Məhkəmə qərarları › İş №2-1(114)-42/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-42/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-42/2024 11.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı1 və vəkili Vəkil iştirakları ilə, İddiaçı1 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı1 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, qanunsuz olaraq sökülmüş yaşayış evinə görə ona dəymiş ziyana görə 200.000 manat dəyərində pul alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvana yerləşən mülk onun xüsusi mülkiyyətində olmuşdur. 2017-ci ilin sentyabr ayında Cavabdehndən nümayəndələr gələrək evlərinin dövlət ehtiyacı üçün ayrılması və burada abadlaşdırma işlərinin aparılması ilə əlaqədar köçürülməli olduqlarını, Əlvan Metallar zavodu ərazisində yeni qəsəbə salınacağını və sökülən evlərinin yerinə yeni mənzil veriləcəyini bildirmişdir. Lakin sonradan bilmişdir ki, onlara təklif edilən evin yaşayış sahəsi 80 kv.m-dir. Ona görə də evlərindən çıxmamışlar. Evlərinə qaz və işıq verilməsi dayandırılmışdır. Lilli sular süzülərək evə axmış həm evi, həm də ev əşyaları yararsız hala düşmüşdür. Bundan sonra onlara Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi Ruhlan Əliyev küçəsində 4 sot torpaq sahəsi ayrılacağı və həmin torpaq sahəsində 120 kv.m yaşayış sahəsi olan tam təmirli, darvazası olan ev tikilib veriləcəyi barədə söz verilmişdir. Onlar təkliflə razılaşmışdır. Onlara deyilən ünvanda sərəncam və tikinti layihəsi ilə birlikdə 400 kv.m torpaq sahəsi ayrılmışdır. Mülkiyyətində olan 200 kv.m yaşayış sahəsini icra hakimiyyətinin nümayəndələri sökmüş, bundan sonra 7 yük maşını kubik daşını və 4 yük maşını çay daşını daşıyıb torpaq sahəsinə tökmüşlər. Onlara bir ay ərzində 120 kv.m yaşayış sahəsi olan evi tikib təhvil verəcəkləri bildirilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, həmin torpaq sanəsində heç br tikinti həyata keçirilməmişdir. Bu müddət ərzində dəfələrlə aidiyyatı orqanlara şikayətlə müraciət etmişlər. Bir dəfə torpaq sahəsinə gedəndə oraya tökülmüş tikinti materialları ilə hasar çəkildiyini görmüşdür. Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinə gedəndə ona məlum olmuşdur ki, İcra Hakimiyyətinin əməkdaşı Samir adlı şəxs 2019-cu ildə həmin torpaq sahəsini Vüqar adlı şəxsə satmışdır. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, öz mülkiyyətindən məhrum olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 11 yanvar 2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı1 və vəkili Vəkil məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 və onun vəkili Vəkil iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Bundan əlavə iddiaçı əlavə olaraq Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 130-un sənəd üzrə sahəsi 73,3 kv.m olmasına baxmayaraq, yaşadıqları müddətdə əlavə tikililərlə evin sahəsinin 200.0 kv.m olduğunu bildirmişdir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 5-1/2-03/859/2023 nömrəli etiraz məzmunlu məktubda iddiaya etiraz edilərək bildirilmişdir ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə qeyd edilən mövzuda müraciəti Gəncə Şəhər İcra Hakimiyyətinə daxil olmuş, müraciətə cavab olaraq vətəndaşın nəzərinə çatdırılmışdır ki, 2015-2016-ci illərdə Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində Gəncəçay çayının sol sahilində yerləşən evlərə ziyan dəymiş və həmin evlərin o ərazidən köçürülməsi zərurəti yaranmışdır. Bununla əlaqədar “Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 2185 nömrəli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinə 5 (beş) milyon manat vəsait ayrılmışdır. Həmin ərazidən 95 fərdi yaşayış evi sökülmüş, evlərin sakinlərinə “X4 Emalı” ASC-nin ərazisinin cənub-şərq tərəfində salınmış yeni yaşayış massivində inşa olunmuş fərdi yaşayış evləri verilmişdir. Bu işlər çərçivəsində 2017-ci ildə İddiaçı1 yaşadığı Vəli Xuluflu küçəsi, 130 nömrəli ünvanda yerləşən, 73,3 kv.metr sahəsi olan fərdi yaşayış evi sökülmüş, həmin evdə yaşayan şəxslər “X4 Emalı” ASC-nin ərazisinin cənub-şərq tərəfində salınmış yeni yaşayış massivində 83,0 kv.metr sahəsi olan üç otaqlı fərdi yaşayış evinə köçürülmüş, bundan başqa İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün Yeni Gəncə yaşayış massivində 400,0 kv.metr torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı müraciət müəllifinin digər bir vətəndaşla arasında mübahisə yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq İddiaçı1 iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş noyabr 2002-ci il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin” texniki pasportunun surətindən görünür ki, iki otaqdan ibarət ümumi sahəsi 73,3 kv.m olan Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 130 iddiaçı bütövlükdə İddiaçı1 məxsus olmuşdur. - işə əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 642 nömrəli sərəncamdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ruhlan Əliyev küçəsinin şimal tərəfində yerləşən 400,0 kv.m torpaq sahəsində X1 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır. - işə əlavə edilmiş X2 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 13588 nömrəli, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, ev 130 Süleymanova (Quliyeva) Nigar Dəmir qızının adına qeydə alınmışdır. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı, Gəncə Şəhər İcra Hakimiyyəti təfərindən ona məxsus olan Gəncə şəhəri, Vəli Xuluflu küçəsindən yerləşən sahəsi 200,0 kv.m olan 130 nömrəli evin söküldüyünü iddia edərək bunun nəticəsində ona vurulmuş 200.000 (iki yüz min) manat zərərin ödənilməsini tələb edir. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, iddiaçı iddia tələbində ona məxsus evin sahəsinin 200,0 kv.m olduğunu iddia etsə də, işə əlavə edilmiş qeydiyyat vəsiqəsi və texniki pasportdan görünür ki, qeyd olunan fərdi yaşayış evinin yaşayış sahəsi 48.4 kv.m-dir və sözügedən evin sahəsinin 200,0 kv.m olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə Gəncə şəhəri, Vəli Xuluflu küçəsindən yerləşən sahəsi 130 nömrəli evin cavabdeh tərəfindən sökülməsi sonuncu tərəfindən mübahisələndirilməmişdir. Belə ki, cavabeh tərəfindən bildirilmişdir ki, “Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 2185 nömrəli Sərəncamı əsasında iddiaçının sökülmüş evi əvəzində “X4 Emalı” ASC-nin ərazisinin cənub-şərq tərəfində salınmış yeni yaşayış massivində 83,0 kv.metr sahəsi olan üç otaqlı fərdi yaşayış evinə köçürülmüş, bundan başqa iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Yeni Gəncə yaşayış massivində 400,0 kv.metr torpaq sahəsi verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. İş materiallarında cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi təsdiq edilsə də, iddiaçı məhz cavabdehin göstərilən hərəkəti nəticəsində ona maddi zərər dəyməsini sübut edə bilməmişdir, belə ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsindən yerləşən sahəsi 130 nömrəli evin sökülməsi müqabilində iddiaçı “X4 Emalı” ASC-nin ərazisinin cənub-şərq tərəfində salınmış yeni yaşayış massivində 83,0 kv.metr sahəsi olan üç otaqlı fərdi yaşayış evinə köçürülmüş və ona fərdi yaşayış evinin tikintisi üçün Yeni Gəncə yaşayış massivində 400,0 kv.metr torpaq sahəsi verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 2.2.7-ci cü maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı1 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar