Məhkəmə qərarları › İş №2-1(114)-421/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-421/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-421/2024 14.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2002-ci ildən-xx.xx.2024-cü ilə kimi "xxxx" ASC-də 7 nömrəli dəmirçi sexində y/fəhlə işləməyinə dair, yəni əmək kitabçasında qeyd olunmamış stajın tanınması və pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuş, uzun illər əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-də 7 nömrəli dəmirçi sexində y/fəhlə vəzifəsində işləmiş, 84 nömrəli əmrinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Lakin bu onun əmək kitabçasında qeyd olunmamışdır. İddiaçı pensiya təyin olunması barədə cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən imtina cavabı verilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində texniki səhvə yol verilmişdir, ona görə də xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-də 7 nömrəli dəmirçi sexində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının 25 il sosial sığorta stajı yaranmadığına görə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (21 il 10 ay 4 gün (xx.xx.1979- xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1989-cu il, xx.xx.1989- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1994-cü il və 2006-2022-ci illər üzrə cəmi 9 il 2 ay)) təşkil edir. Eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24904,66 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mahiyyətindən də məlum olur ki, iddiaçının hüquqi marağı işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və güzəştli iş stajına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı şərtlər tələb olunur: qanunla müəyyən edilmiş pensiya yaşına çatması (5 il azaldılmaqla) və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay stajının olması. İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və 60 yaşına çatmışdır. Onun güzəştli iş stajı cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Mübahisəli hal onun qanunla müəyyən edilmiş həcmdə ümumi iş stajının olmaması ilə bağlıdır. İşdəki sənədlərlə iddiaçının ümumi stajının 25 ildən az (21 il 10 ay 4 gün (xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1994-cü il və 2006-2022-ci illər üzrə cəmi 9 il 2 ay)) təşkil etdiyi müəyyən olunur. Belə olan halda iddiaçının tələb etdiyi xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-də 7 nömrəli dəmirçi sexində işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi halında da tələb olunan 25 il ümumi staj yaranmış olmur. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı tələb olunan kapitaldan azdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmır. Məhkəmə bundan əlavə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsində nəzərdə tutulan güzəşt (2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır.) Qanunun 22-1.4.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi zamanı tətbiq edilmir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında qeyd edilmiş göstərişlərə tam əməl edilməsi (mahiyyəti üzrə qərara qəbul edilməsi baxımından) formalaşmış mövcud məhkəmə təcrübəsi baxımından mümkün deyil. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, inzibati orqanın imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar