Məhkəmə qərarları › İş №2-1(114)-4215/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4215/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4215/2025 02.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Goranboy rayonu, Zeyvə kəndi ərazisində yerləşən və onun mülkiyyətində olan 0.19 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş, ümumi sahəsi 174.7 kv.m olan fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Goranboy rayonu, Zeyvə kəndi ərazisində yerləşən və onun mülkiyyətində olan 0.19 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş, ümumi sahəsi 174.7 kv.m olan fərdi yaşayış evinin enerji təchizatlı şəbəkəsinə qoşulması ilə bağlı "xxxx" ASC-yə müraciət etmiş və cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 13-13/2-2/01-4-R-1817/4- 5/2025 nömrəli məktubda bildirmişdir ki, Goranboy rayonu, Zeyvə kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətinə (xx.xx.2025-ci il tarixli, 13-13/1-R-1817/4-5/2025 nömrəli) "xxxx" ASC-də baxılmışdır. Bununla bağlı bildirilir ki, qeyd edilən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün "ASAN xidmət" mərkəzində etbarnamə əsasında xx.xx.2024cü il tarixli ATS**********4024 nömrəli müraciəti qeydə alınmışdır. Müraciət əsasında fərdi yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilən zaman evin 35/10 kV-luq "Gülüstan" Y/STdan çıxan 10 kV-luq "Qaraçinar" elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edimiş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərüfat işlərinin aparılmasına dair Tələblər"in 2-ci bəndinə uyğun olaraq elektrik şəbəkələrinin mühafizə zonaları elektrik veriliş xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində yer səthinə proyeksiyasından hər iki tərəfə gərginliyi 10 kV-luq hava elektrik veriliş xətləri üçün 10 metr müəyyən edilmişdir. Vətəndaşlar tərəfindən elektrik qurğularının mühafizə zonasında tikinti obyektlərinin inşa edilməsi həmin qurğulara onun mülkiyyətçiləri və istismarçıları tərəfindən texniki xidmətin göstərilməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir. Bundan başqa elektrik qurğularının mühafizə zonalarında vətəndaşlar tərəfindən tikinti oblektlərinin tikilməsi vətəndaşların sağlamlığına zərər vurmaqla yanaşı qəza hallarında və yə həmin qurğulara xidmət göstərilən zaman onların mülkiyyətinə zərər vurulmasına gətirib çıxara bilər. Əlavə olaraq bildirilir ki, 160-İİQ nömrəli 29 iyun 2001-ci il tarixli "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.4 bəndinin tələblərinə uyğun olaraq elektrik xətlərinin mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Odur ki, vətəndaşlar və elektrik qurğularının mülkiyyətçiləri və ya istismarçıları tərəfindən yuxarıda qeyd olunan "Qaydalar"ın tələblərinin pozulması nəticəsində məsuliyyətin yaranmasını nəzərə alaraq, elektrik şəbəkələrinin qorunmasını təmin etmək, qəzaların və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasının təmin edilməsi məqsədilə mühafizə zonalarında inşa edilmiş tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması yolverilməzdir. Əlavə olaraq bildirilir ki, qeyd edilən müraciət əsasında ödənilmiş məbləğin geri qaytarılması üçün sifarişçinin bank hesab rekvizitlərini təqdim etməklə "ASAN xidmət" mərkəzinə ərizə ilə müraciət etməyi tövsiyyə olunur.

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Zeyvə kəndi ərazisində yerləşən və onun mülkiyyətində olan 0.19 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş, ümumi sahəsi 174.7 kv.m olan fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdiyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 26 sentyabr 2024-cü il tarixli qeydiyyat nömrəsi ********** olan, 0,19 ha torpaq sahəsində yerləşən 174.7 kv.m olan fərdi yaşayış evi tam olaraq xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. O, yeni tikdirdiyi yaşayış evinin enerji təhcizatı şəbəkəsinə qoşulması üçün cavabdeh təşkilata müraciət etmişdir. Bu məqsədlə cavabdehin göstərişinə əsasən "ASAN ödəniş" sistemi vasitəsi ilə evinin elektrik şəbəkəsinə qoşulması üçün 240 (iki yüz qırx) manat xidmət haqqı da ödəmişdir. Lakin, müraciəti müsbət həll olunmadı. Belə ki, cavabdeh təşkilatın ona ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilir ki, tikdirdiyi ev 35/10kV-lıq "Gülüstan" Y/st-dan çıxan 10kV-lıq "Qaraçinar" elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. Bu barədə olan imtina məktubunu məhkəməyə təqdim edir. O, bununla razı deyil. Əvvəla, təqdim etdiyi sənədlərdən görünür ki, o, 0.19 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 174.7 kv.m olan yaşayış evinin tam mülkiyyətçisidir. Həmin həyətyanı torpaq sahəsi və ev Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq ona mülkiyyətini təsdiqləyən çıxarış verilmişdir. Əgər tikdirdiyi ev cavabdehin qeyd etdiyi kimi elektrik verilişi xəttinin mühafizə zonasında yerləşirdisə nə üçün ona mülkiyətini təsdiqləyən sənəd verilmişdir?. Bundan başqa onun evinin ətrafında olan yaşayış evlərinin hamısı elektrik enerjisi ilə təchiz olunmuşdur. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli 261 nömrəli Qərarına əsasən, "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər"in 2.2.3-cü bəndinə uyğun olaraq elektrik şəbəkələrinin mühafizə zonaları, hava elektrik veriliş xətləri üçün 15 metr müəyyən edilmişdir. İndi istəyir ki, onun evi də enerji təhcizatı şəbəkəsinə qoşulsun. "xxxx" ASC bunu etmədiyi üçün məhkəməyə müraciət edir.

Əsaslandırma hissəsi:

4. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

5. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

6. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

7. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmayan mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

8. İddia ərizəsindən görünür ki, hazırkı mübahisə istehlakçı olan iddiaçı ilə əhalinin elektrik enerjisi təchizatını həyata keçirən təbii inhisar subyekt arasında fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı yaranmışdır və bu, təbii inhisar subyektinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə deyildir və belə mübahisələrə mülki məhkəmə icraatı qaydasında rayon (şəhər) məhkəmələri tərəfindən baxılır.

9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Bənd 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır.

10. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.

11. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

14. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.

15. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iddiaçıların dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçıların dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacağından icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar