Məhkəmə qərarları › İş №2-1(114)-4207/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4207/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4207/2025 29.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı " "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: a) Məhkəmə araşdırmasının predmeti

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - iddiaçıya məxsus xx.xx.2019-cu il tarixli, SX ******* nömrəli hərbi biletin: a) 3-cü səhifəsinə əsasən, o, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 250 nömrəli əmrinə əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nin Gədəbəy rayonu idarəsinə (şöbəsinə, bölməsinə) göndərilmiş, təyinat yerinə gedib xx.xx.2021-ci ilədək hərbi qeydiyyata durmalı olduğu qeyd edilmişdir; b) 4-cü səhifəsinə əsasən, o, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üzrə (HUİ №-si: 6N A 386) “N” nömrəli hərbi hissənin baş sürücüsü, elektriki vəzifəsində və xx.xx.2019xx.xx.2021-ci il dövrü üzrə (HUİ №-si: N A) “N” nömrəli hərbi hissənin radiotelefonçusu vəzifəsində xidmət etmişdir; c) 5-ci səhifəsinin 12-ci bəndinə əsasən, o, müharibə dövründə istifadə olunması haqqında hərbi hissə komandirinin qərarı ilə radiotelefonçu (HUİ 317793A) vəzifəsində xidmət etmişdir; ç) 21-ci səhifəsinə əsasən, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən Müharibəsində iştirak etmiş, sözügedən qeyd “N” nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən imzalanaraq hərbi hissənin möhürü ilə təsdiq edilmişdir; d) 24-cü səhifəsinə əsasən, o, xx.xx.2021-ci il tarixdə Gədəbəy şöbəsində hərbi qeydiyyata alınmışdır; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1095/2024 nömrəli qərardadına əsaəsn, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə mübahisə qalmadığından icraata xitam verilmişdir; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025ci il tarixli, 3-25-14/2-S-25xx-xx/2025 nömrəli məktubuna əsasən, İddiaçı “Müharibə Veteranı” adının verilməsi üçün toplanılmış və komissiyada müsbət rəy verilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün 27 aprel 2024-cü il tarixdə göndərilmişdir. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməyi ilə bağlı təqdim olunan sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranıadlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olmadığına görə Nazirlər Kabineti tərəfindən geri qaytarılmışdır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi “N” nömrəli hərbi hissənin xx.xx.2025ci il tarixli, 3-25-248/2-434/25 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - “N” nömrəli hərbi hissənin komandiri vəzifəsinin müvəqqəti icra edən tərəfindən imzalanaraq hərbi hissənin möhürü ilə təsdiq edilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən Hava Hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə arayış-məlumata əsasən, “N” nömrəli hərbi hissənin qəbuledici-ötürücü bölməsinin radiotelefonçusu vəzifəsində xidmət edən əsgər İddiaçı barəsində olan döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) məlumatlarına əsasən: 1) Xidmət keçdiyi hərbi hissə (müəssisə): “N” nömrəli hərbi hissə, 25-ci radiolakasiya bölüyü. 2) Rütbəsi: Əsgər. 3) Vəzifəsi: Qəbuledici-ötürücü bölməsinin radiotelefonçusu. 4) Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): “N” nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 255 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilib, xx.xx.2021-ci il tarixli, 164 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılıb. 5) Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, 026 nömrəli döyüş əmri. 6) Həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş və ya döyüş təminatı üzrə növbəyə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə): Hərbi hissə komandirinin xx.xx.2020-ci il, 066 nömrəli döyüş əmri. 7) Həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixinədək düşmənin hava hücum vasitələrinin, pilotsuz uçuş aparatlarının və atılan ballistik raketlərin aşkarlanmasında və məhv olunması üçün döyüş və kəşfiyyat məlumatlarının ötürülməsində iştirak edib. 8) İştirak etdiyi ərazilər: Füzuli. 9) Hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): İdarəetmə məntəqəsinin fasiləsiz olaraq radio və xətti rabitə ilə təmin olunmasında, idarəetmə məntəqəsi hərbi hissənin komanda məntəqəsi arasında radio və xətti rabitənin fasiləsiz təmin olunmasını, sıradan çıxmış rabitə vasitələrinin tez bir zamanda bərpa olunmasını təmin etdiyi və döyüş fəaliyyətlərində fəal iştirak etdiyinə görə. 10) Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: Xəsarət alma halı olmamışdır. 11) Xəsarət (yaralanma, travma, kontuziya) alma ərazisi: Xəsarət alma halı olmamışdır. 12) Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): Xəsarət alma halı olmamışdır. 13) Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): xx.xx.2021-ci il tarixli, 164 nömrəli əmr. 14) Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: Gədəbəy rayon şöbəsi. 15) Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı): Təltif olunmayıb. - “N” nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 255 nömrəli əmrdən çıxarışa əsasən (§ 1), aşağıda adları çəkilən çağrışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarından gəldiklərinə görə, 25 iyul 2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsinlər və bütün növ təminata qoyulsunlar, “əsgər” rütbəsi verilməklə vəzifələrə təyin olunsunlar. 6. İddiaçı, 25-ci radiolokasiya bölüyünün səyyar radiohündürlükölçən stansiyanın (PRV 16) baş sürücü-elektriki. 2001-ci il təvəllüdlü, azərbaycanlı, orta təhsilli, hərbi xidmətə 23 iyul 2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsindən çağırılıb. HUİ - 630205A386; - “N” nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 348 nömrəli əmrdən çıxarışa əsasən (§ 9), hərbi hissənin döyüş hazırlığını yüksək səviyyədə saxlamaq məqsədi ilə aşağıda adları göstərilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların yerdəyişməsi həyata keçirilsin, 8. Əsgər İddiaçı - 25-ci radiolokasiya bölüyünün səyyar radiohündürlükölçən stansiyasının (PRV-16) baş sürücü - elektriki vəzifəsindən - 25-ci radiolokasiya bölüyünün rabitə və idarəetmə taqımının qəbuledici ötürücü bölməsinin radiotelefonçusu vəzifəsinə; - “N” nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 164 nömrəli əmrdən çıxarışa əsasən (§ 3), aşağıda adları çəkilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları qanunvericilikdə nəzərdə tutulmuş hərbi xidmət müddətlərinin başa vurduqlarına görə 01 iyul 2021-ci il tarixden hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, 30 iyul 2021-ci il tarixdən isə pul təminatından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilsinlər: 21. Əsgər İddiaçı, 25-ci radiolokasiya bölüyünün rabitə və idarəetmə taqımının qəbuledici-ötürücü bölmənin radiotelefonçusu - Gədəbəy rayon şöbəsinə. Hərbi qulluqçulara Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarına əsasən nəzərdə tutulmuş birdəfəlik pul və yol xərci müavinətləri verilsin; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 90 nömrəli arayışına əsasən, İddiaçı (xx.xx.2001) həqiqətən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin “25-ci radiolokasiya bölüyünün rabitə və idarəetmə taqımının qəbuledici-ötürücü bölmənin radiotelefonçusu” vəzifəsində xidmət edib və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli “066” nömrəli döyüş əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur.

3. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi “N” nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-248/2-434/25 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər. b) Tərəflərin ərizəsi, vəsatəti və iştirakı

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 23 iyul 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış. Azərbaycan Respublikası müdafi nazirinin 01 iyul 2021-ci il tarixli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixdə Qarabağda başlatdığı əks hücüm əməliyyatlarında “N” nömrəli hərbi hissənin tərkibində işğalda olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatlarında iştirak etməyi barədə qeydlər hərbi biletə müvafiq hərbi hissə tərəfindən yazılaraq təsdiq edilmişdir. İddiaçı qeyd edir ki, lakin hazırkı dövrədək ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməyib. "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sına ünvanlanmış çoxsaylı müraciətləri cavabsız qaldığı üçün 20 noyabr 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə icraatı dövründə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən barəsində müsbət rəy verilmiş, toplanılmış və komissiyada müsbət rəy verilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün 27 aprel 2024-cü tarixdə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1095/2024 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə mübahisə olmadığı hesab edilərək icraata xitam verilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, “Müharibə veteranı” adının verilməsi üçün toplanılmış və komissiyada müsbət rəy verilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün 27 aprel 2024-cü il tarixdə göndərilmiş, lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olmadığına görə Nazirlər Kabineti tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı xx.xx.2025-ci il tarixli məktubu iddiaçının ünvanına 22 aprel 2025-ci il tarixdə daxil olmuşdur. Belə olan halda iddiaçı hesab edir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbi ilə yenidən məhkəməyə müraciət etməlidir və bunu da qeyd etməlidir ki, onunla eyni hərbi hissə və bölmədə xidmət etmiş əsgər yoldaşı X1 da daxil olmaqla digər əsgər yoldaşlarının adları “Müharibə veteranı” siyahısına daxil edilərək onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir.

6. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı vəsatət məhkəməyə daxil olmuş və vəsatətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İnzibati iş materialına əlavə edilmiş Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli, 3-25-14/2-S-25xx-xx/2025 nömrəli məktubundan görünür ki, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün hərbi hissədən daxil olan sənədləri razılaşdırılması məqsədi ilə 27 aprel 2024-cü il Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmiş, lakin sənədlər təsdiq olunmamışdır. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə Müdafiə Nazirliyinin üzərinə qoyulmuş öhdəliklər Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən tam yerinə yetirilmişdir. İş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsi xahiş edilmişdir.

7. “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron kabinetə yüklənmiş xx.xx.2026-cı il tarixli ərizəyə əsasən, iddiaçı iş yükünün çox olduğuna görə məhkəmə işi üzrə xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.

9. Tərəflərin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

10. İlk öncə onu qeyd etmək lazımdır ki, hazırda iddiaçı tərəfindən qaldırılan öhdəliyin icrası haqqında iddia - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddiadır. Bu kimi iddialarda qanunvericiliyin əsas tələbi məhkəməyə müraciət etməmişdən öncə eyni tələblə cavabdeh inzibati orqana müraciət edilməsidir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş cavabdehin xx.xx.2025-ci il tarixli 3-25-14/2-S-25xx-xx/2025 nömrəli məktubuna əsasən, İddiaçı “Müharibə Veteranı” adının verilməsi üçün toplanılmış və komissiyada müsbət rəy verilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün 27 aprel 2024-cü il tarixdə göndərilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməyi ilə bağlı təqdim olunan sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranıadlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olmadığına görə Nazirlər Kabineti tərəfindən geri qaytarılmışdır.

11. Hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Hazırkı iş üzrə cavabdeh tərəfindən müvafiq imtina verilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün iddiadır, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

12. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

14. Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3.inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1.Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1.Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

15. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

17. Hazırkı işdə iddiaçının əsas hüquqi marağı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi olmuş, bununla bağlı cavabdeh orqana müraciət etsə də ona yazılı imtina cavabı verilmişdir.

18. Beləliklə, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş prosessual hərəkətlər yerinə yetirilmişdir.

19. Cavabdehin imtinasına səbəb kimi iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməyi ilə bağlı təqdim olunan sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsqiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranıadlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olmadığına görə Nazirlər Kabineti tərəfindən geri qaytarıldığı qeyd edilmişdir.

20. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə razılaşmır və hesab edir ki, imtina qanunsuzdur və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

21. Məhkəmə hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə “Müharibə” veteranı adının verilməsi şərtləri iddiaçı tərəfindən tam ödənilmişdir.

22. Belə ki, 1-ci hissəsinin 10-cu abzasında qanunvericiliyin iki əsas tələbi qeyd edilmişdir: birincisi zaman faktoru, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək döyüş əməliyyatlarında iştirak etmək; ikincisi məkan faktoru, yəni Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının iştirakçısı olmaq. Beləliklə, qeyd edilən hər iki faktor iddiaçı tərəfindən ödənilir.

23. Birinci faktor, yəni zaman faktoruna münasibətdə məhkəmə qeyd edir ki: 1) iddiaçıya məxsus hərbi biletin 21-ci səhifəsində onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Vətən müharibəsində iştirak etməsi əks olunmuş; 2) “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən Hava Hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə arayış-məlumatın 6-cı, həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş və ya döyüş təminatı üzrə növbəyə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə) bəndində hərbi hissə komandirinin xx.xx.2020-ci il, 066 nömrəli döyüş əmri qeyd edilmiş; 3) “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən Hava Hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə arayış-məlumatın 7-ci, həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə) bəndində xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixinədək düşmənin hava hücum vasitələrinin, pilotsuz uçuş aparatlarının və atılan ballistik raketlərin aşkarlanmasında və məhv olunması üçün döyüş və kəşfiyyat məlumatlarının ötürülməsində iştirak etməsi göstərilmiş; 4) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin xx.xx.2025ci il tarixli, 90 nömrəli arayışına əsasən, İddiaçı (xx.xx.2001) həqiqətən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “N” saylı hərbi hissənin “25-ci radiolokasiya bölüyünün rabitə və idarəetmə taqımının qəbuledici-ötürücü bölmənin radiotelefonçusu” vəzifəsində xidmət etdiyi və “N” saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli “066” nömrəli döyüş əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunduğu bildirilmişdir.

24. Göründüyü kimi, iddiaçı tərəfindən zaman faktoru ilə bağlı qanunvericiliyin tələbi tam şəkildə ödənir.

25. İkinci faktor, yəni məkan faktoruna münasibətdə məhkəmə qeyd edir ki, “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən Hava Hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə arayış-məlumatın 8-ci, iştirak etdiyi ərazilər qismində Füzuli rayonu qeyd edilmişdir.

26. Beləliklə, iddiaçı tərəfindən məkan faktoru ilə bağlı da qanunvericiliyin tələbi tam şəkildə ödənir.

27. Həmçinin, əsasnamədə digər bir tələb Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə “Müharibə veteranı” adının və vəsiqəsinin verildiyi qeyd edilmişdir.

28. Sözügedən tələblə bağlı qeyd etmək lazımdır ki, “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən Hava Hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə arayış-məlumatın 7-ci bəndində əsgər İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixinədək düşmənin hava hücum vasitələrinin, pilotsuz uçuş aparatlarının və atılan ballistik raketlərin aşkarlanmasında və məhv olunması üçün döyüş və kəşfiyyat məlumatlarının ötürülməsində iştirak etdiyi qeyd edilmiş, bu isə sözügedən Əsasnamənin 11-ci abzasında nəzərdə tutulan tələbi ödəyir.

29. Məhkəmə bir məsələni də diqqətə çatdırır ki, Əsasnamənin qeydində Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verildiyi qeyd edilsə də sözügedən ümumi məhkəmə təcrübəsi dəyişmişdir. Cavabdeh də məhkəməyə göndərdiyi vəsatətində İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün hərbi hissədən daxil olan sənədləri razılaşdırılması məqsədi ilə 27 aprel 2024-cü il Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinə, lakin sənədlər təsdiq olunmamasına, bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə Müdafiə Nazirliyinin üzərinə qoyulmuş öhdəliklər Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən tam yerinə yetirilməsinə istinad edərək iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsi xahiş edilmişdir.

30. Məhkəmə qeyd edilən vəsatəti əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi, ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. İddiaçının halına münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmişdir. Bununla yanaşı, Əsasnamənin Qeyd hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab etmişdir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.

31. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1729/2025 nömrəli qərarında da öz əksini tapmışdır.

32. Nəticə etibarilə, məhkəmə müəyyən edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarında göstərilən şərtlərə tam uyğun gəlir. O, döyüş əməliyyatları aparan hərbi hissəyə ezam edilmiş, həmin hissənin maddi-texniki təminatı üzrə döyüş tapşırıqlarını yerinə yetirmişdir. Bu faktlar təsdiq olunduğundan və müvafiq sənədlərlə sübut edildiyindən, o, “Müharibə veteranı” adı almaq hüququ olan şəxslər sırasına daxildir.

33. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 58, 68 və 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar