Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-424/2020 05.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağdam rayonu Xındırıstan bələdiyyəsinə qarşı torpaq sahəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Ağdam rayonu Xındırıstan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq islahatı zamanı adambaşına norma kimi müəyyənləşdirilmiş 0,47 ha torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayonu Üçoğlan İƏD-nin Baharlı kəndində anadan olmuş, xx xxxxxx 1999-cu il tarixdə Ağdam rayonu Xındıstan İƏD-nin Sarıçoban kəndində yaşayan X12 ilə ailə qurmuş və onların nikahı xx.xx.1999-cu ild tarixdə qeydə alınmışdır. Dövlət Arxiv arayışından görünür ki, Ağdam rayon Xındırıstan kənd ərazi nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına uçot kitabında X9 ailə tərkibində ailə üzvü kimi qeydiyyata alınmışdır. Ağdam rayonu Üçoğlan kəndi üzrə keçirilən torpaq islahatı zamanı Ağdam rayon X10 xx xxxxxx 2005-ci il tarixli qərarına əsasən ailə üzvlərinə 6,15 ha pay torpaq sahəsi verilmiş, lakin həmin vaxt iddiaçının adı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında qeyd edilməmiş, əsas kimi Ağdam rayonu Xındırstan kəndində ərə gedib orada qeydiyyatda olduğu üçün ona pay torpaq sahəsinin Xındırstan kənd ərazisindən verilməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ağdam rayon şöbəsinin xx xxxx 2011-ci il tarixli 88 nömrəli cavab məktubundan görünür ki, iddiaçı səhvən pay torpaq sahəsi alacaq şəxslərin siyahısına daxil edilməmişdir. Ağdam rayon Xındırıstan Bələdiyyəsinin xx xxxxxx 2019- cu il tarixli 97 saylı məktubunda iddiaçının adambaşına düşən 0,47 ha torpaq sahəsi normasının verilməməsinə əsas kimi Ağdam rayonu Xındırıstan kəndi ərazisində torpaq islahatı keçirilən zamanı onun ərazidə qeydiyyatda olmadığı göstərilmiş və ona torpaq sahəsinin verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddiaçının nümayəndəsi X12 məhkəmə hazırlıq icraatı iclasında iddianı müdafiə etmişdir. Cavabdeh Ağdam rayonu Xındırıstan bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Nikahın bağlanması haqqında xx xxxxxx 1999-cu il tarixli Vİİ-ЖГ 352357 nömrəli şəhadətnamədən görünür ki, X12 ilə İddiaçı arasında xx xxxxxx 1999-cu il tarixdə nikah bağlanmışdır. -Dövlət Arxivinin Ağdam rayon filialı tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 47 nömrəli arxiv arayışından görünür ki, Ağdam rayon Xındırıstan kənd ərazi nümayəndəliyinin 1996-2000-ci illərə dair 3 nömrəli təsərrüfatbaşına uçot kitabının 129-cu səhifəsinin 1132 şəxsi hesab nömrəsinə əsasən X9 təsərrüfatbaşına uçot kitabında ailə üzvləri kimi İddiaçı və X11 qeyd olunmuşdur. -Ağdam rayon Xındırıstan Bələdiyyəsinin xx xxxxxx 2019- cu il tarixli 97 saylı məktubundan görünür ki, adambaşına düşən 0,47 ha torpaq sahəsi normasının verilməməsinə əsas kimi Ağdam rayonu Xındırıstan kəndi ərazisində torpaq islahatı keçirilən zamanı İddiaçı ərazidə qeydiyyatda olmadığına görə ona torpaq payı verilməmişdir. -“Torpağa mülkiyyət hüququna dair” JN-00xx xxx 60919058 nömrəli Dövlət Aktının surətindən görünür ki, Ağdam rayon X8 xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı ilə X5 və onun ailə üzvləri X6, X1, X7, X2 və X3 6.15 ha torpaq sahəsi verilmişdir. -A 504958 nömrəli xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Ağdam rayon X8 xx.xx.1999-cu il tarixli 23 nömrəli qərarı ilə X4 14002 kv.m torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Belə ki, xx xxxx 2001-ci il tarixdə qəbul edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5 maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -7.3 maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq haqqı ödənilməklə verilir. -9.1 maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -20.1 maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda, eləcədə bu sahədə münasibətləri tənzimləyən qanunvericilik aktlarında torpaq islahatı zamanı torpaq payı almayan vətəndaşlara əvəzsiz torpaq sahəsinin verilməsi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə iddianı əsassız hesab etməklə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ağdam rayonu Xındırıstan bələdiyyəsinə qarşı torpaq sahəsinin verilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-424/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-424/2020
05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver