Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-422/2022 19.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Göygöl rayon Aşıqlı Bələdiyyəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Göygöl rayon Aşıqlı Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin qanunsuz əməlləri səbəbi ilə vaxt itkisinə məruz qaldığı üçün 2000 manat məbləğində maddi və cavabdehin məsul şəxslərinin qanunsuz əməlləri nəticəsində mənəvi zərərə görə 1000 manat məbləğində pulun ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bildirişində bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı COVİD- 19 pasportunun (COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı) və ya Əks Göstəriş sertifikatının (COVİD-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı) təqdim etmədiyi üçün məhkəmə binasına buraxılmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan qərar qəbul edə bilmişdir. Ərizə və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddiaçı oxşar tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmədiyindən onların iddiası mümkün sayılmamalıdır. Belə ki, Məhkəmə iddiaçıya 17.12.2021-ci il tarixli, 2-1(114)-2689/2021 nömrəli məktubla hüquqi yardım göstərərək, məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə müraciət etməyini təsdiq edən sübutları, eləcə də cavabdehin ünvanladığı cavabı məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Qeyd edilən çatışmazlıqları aradan qaldırmaq üçün 17.01.2022-ci il tarixə qədər vaxt verilməyinə baxmayaraq iddiaçı həmin sənədləri təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Şərh olunanlara əsaslanaraq qeyd edilməlidir ki, Qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız İPM-in 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə İPM-in 34-cü maddəsinə müvafiq olaraq qaldırılan öhdəliyin icrası haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. Beləliklə, iddia tələbi üzrə xüsusi mümkünlük şərti mövcud olmadığından mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Göygöl rayon Aşıqlı Bələdiyyəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçılara izah olunur ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-422/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-422/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver