Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-420/2022 10.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 13.12.2021ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum akt qeydinə düzəliş edilməsi, ata adı qrafasında ata adının “Salah” yazılmaqla doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1938 il tarixdə Laçın rayonu, Baldırqanlı kəndində anadan olmuş və Şuşa şəhərində uşaq evində böyümüşdür. Onun qızlıq soyadı “İbrahimova”, adı “Gülayə”, ata adı isə “Salah”-dır. Lakin Şuşa rayon VVAQ bürosu tərəfindən verilmiş 12 may 1952-ci il tarixli İE seriyalı, 839029 nömrəli doğum haqqında şəhadətnamədə soyadı “İbrahimova”, adı “Gülayə” göstərilmiş, ata adı qeyd edilməmişdir. Laçın rayon Milis şöbəsi tərəfindən 06.11.1959-cu il tarixdə verilmiş İ-AK seriyalı, 560866 nömrəli qısamüddətli pasporta əsasən soyadı “İbrahimova”, adı “Gülayə”, ata adı isə “Salah” göstərilmişdir. Laçın rayon Mığıdərə kənd İcra nümayəndəliyi tərəfindən X3 ilə 01 mart 1968-ci il tarixində 4 nömrə ilə nikahları qeydə alınmış, ona “Abdulova” soyadı verilmişdir. 01 mart 1968-ci il tarixli İ-İE seriyalı 485968 nömrəli “Evlənmək haqqında” şəhadətnamədə soyadı “Abdulova”, adı “Gülayə”, ata adı isə “Salah” qeyd edilmişdir. Həmçinin iddiaçıya məxsus digər sənədlərdə də ata adı “Salah” kimi qeyd edilmişdir. İddiaçıya məxsus doğum haqqında şəhadətnamədə ata adının qeyd edilməməsi hazırda və gələcəkdə müəyyən hüquq və vəzifələrinin əmələ gəlməsində maneələr yaradacaqdır. Hətta iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində də ata adı qrafasında ata adı yazılmamışdır. Bununla bağlı iddiaçı Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, cavabdeh orqan doğum haqqında akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsas olmadığına görə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, atasının adı “Salah” olub, o, Böyük Vətən müharibəsində ölmüşdür, anası öləndə isə onu uşaq evinə vermişlər, təqribən 3 yaşından Şuşa şəhərində uşaq evində yaşamışdır. Cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş 12 may 1952-ci il tarixli İE seriyalı, 839029 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, Gülayə İbrahimova 1938-ci il tarixdə anadan olmuşdur. -06.11.1959-cu il tarixdə verilmiş İ-ЛK seriyalı, 560866 nömrəli qısamüddətli pasportdan görünür ki, X2 1938-ci il tarixdə Laçın rayonunda anadan olmuşdur. -01 mart 1968-ci il tarixli İ-ИE seriyalı 485968 nömrəli “Evlənmək haqqında” şəhadətnamədən görünür ki, Laçın rayon Mığıdərə kənd İcra nümayəndəliyi tərəfindən X3 ilə X1 nikahları 01 mart 1968-ci il tarixdə 4 nömrə ilə qeydə alınmış, sonuncuya “Abdulova” soyadı verilmişdir. -Bərdə rayon Qeydiyyat şöbəsinin 17.11.2021-ci il tarixli, 729-05/15 nömrəli məktubundan görünür ki, iddiaçının ata adına düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığı üçün ərizəsinin təmin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin 15.02.2022-ci tarixli DA-00258-2022 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1938-ci ilə dair Şuşa şəhəri Qeydiyyat şöbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında Gülayə İbrahimovanın təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamış, həmçinin Şuşa şəhərində yerləşən uşaq evinin sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus bəzi sənədlərdə onun ata adı “Salah” kimi qeyd olunsa da, ona məxsus doğum haqqında şəhadətnamədə ata adı qeyd olunmamışdır. Bu səbəbdən də iddiaçı doğum akt qeydinə düzəliş edilərək ata adı qrafasında ata adının “Salah” yazılmaqla ona doğum haqqında yeni şəhadətnamənin verilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncu tərəfindən ata adına düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığı üçün onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Qeyd edilməlidir ki, iddiaçıya məxsus “Doğum haqqında” şəhadətnamədə onun ata adı ümumiyyətlə qeyd olunmamışdır. Həmçinin məhkəmənin müvafiq sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivindən verilmiş məlumata əsasən müəyyən edilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1938-ci ilə dair Şuşa şəhəri Qeydiyyat şöbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında Gülayə İbrahimovanın təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamış, həmçinin Şuşa şəhərində yerləşən uşaq evinin sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı ata adının “Salah” olduğunu iddia etsə də, ona məxsus ilkin sənəddə, eləcə də məhkəmə tərəfindən verilmiş sorğulara cavab məktublarında bu hal öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının doğum akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsas yoxdur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-420/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-420/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver