Məhkəmə qərarları › İş №2-1(114)-422/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-422/2025

20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-422/2025 20.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Samux rayon Samux bələdiyyəsi və Samux rayonu Nəbiağalı bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Samux rayonu Nəbiağalı bələdiyyəsinin 12 aprel 2005-ci il tarixli, 09 saylı qərarına əsasən həyətyanı torpaq sahəsindən 0,08 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən tərtib edilmiş rəyə əsasən İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,08 ha olmaqla Nəbiağalı bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfaına yararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. xx.xx.2005-ci il tarixli 38 nömrəli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı Nəbiağalı bələdiyyəsinin hesabına 840000 manat məbləğində ödəniş edilmişdir. A seriyalı 122451 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2008-ci il tarixdə 413 nömrə ilə uçota alınmışdır. Samux rayon Dövlət arxivinin 03.1.2023-cü il tarixli arxiv arayışına əsasən İddiaçı Samux rayon Nəbiağlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 9 saylı iclas protokolunun qərarına əsasən 0,08 ha həyətyanı torpaq sahəsi satılmışdır. Qeyd: Adı adlı siyahıda 31-ci sırada qeydə alınmışdır. Əsas: FOND 62 Samux rayon Nəbiağalı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 9 saylı iclas protokolu. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2023-ci il tarixli 3-21-3-33/2-11654/2023 nömrəli imtina məktubundan görünür ki, aparılmış araşdırılması zamanı Samux rayonu Nəbiağalı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 09 saylı iclas protokolunun qərarına əsasən 0.08 ha torpaq sahəsinin satılması qərara alınmışdır, lakin “Torpaqların alqı-satqısına dair” Aktda isə həmin torpaq sahəsinin 09 nömrəli, xx.xx.2006-cı il tarixli qərara əsasən satıldığı qeyd olunmuşdur. Samux rayonu Nəbiağalı bələdiyyəsi tərəfindən tərtib olunmuş iclas protokolunun qərarı ilə “Torpaqların alqı-satqısına dair” Aktda qeyd olunmuş tarixlər arasında, həmçinin torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Samux rayonu Samux şəhərinin (keçmiş Nəbiağalı qəsəbəsi) yuxarı tərəfində yerləşən fərdi ev tikdirmək üçün 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və həmin 0,08 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış,əlavə olaraq qeyd edilmişdir ki, Samux rayonu Nəbiağalı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 09 saylı iclas protokolunun qərarına əsasən 0.08 ha torpaq sahəsinin satılması qərara alınmışdır, lakin “Torpaqların alqı-satqısına dair” Aktda isə həmin torpaq sahəsinin 09 nömrəli, xx.xx.2006-cı il tarixli qərara əsasən satıldığı qeyd olunmuşdur. Samux rayonu Nəbiağalı bələdiyyəsi tərəfindən tərtib olunmuş iclas protokolunun qərarı ilə “Torpaqların alqı-satqısına dair” Aktda qeyd olunmuş tarixlər arasında, həmçinin torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Alqı-satqı aktında bələdiyyənin xx.xx.2006-cı il tarixli, 06 nömrəli qərarına istinad olunmuşdur. Lakin vətəndaş tərəfindən təqdim edilmiş bələdiyyə qərarı xx.xx.2005-ci il tarixli, 03 nömrə ilə qeyd alınmışdır. xx.xx.2024-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.

1. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 983.0 kv.m torpaq sahəsi, Samux rayonu Samux şəhəri (Nəbiağalı kəndi Azərbaycan təsərrüfatı) ərazisində aparılmış torpaq islahatı əsasınad tərtib olunmuş, 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialları və Samux rayonu Nəbiağalı bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların 2006-cı il tarixli yerquruluşu sxeminin (KOD-********) elektron fayl materiallarında, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, yaşayış məntəqələrinin inkişafı üçün nəzərdə tutulan perespektiv inkişaf sahəsi olaraq göstərilmişdir. Həmin 983.0 kv.m sahə, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD), xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı sahələr altında olan fərdi yaşayış sahəsi olaraq göstərilmişdir. AZCAD məlumatlarında həmin torpaq sahəsinin sənəd nömrəsi, İddiaçı adına qeydə alınmış plan və ölçü sənədinin kadastr nömrəsi (**********0119) qeyd olunmuşdur. Əlavə olaraq bildirilir ki, Samux rayonu Nəbiağalı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-122451 (**********0119) nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 803.0 kv.m torpaq sahəsinin 680.0 kv.m hissəsi İddiaçı öz faktiki istifadəsində olan torpaq sahəsi ilə, 11,9.0 kv.m hissəsi digər şəxsin faktiki istifadəsində olan torpaq sahəsi ilə və 3.0 kv.m hissəsi isə infrastruktur (küçə və yollar) ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. 2.Elektron kadastr bazası materiallarına istinadən, həmin 983.0 kv.m torpaq sahəsi üzərində, başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydə alınmadığı müəyyən olunmuşdur. 3.İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 983.0 kv.m torpaq sahəsinin qaz kəmərinin və elektrik xəttinin, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafıyə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmə halı aşkarlanmamışdır. 4.Elektron kadastr bazası materiallarına istinadən, iddiaçının faktiki istifadəsində olan 983.0 kv.m torpaq sahəsinin, başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydə alınmış sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı aşakarlanmamışdır. 5.İddiaçının faktiki istifadəsində olan 983.0 kv.m torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunmuşdur. 6.Rəy hazırlanarkən, Samux rayonu Samux şəhəri (Nəbiağalı kəndi Azərbaycan təsərrüfatı) ərazisində aparılmış torpaq islahatı əsasınad tərtib olunmuş, 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialları. Samux rayonu Nəbiağalı bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların 2006-cı il tarixli yerquruluşu sxeminin (KOD ********) elektron fayl materialları və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AZCAD) əsaslanılmışdır. İddiaçı və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, üçüncü şəxs nümayəndəsi iştirakını təmin etməmiş səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbininin dəqiləşdirilməsi barədə ərizə təqdim edərək,A№122451 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş hüdudlarda 680 kv.m hissəsinə onun mülkiyyət hüqunun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Samux rayonu Nəbiağalı bələdiyyəsinin 12 aprel 2005-ci il tarixli, 09 saylı qərar ilə 0,08 ha həyətyanı torpaq sahəsindən iddiaçıya satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı tərəfindən bələdiyyənin hesabına ödəniş edilmişdir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan “Torpaqların alqı-satqısına dair” Aktda isə həmin torpaq sahəsinin 09 nömrəli, xx.xx.2006-cı il tarixli qərara əsasən satıldığının qeyd olunması, Samux rayonu Nəbiağalı bələdiyyəsi tərəfindən tərtib olunmuş iclas protokolunun qərarı ilə “Torpaqların alqı-satqısına dair” Aktda qeyd olunmuş tarixlər arasında, həmçinin torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olmasına istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən yaşayış məntəqələri torpaqları olmaqla,mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşməməsini müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. A№122451 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş hüdudlarda 680 kv.m hissəsinə İddiaçı mülkiyyət hüqunun qeydə alınmasıöhdəliyinin cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar