Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4214/2025 30.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iddianın təmin edilib, ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2002-ci il tarixdə Göygöl rayonunda, anası X12 xx.xx.1980-ci ildə Kəlbəcər rayonu, Əlibayramlı kəndində (indiki Mollabayramlı kəndi) anadan olmuşdur. Anası 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. Anası X1 AA № 030931 nömrəli, xx.xx.1997-ci il tarixli məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ona məcburi köçkün statusunun verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə rəsmi qaydada müraciət etmiş, lakin cavabdeh xx.xx.2025-ci il tarixli, 3-36-3/2-M-38xxxx/2025/4455 nömrəli məktubu ilə ərizənin icrasından imtina etmişdir. Məktubda bildirilmişdir ki, onun atası X10 məcburi köçkün statusuna malik olmadığından ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi imkan xaricindədir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbi əsassız olduğu üçün rədd edilməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı “məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilmişdir ki, atası X11 məcburi köçkün statusuna malik olmadığından ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, X5 atası məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir, Göygöl rayonu, Hacıməlik qəsəbə əld, Hacıməlik qəsəbəsi ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır, iddiaçının anası X12 isə Kəlbəcər rayonu, Mollabayramlı kəndi ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirilmişdir ki, X12 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malikdir. X5 atası X11 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Göygöl rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, iddiaçının atası X11 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatı Tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşin halları Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən X8 xx.xx.2000-ci il tarixdə AA seriyalı 030931 №-li məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, atası X11 məcburi köçkün statusuna malik olmadığından ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 rayonundan məcburi köçkündür. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elekton məlumat bazasında X7 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı atası X10, anası X9r. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı və atası X3 rayonu, Hacıməlik Qəsəbə Ə/D, Hacıməlik qəsəbəsi ünvanında, anası X2 rayonu, Mollabayramlı kəndində qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1 . Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, həmçinin vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. İşin hallarından görünür ki, İddiaçı anası X2 rayonu, Əlibayramlı (Mollabayramlı) kəndində qeydiyyatdadır. X2 rayonundan məcburi köçkün düşmüş, Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi tərəfindən ona məcburi köçkün statusu və vəsiqəsi verilmişdir. Hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı hazırkı iddia tələbi ilə, anasının məcburi köçkün olmasını nəzərə alaraq ona məcburi köçkün vəsiqəsinin verilməsini xahiş edir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi İddiaçı atası X6 məcburi köçkün olmaması ilə əlaqədar olaraq İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina etmişdir. İş materialları ilə müəyyən olunur ki, həqiqətən İddiaçı atası Göygöl rayonu, Hacıməlik Qəsəbə Ə/D, Hacıməlik qəsəbəsində qeydiyyatdadır. Lakin məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarda göstərilən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün nəzərdə tutulan “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqlara” tələbi Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbinə görə Qaydalar Qanuna uyğun olmalı, Qanunun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Digər tərəfdən Qaydalarda göstərilən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün nəzərdə tutulan “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqlara” tələbi hüquq və azadlıqların məhdudlaşdırılmasına gətirib çıxarır. Bu məhdudiyyət isə hüquqa müdaxilə ilə bağlı qanunilik prinsipinə uyğun deyil. Həmçinin iddiaçının anasının qeydiyyatda olduğu yer Kəlbəcər rayonu, Əlibayramlı (Mollabayramlı) kəndi 2024-cü ilin 1 may tarixindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən məcburi köçkün statusunun ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsinin dayandırıldığı rayon və kəndlərin siyahısında olmadığından, hazırda iddiaçıya məcburi köçkün statusunun verilməsi mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-4214/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4214/2025
30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver