Məhkəmə qərarları › İş №2-1(114)-421/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-421/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-421/2022 25.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Goranboy Bələdiyyəsinə qarşı torpaq sahəsinin əvəzləşdirilmə yolu ilə ayrılıb verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə qərar qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Goranboy bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 13.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə əvəzləşdirmə yolu 1000 kv.m torpaq sahəsinin ayrılıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy Bələdiyyəsinin 20.11.2007-ci il tarixli, 11 №-li qərarı ilə Goranboy bələdiyyəsinin ehtiyat fondunun alğı-satqı predmeti olan, şəhərin 54-cü kvartalından, kənd təsərrüfatına yararsız torpaq sahəsindən - yolun təsir zonasından kənarda 1000 kv. m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı qaydasında iddiaçıya satılmışdır. Qeyd olunan torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 7 saylı Bərdə Ərazi idarəsinə müraciət etmiş, lakin inzibati orqan həmin torpaq sahəsinin Ağdaş MQKS-nin balans və istismarında olan 325 mm-lik yüksək təzyiqli Goranboy qolu qaz kəmərinin üzərində və mühafizə zolağında yerləşdiyindən imtina etmişdir. X1 yeni torpaq sahəsi ayrılıb verilməsi barədə şifahi, 04.06.2021-ci il tarixdə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Sonuncu dəfə Goranboy Bələdiyyəsinə 04.11.2021-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmiş, iddiaçıya 07.12.221-ci il tarixli, 123 №-li məktubla torpaq sahəsinin əvəzləşdirilməsi hal-hazırda mümkün olmadığı bildirmiş, sonuncu bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 25 yanvar 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun vəkili X5 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Goranboy Bələdiyyəsinin 07.12.2021-ci il tarixli, 123 nömrəli məktubu; -Goranboy bələdiyyəsinin 20.11.2007-ci il tarixli, 11 nömrəli qərarının, 171 nömrəli yerin seçilmə aktının və torpaqların alqı-satqısına dair aktın surətləri; - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin 20.07.2007ci il tarixli, 91 nömrəli rəyin surəti; -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 16.09.2009cu il tarixli, 225478 nömrəli torpaq sahəsinin plan və ölçüsünün surəti məktubu; - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-24/2018 nömrəli, 05 aprel 2018-ci il tarixli qərarı təşki edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən etmişdir ki, iddiaçıya Goranboy Bələdiyyəsinin 20.11.2007-ci il tarixli, 11 nömrəli qərarı ilə Goranboy bələdiyyəsinin ehtiyat fondundan 1000 kv.m torpaq sahəsi satılmışdır. Sonradan iddiaçı həmin torpaq sahəsini özəlləşdirmək istəyən zaman ona məlum olmuşdur ki, həmin torpaq sahəsindən qaz borusu keçir. Torpaq sahəsinin özəlləşməsinə dair müraciəti Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən təmin edilmədiyindən məcbur qalıb məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 05.04.2018-ci il tarixli, 2-1(83)-24/2018 nömrəli qərarı ilə iddiası təmin edilməmiş və cavabdeh olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 7 saylı Bərdə Ərazi idarəsinin imtinası qanuni hesab edilmişdir. X4 torpaq sahəsinin əvəzləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan cavabdeh orqan iddiaçıya ünvanladığı məktubunda Goranboy bələdiyyəsinin Goranboy şəhər ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün kənd təsərrüfatına yararsız torpaq sahəsi olmadığından iddia etdiyiniz torpaq sahəsinin əvəzləşdirilməsi hal-hazırda mümkün olmadığı və Goranboy bələdiyyəsinin yeni (TEKUİS) xəritəsinin işlənildiyi, həmin xəritə tam təsdiq olunduqdan sonra xəritə əsasında boş və kənd təsərrüfatına yararsız torpaq sahələri müəyyən edilərsə bələdiyyə iclasında müraciətə baxılacağı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məktubunda 7 saylı Bərdə Ərazi İdarəsinin iddiaçıya ünvanladığı məktubunda sənəd üzrə 1000.0 kvm. olan sahibkarlıq məqsədli torpaq sahəsinə naturada müayinə baxış keçirilərkən ayrılmış torpaq sahəsinin 380 mm-lik qaz boru kəmərinin, şəhərlərarası kabel xəttinin və 1020 mm-lik su kəmərinin qorunma zolağına düşdüyü və “Qaz İxrac” İdarəsi Ağdaş Magistral X7 balans və istismarında olan 325 mm-lik yüksək təzyiqli Goranboy boru qaz kəmərinin üzərində (mühafizə zonasında) yerləşdiyi müəyyən olunmuşdur Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı hesab edir və bunu aşağıdakılarla əsaslandırır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. -6.7-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. -9.1 maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -20.1 maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Göründüyü kimi cavabdeh orqan olan bələdiyyənin iddiaçıya satmış olduğu torpaq sahəsinin əvəzləşdirilməsi mümkün deyil, lakin məhkəmə iddiaçının hüquqlarını nəzərə alaraq aşağıdakıları qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Kostitusiyasının 61-cı maddəsinin İ bəndinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. -Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət: -Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı torpaq sahəsini almış olsa da, hazırda həmin torpaq sahəsini özəlləşdirə bilmir, lakin məhkəmə qeyd etmək istəyir ki, iddiaçı ona vurulmuş ziyan ilə əlaqədar müvafiq məhkəməyə iddia ilə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Goranboy Bələdiyyəsinə qarşı torpaq sahəsinin əvəzləşdirilmə yolu ilə ayrılıb verilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar