Məhkəmə qərarları › İş №2-1(114)-4214/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4214/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4214/2023 24.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğvi və üçüncü dərəcə əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğv edilməsi və üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 449 nömrəli qərarda “Budun çanaq nahiyyəsinin və onurğa sütununun travması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. xx.xx.2015-ci il tarixdən xx.xx.2016-ci il tarixədək 1 il müddətinə və xx.xx.2016-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə İddiaçı əlillik Məhərrəm oğluna Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli təyin edilmişdir.

3. İddiaçı əlillik Məhərrəm oğlunun əlillik müddətinin bitməsi ilə əlaqədar onun əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0495003AALJ6 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir.

4. İddiaçı əlillik vəziyyəti yenidən tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli N00020054DLİ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir.

5. İddiaçı əlilliyinin qiymətləndirilməsi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının qərarından verdiyi şikayətə xx.xx.2022-ci il tarixdə baxılaraq, əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərar qəbul edilmişdir. Bu barədə qərar xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli göndərişə əsasən 3-cü dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1970-ci il tarixində anadan olmuşdur. X6, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəstəliklə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ona əlillik təyin edilmişdir. Xəstə olmağına baxmayaraq, dəfələrlə tibb müəssiəsinin göndərişi cavabdehə göndərilsə də cavabdeh ona əlillik təyin etmək əvəzinə əlilik təyinatından imtina etmişdir. Sonuncu dəfə xx.xx.2022ci il tarixdə o, tibb müəssiəsinin göndərişi əsasında növbəti dəfə təkrar səbətində olan ağır xəstəliklərlə bağlı müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh ona dəfələrlə müraciət etdikdən sonra müddətsiz əlillik təyin etmək əvəzinə əlillik təyinatından imtina etmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona əlillik təyinatından imtina etməsini əsassız və qanunsuz hesab edir, belə ki, o, müharibədə yaranmış səbəbdən ağır xəstədir, bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən ona xx.xx.2022-ci ildə əlillik təyinatından imtina etməsi ləğv edilməli və 3-cü dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməlidir. Qeyd elmək istəyir ki, onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, əvvəl qiymətləndirilmiş və əyani müayinədə olmuşdur. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyi məhkəmə qaydasında həll edilməsi məqsədi ilə hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraatı üzrə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

10. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.

11. İddiaçı həmin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarının ləğv olunmasını və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” üçüncü dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

12. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0495003AALJ6 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 449 nömrəli qərar verilmişdir. Həmin qərarda “Budun çanaq nahiyyəsinin və onurğa sütununun travması” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısı, sağ ayağa irradiasiya edən bel ağrısından şikayət etmişdir. Müayinə zamanı hər iki aşağı ətrafda reflekslər canlı çağrılmış, əzələ inkişafı bərabər, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Halhazırda medikamentoz preparat qəbul etmədiyini, ağrı zamanı "Diklofenak" qəbul etdiyini qeyd etmişdir. X2 xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi “Saqda xroniki dönəm L4-5 radikulopatiyanı düşündürməkdədir” kimi qeyd olunmuşdur. X4 xx.xx.2022-ci il tarixli Onurğa sütunu bel və oma nahiyəsinin KT müayinəsinin nəticəsində əlillik təyinatına əsas verən dəyişikliklər aşkarlanmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

14. İddiaçı məhkəmə iclasında müddətin bərpasına dair ərizə təqdim edərək, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddia qaldırmamasının səbəbinin xəstəliyi ilə əlaqədar olduğunu bildirmiş və ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir.

15. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 2022-ci ilin noyabr-dekabr aylarında ona imtina barədə sms gəlmiş, lakin səhhətində olan xəstəlikləri ona vaxtında iddia qaldırmağa imkan verməmişdir. Onun həmin müddətdə stasionar və ya ambulator müalicə alması və reseptləri yoxdur. O, evdə reseptsiz müalicə olunduğundan bu barədə heç bir sübut təqdim edə bilmir.

16. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddiaçının müddətin bərpasına dair ərizəsinin təmin edilməməsini və müddətin ötürülməsi əsası ilə iddianın mümkün sayılmamasını xahiş etmişdir.

17. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, istər əlillik təyinatı barədə, istərsə də əlillik təyinatından imtina barədə qərar qəbul edildikdən sonra 10 gün müddətində həm sms vasitəsilə mobil nömrəsinə göndərilir, həm bu barədə “Əlillik” altsistemə yerləşdirilir ki, vətəndaş öz şəxsi kabinetinə daxil olaraq onunla tanış ola bilir.

Əsaslandırma hissəsi:

18. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır.

19. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

23. Sadalanan normaların məzmunundan müəyyən olunur ki, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;

5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri).

24. İstənilən növ iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iş üzrə isə iddiaçının ona əlillik dərəcəsinin təyin edilməsi barədə əlverişli inzibati aktın qəbul edilməsi barədə iddiası məcburetmə haqqında iddia növünə aid olmaqla, bu iddianın mümkün sayılması üçün müddətə dair xüsusi mümkünlük şərti ödənilməlidir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.

26. İşin hallarından müəyyən olunur ki, iddiaçı məcburetmə haqqında iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir.

27. Belə ki, İddiaçı əlillik Məhərrəm oğlunun əlillik müddətinin bitməsi ilə əlaqədar onun əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0495003AALJ6 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Bundan sonra İddiaçı əlillik vəziyyəti yenidən tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli N00020054DLİ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İddiaçı əlilliyinin qiymətləndirilməsi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının qərarından verdiyi şikayətə xx.xx.2022-ci il tarixdə baxılaraq, onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərar qəbul edilmişdir. Bu barədə qərar xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na görə: Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Bənd 2.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na görə: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

30. Qanunverciliyin sadalanan müddəalarından göründüyü kimi, əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq tibb müəssisəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər tərtib edilir, gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir. “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə tibbi göndəriş yerləşdirildikdən sonra qiymətləndirmə aparılması üçün TSEK-in altsisteminə ötürülür. Bundan sonra TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir.

31. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2022ci il tarixdə əyani müayinə ilə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərar qəbul edilmişdir. Bu barədə qərar xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. Qeyd edilən qərarın qəbulundan təxminən 9 aya yaxın müddət keçdikdən sonra iddiaçı hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və tələbində xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarının ləğv olunmasını və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” üçüncü dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

32. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli tibbi göndərişin üzərindən 1 ilə yaxın müddət keçdikdən sonra hazırkı halda iddiaçının qiymətləndirilməsi də mümkün deyildir. Nəzərə alınmalıdır ki, tibbi göndərişlər şəxsin verildiyi vaxt müddətli olaraq sağlamlıq vəziyyətini ifadə edir və sağlamlıq vəziyyəti dəyişkən olduğundan əlillik təyinatının qiymətləndirilməsi üçün də yeni tibbi göndərişlərin yerləşdirilməsi tələb olunur.

33. İddiaçı barəsində tibbi göndəriş xx.xx.2022-ci il tarixdə tərtib olunmuş, tibbi göndərişin etibarlılıq müddəti 1 ay olmaqla artıq etibarlılıq müddəti keçmişdir. Hazırkı halda etibarlı hesab edilməyən tibbi göndərişin və həmin tibbi göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verib-verməməsi, cavabdeh orqanın həmin tibbi göndərişdəki diaqnoz ilə bağlı xx.xx.2022-ci il tarixli imtinasının əsaslı olubolmamasının hazırkı inzibati məhkəmə icraatı gedişində qiymətləndirilməsi də mümkün hesab edilə bilməz.

34. İddiaçı da sədrlik edənin suallarına cavab olaraq 2022-ci ilin noyabr-dekabr aylarında ona imtina barədə sms gəldiyini bildirmiş və iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyünü bildirmiş və müddətin bərpasına dair ərizə təqdim etmişdir.

35. Yəni, iddiaçının ona əlilliyin təyin edilməsindən imtina barədə qərardan 2022-ci ilin noyabr-dekabr aylarında məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

36. İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddia qaldırmamasının səbəbini xəstəliyi ilə əlaqələndirmiş, lakin 2022-ci ilin ən gec halda dekabr ayından iddia qaldırdığı xx.xx.2023-cü ilədək iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsasları təqdim etməmişdir.

37. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, səhhətində olan xəstəlikləri ona vaxtında iddia qaldırmağa imkan verməmişdir. Onun həmin müddətdə stasionar və ya ambulator müalicə alması və reseptləri yoxdur. O, evdə reseptsiz müalicə olunduğundan bu barədə heç bir sübut təqdim edə bilmir.

38. Məhkəmə iddiaçının xəstəliyinə görə vaxtında iddia qaldıra bilməməsi barədə heç bir sübuta əsaslanmayan dəlillərini müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, iddiaçı xəstə ola bilər, lakin bu xəstəlik halı onun vaxtında iddid qaldırmasını mümkünsüz etməlidir ki, bunu da iddiaçı sübuta yetirməlidir.

39. Yəni, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.

40. Hazırkı işdə isə iddiaçının ərizəsində gətirdiyi arqument sadalanan üzrlülük meyarlarına cavab vermir.

41. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).

43. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

44. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

45. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

46. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

48. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

49. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

50. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

51. Beləliklə, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürdüyündən onun müddətin bərpasına dair ərizəsi təmin edilməməli və iddia müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

52. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar