Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-422/2024 25.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı1, İddiaçı3 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçını və övladları İddiaçı2, İddiaçı3 və İddiaçı4 2006-cı il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: X4 xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək N nömrəli hərbi hissənin travmatologiya bölməsinin rəisi vəzifəsində xidmət etmiş və Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2004-cü il tarixli müvafiq əmrinə əsasən xidməti vəzifəsini yerinə yetirərkən şəkərli diabet-diabetik nefropatiyadan xx.xx.2004-cü il tarixdə vəfat etdiyinə görə Azərbaycan Ordusunun zabit heyətinin siyahısından çıxarılmışdır. X4 Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamış, Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etdiyi səbəbindən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün Müdafiə Nazirliyində mənzil uçotuna alınmamışdır. X4 xx.xx.2004-cü il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 572 nömrə ilə qeydiyyat aparılmışdır. X1 ailə üzvləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 adına daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı1 xx.xx.2006-cı il tarixdə ərizə ilə Gəncə şəhəri Kəpəz bələdiyyəsinə müraciət edərək xahiş etmişdir ki, ailə üzvü beş nəfərdən ibarət olduğu üçün, yerləri çox darısqal olduğuna görə bələdiyyə tərəfindən paylanan torpaq sahəsinin verilməsinə icazə verilsin. İddiaçı1 xx.xx.2006-cı il tarixdən Gəncə şəhəri Kəpəz bələdiyyəsində fərdi yaşayış evi tikdirmək üçün torpaq növbəsinə qeydiyyata alınmışdır. Bələdiyyənin ərazisi üzrə iddiaçıya torpaq sahəsi təklif olunsa da, sonuncu həmin ərazidən göstərilən torpaq sahəsini istəməmişdir. İddiaçı1 2004-cü ildən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, N-39/3-068/2-1/1 nömrəli məktubunda bildirmişdir ki, mərhum əriniz X4 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisinin xx.xx.1993-cü il tarixli 062 №-li əmrinə əsasən N nömrəli hərbi hissə üzrə travmatologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2004-cü il tarixli 1498 nömrəli "Xəstəlik haqqında şəhadətnamə"yə əsasən M.Nəsirovun xəstəliyinin hərbi xidmət dövründə alınması müəyyən olunmuşdur. Mustafa Nəsirov xx.xx.2004-cü ildə ölmüş və ölümün səbəbi kimi "şəkərli diabet, diabetik nefropatiya" göstərildiyi məlum olmuşdur. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12- ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğlərdə kompensasiya ödənilir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Mərhum əriniz Gəncə Şəhər lcra Hakimiyyətində mənzil uçotunda dayanmadığı üçün mənzil uçotunun onun ailə üzvlərinin adına dəyişdirilməsi, habelə Sizə və ailə üzvlərinizə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsi mümkün deyildir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-1/2-03/1135/2023 nömrəli məktubunda bildirmişdir ki, vətəndaşların 2006-cı ilə dair müraciətləri saxlanılmadığından, iddiaçıların 2006-cı ildə müraciət edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2024-cü il tarixli, 3- 48-DS-4F/2-722//8/2024 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti arxiv fondunun 2004-2006-cı illər üzrə sərəncamları yoxlanılmış, İddiaçı1 mənzil uçotuna götürülməsi ilə bağlı heç bir sərəncam aşkar olunmamışdır. Məhkəmə mübahisəsi: İddiaçı1 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı onun və övladları İddiaçı2 və İddiaçı3 2004-cü il tarixindən mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 mərhum həyat yoldaşı polkovnik X4 uzun müddət Müdafiə Nazirliyinin tərkibində olan 230 saylı Hərbi Qospitalda travmatologiya şöbəsinin rəisi olmuşdur. Hərbi xidmət vəzifəsinin icrası zamanı 2004-cü il avqust ayında rəhmətə getmişdir. Hərbi qulluqçu ailəsi kimi mənzil növbəsinə götürülməyimiz barədə Gəncə Şəhər lcra Hakimiyyətinə müraciət etdim, lakin həmin orqandan imtina cavabı verildi. Müraciətin təmin olunmasından imtina edilməsinə dair cavabdehin arqumenti iddiaçıların hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçılar birlikdə 2004-cü il tarixindən yaşayış sahəsi ilə təmin olunmaları üçün mənzil növbəsinə qəbul edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində iddiaçıların hüquqları pozulmuşdur. Belə ki, hal- hazırda iddiaçılar mərhumun bacısı X3 mülkiyyətində olan ünvan 2 ünvanında qeydiyyatdadırlar. Mənzilləri olmadığı üçün məcbur olaraq müvəqqəti oraya qeydiyyata düşmüşlər. Mənzil uçotunda olmadıqları üçün bu illərə qədər və hal- hazırda nə mənzil nə də kirayə ödənişi ala bilməmişlər. İddiaçılar mənzil uçotunda olmadığı üçün bu illərə qədər və hal-hazırda nə mənzil nə də kirayə ödənişi ala bilməmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-320/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan İddiaçı1 xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya icraatı zamanı iddiaçı yeni iddia ərizəsi təqdim edərək özünün və övladları İddiaçı2, İddiaçı3 2004-cü ildən mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-303/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-320/2023 nömrəli qərarı ləğv edilməsi, iş materiallarının yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 “iddianın dəyişdirilməsi barədə” ərizə təqdim edərək onların 2006-cı il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddianı müdafiə edərək bildirmişdir ki, 2006cı ildən mənzil növbəsinə alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan onu bələdiyyəyə yönəltmişdir. Cavabdehdən müsbət cavab ala bilmədikdən sonra Gəncə şəhəri Kəpəz bələdiyyəsində torpaq növbəsinə qeydiyyata alınmışlar. Məhkəmə iclasında iştirak etmiş İddiaçı3 iddianı müdafiə etmiş və bildirmişdir ki, apellyasiya icraatı zamanı cavabdeh qurumun nümayəndəsi izahatında 2004-2006-cı illərə dair vətəndaşların müraciətinə dair kitabları məhv etdiklərini (yandırdıqlarını) bildirmişdirlər. Cavabdeh iddiaya dair təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 03/141 nömrəli və xx.xx.2023-cü il tarixli, 5-1/2-03/2492/2023 nömrəli məktublarında imtina əsaslarını təkrarlamış və iddianın rədd edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin icra aparatının hüquqşünası X6 izahatında bildirmişdir ki, İddiaçı1 ümumi əsaslarla, bələdiyyə ərazisində yaşayan ehtiyacı olan şəxs kimi torpaq növbəsinə götürülmüşdür. İddiaçı hərbi qulluqçunun ailə üzvü kimi bələdiyyədə qeydiyyata alınmamışdır. İddiaçıya 2019-cu ildə torpaq sahəsi təklif edilsə də, imtina etmişlər. Hazırda onlar hələ də bələdiyyədə torpaq növbəsindədirlər. Əsaslandırıcı hissə: İddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İddia tələbindən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə, iddiaçıların, vəfat etmiş hərbi qulluqçunun ailə üzvü kimi 2006-cı ildən Gəncə şəhərində mənzil uçotuna alınması ilə bağlı olmuşdur. İddiaçıların hərbi qulluqçunun ailə üzvləri olması tərəflər arasında mübahisə olunmur. İmtinanın əsası mərhum hərbi qulluqçunun mənzil uçotuna alınmamasıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. İşin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı hərbi qulluqçunun ailəsi kimi mənzillə təmin olunma barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti isə iddiaçının müraciətinə imtina cavabı vermişdir. İddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Əksinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) kündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. Ona görə də, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmuş və iddiaçıların hüquqlarını pozmuşdur. Digər tərəfdən, iddiaçılar 2006-cı ildən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını tələb edirlər ki, məhkəmə iddianı həmin hissədə əsaslı hesab etmir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə, iddiaçılar tərəfindən 2006-cı ildə, ümumiyyətlə, xx.xx.2022-ci ildən əvvəl müraciət etmələrini təsdiq edən heç bir sübut təqdim etməmişdir. “Əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edilib, oradan bələdiyyəyə göndərilmələri” barədə arqumentinə gəldikdə isə, buna dair də iddiaçılar heç bir sübut təqdim etməmişlər. İddiaçı1 Gəncə şəhəri Kəpəz Bələdiyyəsinə ünvanladığı ərizənin məzmununda da bu barədə heç bir qeyd edilməmiş, ümumiyyətlə, həmin ərizədə hərbi qulluqçunun ailə üzvü olması göstərilməmişdir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qismən əsassız olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçılar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə qərar qəbul olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin olunsun. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə qərar qəbul olunması öhdəliyi cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-422/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-422/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver