Məhkəmə qərarları › İş №2-1(114)-422/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-422/2020

30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-422/2020 30.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsi) qarşı iş illərinin və təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, 1972-1973-cü illərdə təhsil aldığı, 1971-1998-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-1973-cü illərdə təhsil aldığı, 1971- 1998-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə əlaqədar AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı əmək stajı əmək kitabçasında qeyd olunmadığından, eləcə də, “Əmək pensiyaları haqqında ”Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsinə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmədiyindən həmin müddətlərin sosial sığorta stajına hesablanmasından imtina edilmişdir. Arxiv arayışı ilə iddiaçının əmək stajı 22 il 6 ay təşkil edir, hərbi xidmət illəri şöbə tərəfindən qəbul edilsə də, təhsil illəri qəbul edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubundan görünür ki, İddiaçı təqdim etdiyi sənədlərdə xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil müddəti və 1971,1972, 1976-1998-ci illər işlədiyi müddət nəzərə alınmadığı üçün sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. -İddiaçı məxsus ******* nömrəli, xx.xx.1973-cü il tarixli attestatın surətindən görünür ki, sonuncu xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Bərdə 5 nömrəli orta təhsilli kənd texniki peşə məktəbində “maldarlıq fermalarının mexanizatoru” sənəti üzrə təhsil almışdır. -Tərtər rayon Dövlət Arxivindən verilən xx.xx.2019-cu il tarixli, 90 nömrəli arxiv arayışının surətindən görünür ki, İddiaçı 1971, 1972, 1976-1998-ci illərdə sabiq “Frunze” adına kolxozda işləmiş və əmək haqqı almışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X2 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı məxsus ******* nömrəli, xx.xx.1973-cü il tarixli attestatın surətindən görünür ki, o, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Bərdə 5 nömrəli orta təhsilli kənd texniki peşə məktəbində “maldarlıq fermalarının mexanizatoru” sənəti üzrə təhsil almışdır. Məhkəmə qeyd olunan attestatı mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. İddiaçının 1972-1973-cü illərdə Bərdə 5 nömrəli orta təhsilli kənd texniki peşə məktəbində təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Buna görə də hazırki mübahisə həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarının tələbi əsasında həll edilməlidir. Bundan başqa təqdim edilmiş arxiv arayışının surətindən də göründüyü kimi iddiaçı 1971, 1972, 1976-1998-ci illərdə sabiq “Frunze” adına kolxozda işləmiş və əmək haqqı almışdır. Cavabdehin nümayəndəsi həmin arayışla iddiaçının iş stajının 22 il 6 ay təşkil etdiyini bildirmişdir. Məhkəmə qeyd olunan arxiv arayışını mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarəvə təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 0635374 nömrəli, xx.xx.1973-cü il tarixli attestatla İddiaçı təhsil aldığı müddətin və Azərbaycan Respublikası Milli X5 rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 90 nömrəli arxiv arayışı ilə əmək fəaliyyətini əks etdirən 1971, 1972, 1976-1998-ci illərə dair müddətlərin sosial sığorta stajına daxil edilməsivəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar