qasım oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli, 08 saylı qərarı və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Əbdüləliyev Fərhad Qasım oğlu məhkəmə iclasına gəlmiş,cavabdeh nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, üzürlü səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Əbdüləliyev Fərhad Qasım oğlu iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Əbdüləliyev Fərhad Qasım oğlu məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 9 nömrəli qərarının ləğv edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.

1. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

2. İş materiallarından görünür ki, iddiaçı tələbində Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarının ləğv olunmasını xahiş edir.

3. Məhkəmə qeyd edir ki, həmin qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

4. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.

5. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

6. Göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda məlum olur ki, iddiaçı inzibati orqanın (Aqrar İslahat Komissiyasının) bundan təxminən 28 il əvvəl qəbul etdiyi qərarın qanunsuz sayılaraq ləğv olunmasını tələb edir.

7. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

8. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.

9. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

10. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir.

11. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər.

12. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri).

13. Məhkəmə həmçinin qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənmişdir.

14. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).

15. Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ.İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər).

16. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır.

17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4. maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

18. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

19. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki: - “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu” - “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”.

20. Göründüyü kimi, iddiaçı sözügedən qərarı - inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir və həmin müddəti buraxılmasından 1 ildən çox vaxt keçdiyi üçün müddətin bərpasına dair ərizə verilə bilməz.

21. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2074/2023 nömrəli qətnaməsi ilə iddiaçı X3 cavabdeh Əbdüləliyev Fərhad Qasım oğluna qarşı mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilərək, cavabdeh Əbdüləliyev Fərhad Qasım oğlu tərəfindən iddiaçı X3 mülkiyyətində olan Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 0,50 ha trpaq sahəsindən istifadə hüququnun pozulması hərəkətlərinə son qoyulması, cavabdeh Əbdüləliyev X19 rayonu, Əliyanlı kəndində, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla Quliyev Əbülfət Ad gözəl oğlunun, X1, X10, X7, X8 və X6 ümum birgə mülkiyyətində olan 0.50 torpaq sahəsindən çıxarılması qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1062/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021 )-2074/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(102)3251/2024 saylı qərarı ilə cavabdeh Əbdüləliyev Fərhad Qasım oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1062/2024 nömrəli iş üzrə 8 may 2024-cü il tarixli qətnaməsi cavabdeh Əbdüləliyev Fərhad Qasım oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Əbdüləliyev Fərhad Qasım oğlu iddiaçının nümayəndəsi olan oğludur. İddiaçının nümayəndəsi məhkəmə iclasında çıxışı zamanıda hazırda mübahisə olunan torpaq sahəsinin yuxarida qeyd edilmiş hansıki onların çıxarıldıqları torpaqa sahəsi olduğunu bildirmişdir.

22. Göründüyü kimi, qanunш qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdeh Əbdüləliyev X19 rayonu, Əliyanlı kəndində, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla Quliyev Əbülfət Ad gözəl oğlunun, X1, X10, X7, X8 və X6 ümum birgə mülkiyyətində olan 0.50 torpaq sahəsindən çıxarılması qət edilmişdir.

23. Həmçinin iddiaçının nümayəndəsi məhkəmə iclası zamanı mübahisə edilən torpaq sahəsinin onlara Ulu öndər Heydər Əliyevin göstərişinə əsasən ayrılmasını qeyd etsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

24. Buda hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir.

25. Məhkəmə iddiaçının Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998ci il tarixli, 9 nömrəli qərarının ləğv edilməsi tələbinə dair hissəsinə dair qanunla müəyyən edilmiş qərarın mübahisələndirilmə müddətinə münasibətdə də qeyd edir ki, iddiaçının hazırki tələbi üzrə subyektiv hüququ mövcud olmadığından, müddət məsələsinə münasibət bildirilməsi zəruri hesab edilməmişdir.

26. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar