Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4221/2024 04.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı uşağın soyadının dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X2 “Arifli” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı1 və İddiaçı2 xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeyd etdirmişlər.
2. Onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10, həmçinin xx.xx.2022-ci il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur.
3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-289/2023 nömrəli qərarı ilə xx.xx.2022-ci il təvəllüdlü X8 “Arifli” soyadının verilməsi və həmin soyad ilə doğum haqqında şəhadətnamənin təmin edilməsi Cavabdehnə həvalə edilmişdir.
4. İddiaçı1 övladları xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X1 “Məmmədov”dan “Arifli” soyadına dəyişdirilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/7-M/2-59915/2024 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Odur ki, uşaqların soyadının dəyişdirilməsinin mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. II. Məhkəmədə icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixdə Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, birgə nikahlarından xx.xx.2016-cı ildə anadan olmuş X10 və xx.xx.2014-cü ildə anadan olmuş X6 doğum akt qeydlərinə dəyişiklik edilərək, “Məmmədova” soyadının “Arifli” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X9, xx.xx.2016-cı il tarixdə X10, xx.xx.2022-ci il tarixdə X11 adlı üç uşaqları doğulmuşdur. Mahmud doğulduqdan sonra onun soyadı “Arifli”yə dəyişdirilərək, belə yazılmış, digər iki qızlarının soyadı isə “Məmmədova” kimi qalmışdır. Onlar hər üç övladlarının soyadlarının eyni olması üçün qızlarının soyadının da “Arifli” olmasını istəyirlər. Həm də “Arif” övladlarının ata babalarının adıdır. Onlar bu məqsədlə Cavabdehnə müraciət etsələr də, şöbə bundan imtina etmişdir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X1 “Arifli” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər və məhkəmənin xx.xx.2024cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, İddiaçılarnın prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, İddiaçılar hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçılarnın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçılar hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə cavabdehin yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadları ilə Tərtər Rayon İcra Hakimiyyətinin tabeliyində Qəyyumluq və Himayəçilik Komissiyasının üçüncü şəxs kimi cəlb edilməsi barədə iddiaçının vəsatəti təmin edilməmiş, habelə X10 və X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər isə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - doğum haqqında şəhadətnamələr; - doğum haqqında akt qeydləri; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-289/2023 nömrəli qərarı; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/7-M/2-59915/2024 nömrəli imtina məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
21. İş materiallarından müəyyən olur ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10, həmçinin xx.xx.2022-ci il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-289/2023 nömrəli qərarı ilə xx.xx.2022-ci il təvəllüdlü X8 “Arifli” soyadının verilməsi və həmin soyad ilə doğum haqqında şəhadətnamənin təmin edilməsi Cavabdehnə həvalə edilmişdir.
22. Hazırda iddiaçılar Cavabdehnə ərizə ilə müraciət edərək, övladları xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X1 “Məmmədov”dan “Arifli” soyadına dəyişdirilməsini xahiş etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/7-M/2-59915/2024 nömrəli cavab məktubu ilə uşaqların soyadının dəyişdirilməsinin mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Maddə 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına görə: Bənd 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Bənd 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv” qaydalarını müəyyən edən müddəalarına görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdikdə vətəndaşlıq vəziyyəti aktlarında dəyişikliklər edilir.
26. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 32. İİ. Qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
27. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir.
28. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar.
29. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır.
30. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir.
31. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar.
32. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır.
33. “Giyo Fransaya qarşı” işdə (Guillot v. France) Fransanın dövlət orqanlarının ərizəçinin qızını Flor de Mari adı ilə qeydiyyata almaqdan imtina etmələri və bu adın müvafiq dini adlar siyahısında olmadığını əsas gətirmələri ilə əlaqədar olaraq Məhkəmə izah etdi ki, uşağın adının valideynləri tərəfindən seçilməsi şəxsi və mənəvi məsələdir və buna görə də şəxsi həyat anlayışının tətbiq dairəsinə düşür.
34. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd, ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir.
35. Avropa İnsan Hüquqları Məhkəməsi də məsələyə eyni cür yanaşaraq konkret olaraq öz qərarlarında «uşağın maraqlarının üstün tutulması» prinsipini əsas götürür.
36. Məhkəmə qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
37. Hazırkı işdə də iddiaçılar İddiaçı1 və İddiaçı2 Nigari və Nuray adlı övladlarının soyadlarının İddiaçı1 adı olan Arif adına uyğun olaraq “Arifli” kimi daşıması arzusu ilə əlaqələndirmişlər ki, bu halda cavabdeh orqanın imtinası qanundan irəli gəlsə də, yəni başqa sözlə, müdaxilənin qanunla nəzərdə tutulmasına baxmayaraq, legitim məqsədə yönəlməmiş və eləcə də demokratik cəmiyyətdə zəruriliyi əsaslandırılmamışdır.
38. Məhkəmə hesab edir ki, iddiaçıların övladlarının soyadının dəyişdirilməsi ilə bağlı istəyini ifadə etdiyi hallar kifayət qədər ağlabatan və tutarlı səbəblər kimi qəbul edildiyindən cavabdeh orqanın bundan imtinası qanuni və əsaslı olmamışdır.
39. Məhkəmə onu da qeyd edir ki, iddiaçıların birgə nikahlarından doğulmuş digər övladları - xx.xx.2022-ci il təvəllüdlü Mahmud adlı uşağın soyadı da məhkəmə qərarı ilə “Arifli” soyadına dəyişdirilmişdir və hazırda “Arifli” soyadını daşıyır.
40. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir.
41. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X2 “Arifli” soyadına dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva