Məhkəmə qərarları › İş №2-1(114)-4234/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4234/2025

24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4234/2025 24.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh N nömrəli hissəyə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 076əç nömrəli qanunsuz əmrinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi xidmətdən kənar qalmağı nəticəsində ona vurulmuş ziyana görə 42875 (qırx iki min səkkiz yüz yetmiş beş) manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-654/2022 nömrəli qərarı ilə iddia təmin olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 076əç nömrəli əmri ləğv edilmiş, İddiaçı N nömrəli hərbi hissənin 3-cü taborun 7-ci bölüyünün 2-ci taqımının 2-ci qrupunun kəşfiyyatçıqumbaraatan vəzifəsinə bərpa edilməsi qərara alınmışdır.

2. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-382/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-654/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 076əç nömrəli qanunsuz əmrinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi xidmətdən kənar qalmağı nəticəsində ona vurulmuş ziyana görə 42875 (qırx iki min səkkiz yüz yetmiş beş) manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 076əç nömrəli əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)- 654/2022 saylı qərarı ilə həmin əmrin ləğv edilməsi, onun N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 2-ci taqımının 2-ci qrupunun kəşfiyyatçı-qumbaraatan vəzifəsinə bərpa edilməyi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(104)-382/2023 saylı qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(114)-654/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixdən o vəzifəsinə bərpa edilmişdir. xx.xx.2025-ci il tarixdə öz ərizəsi ilə tərxis olunmuşdur. N nömrəli hərbi hissə komandirinin əsassız əmrinə görə o, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək xidmətdən kənar qalaraq maddi və mənəvi zərərə uğramışdır. Buna görə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh komandiri, polkovnik Aqşin Babayevə ərizə ilə müraciət edərək, məcburi xidmətdən kənar qaldığı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət üçün ona kompensasiya ödənilməsini təmin etməyini xahiş etmişdir. Onun ərizəsi xx.xx.2025-ci il tarixdə hərbi hissə tərəfindən alınmışdır. Həmin vaxtdan 35 gün müddət ötməsinə baxmayaraq, cavabdeh onun müraciətinə cavab verməmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd etmək istəyir ki, o hər ay 1452 (bir min dörd yüz əlli iki) manat xidmət haqqı alırdı. Qeyd edilən qanunsuz əmrə görə o, 23 ay xidmətdən kənar qalaraq, ümumilikdə 32775 (otuz iki min yeddi yüz yetmiş beş) manat xidmət haqqından məhrum olmuşdur. Bundan başqa hər il üçün məzuniyyət haqqı 550 (beş yüz əlli) manat təşkil edir ki, o, iki illik məzuniyyət haqqı olan 1100 (bir min yüz) manat məzuniyyət pulundan məhrum olmuşdur. Bundan başqa hər il verilən 500 (beş yüz) manat, iki il üçün 1000 (bir min) manat maddi yardımdan və ilin sonunda verilən 8000 (səkkiz min) manat pulundan məhrum olmuşdur. Göründüyü qeyd edilən qanunsuz əmrə görə ona ümumilikdə 42875 (qırx iki min səkkiz yüz yetmiş beş) manat ziyan dəymişdir. III. Prosessual məsələlər

5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin mümkünlük iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

6. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

8. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiasında cavabdeh orqandan xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək xidmətdən kənar qalaraq maddi və mənəvi zərərə uğradığı üçün ümumilikdə 42875 manat kompensasiya tələb etdiyini qeyd etmişdir. Lakin kompensasiya dedikdə, məcburi iş buraxma dövrü üçün ona ödənilməli olan, lakin ödənilməmiş vəsaitləri nəzərdə tutur və onların ödənilməsini tələb edir. Belə ki, məhkəmə qərarı əsasında əvvəlki vəzifəsinə bərpa edilsə də, xidmətdən ehtiyata buraxıldığı gündən bərpa olunduğu günədək ona təminat xərcliyi ödənilməmişdir.

10. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, hazırkı iddiaya N saylı hərbi hissəsinin cavab verməli olmadığını bildirmiş, bu səbəbdən iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

12. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-654/2022 nömrəli qərarı ilə iddia təmin olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2021ci il tarixli 076əç nömrəli əmri ləğv edilmiş, İddiaçı N nömrəli hərbi hissənin 3-cü taborun 7ci bölüyünün 2-ci taqımının 2-ci qrupunun kəşfiyyatçı-qumbaraatan vəzifəsinə bərpa edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-382/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-654/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. İddia tələbinin məzmunundan və iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi hallardan görünür ki, İddiaçı hazırkı iddianı qaldırmaqda hüquqi marağı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-654/2022 nömrəli qərarının tam və düzgün şəkildə icra edilməsinə yönəlmişdir.

14. Belə ki, iddiaçının ehtiyata buraxılması barədə əmr məhkəmə qərarı əsasında ləğv edilmiş və həmin qərarın icrası nəticəsində iddiaçı əvvəlki vəzifəsinə bərpa edilmişdir. Lakin bu zaman iddiaçının məcburi iş buraxma dövrü üçün (xidmətdən ehtiyata buraxıldığı gündən xidmətə bərpa olunduğu günədək olan) əmək haqqı və digər ödənişlər (təminat xəcliyi) ona ödənilməmişdir.

15. İddiaçı iddia ərizəsində cavabdeh orqandan kompensasiyanın ödənilməsi tələbini qeyd etsə də, iclas zamanı hüquqi marağının əslində məcburi iş buraxma dövrü üçün (xidmətdən ehtiyata buraxıldığı gündən xidmətə bərpa olunduğu günədək olan) əmək haqqı və digər ödənişlər (təminat xəcliyi) ona ödənilməsindən ibarət olduğu müəyyən edilmişdir.

16. Yəni, iddiaçı hazırkı iddia ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-654/2022 nömrəli qərarının tam icra edilmədiyi iddia edərək, onun icrasının nəticəsi ilə razı deyil və bunu müstəqil inzibati iddia qaydasında mübahisələndirir.

17. Hansı ki, bu halda, iddiaçı öz marağını inzibati məhkəmə icraatında yeni iddia açmaqla deyil, məhkəmə qərarının icrası qaydasında mübahisələndirməli, başqa sözlə, məhkəmə qərarının məcburi icra tədbirləri vasitəsilə icra edilməsinə dair ərizə ilə müraciət etməlidir.

18. Əks hal eyni məsələ (mübahisə) üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir.

19. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.

22. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

23. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar