Məhkəmə qərarları › İş №2-1(114)-423/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-423/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-423/2021 12.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X1 xx.xx.1987-ci il tarixli 830 saylı doğum haqqında akt qeydində uşaq qrafasında “Fazil” adının “Mirfazil” kimi düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X1 xx.xx.1987-ci il tarixli 830 saylı doğum haqqında akt qeydində uşaq qrafasında “Fazil” adının “Mirfazil” kimi düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X2 ilə xx xxxxxx 2010-cu il tarixdə Gəncə Nikah evində nigahları rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan onların xx xxxxxx 2011-ci il tarixdə Ömər adlı oğlulları doğulmuşdur. X2 xx xxxx 2014-cü il tarixdə vəfat etmişdir. Mirkamilov Mir-Zeynalabdin Mirsahib oğlunun Gəncə şəhəri, Vaqif küçəsi, 3-cü döngə, 12A saylı ünvanda miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı Mirfazilin doğumu haqqında arayış lazım olmuşdur. Doğum haqqında arayışı Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsindən alarkən məlum olmuşdur ki, ərinin doğum haqqında akt qeydində adı “Fazil” olaraq qeyd edilmişdir. Lakin onların nikah naqqında şəhadətnaməsində ərinin adı “Mirfazil”, övladı Mirkamilov Ömər Mirfazil oğlunun doğum haqqında şəhadətnamədə ata qrafasında X3 və ölüm haqqında şəhadətnamədə adı “Mirfazil” kimi qeyd olunmuşdur. Bu səbəbdən iddiaçı Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək X1 xx.xx.1987-ci il tarixli, 830 saylı doğum haqqında akt qeydində uşaq qrafasında “Fazil” adınından “Mirfazil” adı kimi qeyd edilməsini xahiş etmişdir, lakin sonuncu bundan imtina etmişdir. Cavabdehin bu imtinasının qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) X8 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək X1 xx.xx.1987-ci il tarixli 830 saylı doğum haqqında akt qeydində uşaq qrafasında “Fazil” adının “Mirfazil” kimi düzəliş edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 05/Q-1621 nömrəli imtina məktubunun surəti; - İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - xx.xx.2010-cu il tarixli, 249 nömrəli nigah haqqında şəhadətnamənin təsdiqlənmiş surəti; - xx.xx.2014-cü il tarixli, 386 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surəti; - Mirkamilov Ömər Mirfazil oğluna məxsus xx.xx.2012-ci il tarixli, 609 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti; - xx.xx.1987-ci il tarixli, 830 doğum akt qeydinə dair arayışın surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinin tələblərinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliyindən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrinin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/Q-1621 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, X4 xx.xx.1987-ci il tarixli, 830 saylı doğum haqqında akt qeydində uşaq bəndində “Fazil” kimi qeyd edilmişdir. “Fazil” adından “Mirfazil” adına düzəliş cavabdehin imkanı xaricindədir. Cavabdeh orqan bu barədə düzəliş etmək imkanının olmadığı üçün iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş xx.xx.1987-ci il tarixli, 830 nömrəli doğum akt qeydinə dair arayışdan görünür ki, iddiaçının mərhum ərinin adı doğum akt qeydində Fazil kimi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, xx.xx.2010-cu il tarixli, 249 nömrəli nigah haqqında şəhadətnamədə iddiaçının mərhum ərinin adı “Mirfazil” kimi qeyd olunmuşdur. xx.xx.2014-cü il tarixli, 386 nömrəli ölüm haqqında şəhadətnamədə iddiaçının mərhum ərinin adı “Mirfazil” kimi qeyd olunmuşdur. İddiaçının övladı Mirkamilov Ömər Mirfazil oğluna məxsus xx.xx.2012-ci il tarixli, 609 nömrəli doğum haqqında şəhadətnamədə ada qrafasında iddiaçının mərhum ərinin adı “Mirfazil” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsasnamənin 1-ci bölməsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bu səbəblərdən məhkəmə hesab edir ki, iddia ərizəsinin təmin edilməsi məqsəduyğundur. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı X1 xx.xx.1987-ci il tarixli 830 saylı doğum haqqında akt qeydində uşaq qrafasında “Fazil” adının “Mirfazil” kimi düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı X1 xx.xx.1987-ci il tarixli 830 saylı doğum haqqında akt qeydində uşaq qrafasında “Fazil” adının “Mirfazil” kimi düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar