Məhkəmə qərarları › İş №2-1(114)-4202/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4202/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4202/2023 07.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda mühasib köməkçisi işlədiyi illərin sosial sığorta stajında daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, 1975-ci ildə orta məktəbi bitirdikdən sonra xx.xx.1975-ci ildə Kəlbəcər rayon Tədarük kontoruna mühasib köməkçisi işinə qəbul olunmuş, xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək həmin vəzifədə işləmişəm, 1977-ci ildə həqiqi hərbi xidmətə getmiş və 1979-cu ildə həqiqi hərbi xidmətdən təxris olunandan sonra xx.xx.1979-cu il tarixdə yenidən Kəlbəcər rayon Tədarük kontoruna mühasib köməkçisi işinə qəbul olunmuş və xx.xx.1995-ci il tarixədək həmin vəzifədə işləmişdir. 1993-cü ildə Kəlbəcər rayonunun ərazisi işğal olunan vaxt ona məxsus əmək kitabçası orada qalmış, qaçqın gəldikdən sonra Kəlbəcər rayon Tədarük kontoru tərəfindən yenidən əmək kitabçası tərtib edilmişdir. Hazırda iddiaçının 65 yaşı tamam olub, pensiyaya çıxmışdır, lakin onun xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci ilədək olan iş fəaliyyəti nəzərə alınmayaraq sığorta stajına daxil edilməmişdir. İddiaçı müvafiq ərizəsinə əsasən ilkin iddia tələbi “xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Kəlbəcər rayon Tədarük kontoru 1993-cü ildə Göygöl rayonuna köçürülmüşdür, 1993-cü ildən sonra, yəni 1993-1995-ci illərdə işçilərə əmək haqqı verilməmişdir, eyni zamanda müəssisənin arxiv sənədləri arxivə təhvil verilməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Kəlbəcər rayon Tədarük kontorunun xx.xx.1979-cu il tarixindən xx.xx.1995ci il tarixədək olan arxiv sənədləri işğal zonasında qaldığı üçün iddiaçının həmin dövrlərdə əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1993-cü il tarixli, AT-Vİİİ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1995-ci il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işləmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1995-ci il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1979cu il tarixdən xx.xx.1995-ci il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işlədiyini iddia edərək, həmin müddətin onun sosial sığorta stajına daxil edilməsini cavabdehdən tələb etsə də, cavabdeh orqan bundan imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Qeyd edilməlidir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən staj dövrü onun 1979-1995-ci illərdə işlədiyi müddətlərdir. Cavabdeh orqanın nümayəndəsi müəssisənin həmin dövrə aid arxiv sənədlərinin işğal zonasında qalması səbəbindən iddiaçının həmin dövrlərdə əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığını bildirərək həmin dövrləri mübahisələndirmişdir. Məhkəmə cavabdehin arqumenti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1995-ci il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işləmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, həmin müəssisəsinin şəxsi heyət üzrə əmr və əmək haqqı kitablarının arxivə təhvil verilməməsi onun ziyanına şərh edilə bilməz. Çünki həmin dövrdə işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Buna baxmayaraq, iddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında Kəlbəcər rayonunun işğalından sonra, yəni 1993-cü ilin aprel ayından etibarən əmək haqqı almadığını etiraf etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.2.1-ci maddəsinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Qeyd olunan normaların hazırki işə tətbiqi onu deməyə əsas verir ki, iddia « aprel 1993-cü tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” hissəsində təmin edilə bilməz. Çünki iddiaçı qeyd olunan müddətlər üzrə əmək haqqı almadığından həmin müddətlərin onun sığorta stajına daxil edilməsi yolverilməzdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qismən əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının xx.xx.1979cu il tarixindən aprel 1993-cü il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1979-cu il tarixindən aprel 1993-cü il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar