Məhkəmə qərarları › İş №2-1(114)-425/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-425/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-425/2021 01.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsədov Elşən Yavər oğlunun katibliyi, İddiaçı və vəkili X1, cavabdeh Goranboy rayon Qeydiyyat şöbəsinin rəisi X4, üçüncü şəxs X2 və vəkili X9 iştirakı ilə, İddiaçı cavabdeh Goranboy rayon Qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxs X5) Goranboy rayon Qeydiyyat şöbəsində tərtib olunmuş 2000 5 0154 06092018 nömrəli atalığı müəyyən etmək haqqında aktın qeydinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Goranboy rayon Qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxs X5) Goranboy rayon Qeydiyyat şöbəsində tərtib olunmuş 2000 5 0154 06092018 nömrəli atalığı müəyyən etmək haqqında aktın qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 01.06.2021-ci il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim etmişdir. İddianın dəqiqləşdilməsinə dair iddiaçının ərizəsi 01.06.2021-ci il tarixli, 2-1(114)- 425/20201 nömrəli qərardad ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayon Qeydiyyat şöbəsi onun xəbəri olmadan X5 06.09.2018-ci il tarixdə AZ-İ № 355907 nömrəli «Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə» vermiş və həmin şəhadətnaməyə əsaslanaraq Həlimə aldı uşağa 06.09.2018-ci il tarixdi AZ-İV № 131083 nömrəli «Doğum haqqında şəhadətnamə» verilmişdir. Şəhadətnamədə adı, soyadı və atasının adı X3 qeyd edilmişdir. Halbuki həmin uşağın atası o, deyil. Həmçinin iddia ərizəsində qeyd etmişdir ki, Goranboy rayon Qeydiyyat şöbəsində onun əvəzindən Həlimə adlı uşağın atısı olmasına dair saxta ərizə alınmış və sonda həmin ərizə istifadə edilərək uşağın barəsində atalığı müəyyən etmək haqqında akt qeydi tərtib edilmişdir, lakin o, qeyd edilən ərizəni verməmiş, həmin ərizəni imza etməmişdir. Qeyd edilənləri əsas gətirən iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Goranboy rayon Qeydiyyat şöbəsində tərtib olunmuş 2000 5 0154 06092018 nömrəli atalığı müəyyən etmək haqqında aktın qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 01 iyun 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı və onun vəkili X6 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verib Goranboy rayon Qeydiyyat şöbəsində tərtib olunmuş 2000 5 0154 06092018 nömrəli atalığı müəyyən etmək haqqında aktın qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Goranboy rayon Qeydiyyat şöbəsinin rəisi X10 məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X7 və vəkili X12 ayrı-ayrılıqda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişr. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Goranboy rayon Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 10.12.2020-ci il tarixli, 316/1- Q-05/15 nömrəli imtina məktubunun əsli; - Goranboy rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(045)-955/2019 nömrəli qətnamənin surəti; - Gəncə Apelyasiya Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(104)-1182/2020 nömrəli qətnamənin surəti; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(102)- 4668/2020 nömrəli qərardadın surəti; - «Atalığın müəyyən edilməsi haqqında» ərizənin surəti; (əsli bax Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1182/2020 nömrəli mülki işin 54-cü səhfəsi) - «Atalığı müəyyən etmək haqqında aktın qeydinin surəti; (əsli bax Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1182/2020 nömrəli mülki işin 53-cü səhfəsi) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2021-ci il tarixli 4/430 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi; - İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1 və 32.2-ci maddələrinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdıması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məhkəmədə iddia qaldıraraq Goranboy rayon Qeydiyyat şöbəsində tərtib olunmuş 2000 5 0154 06092018 nömrəli atalığı müəyyən etmək haqqında aktın qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində göstərilən tələblə əlaqədar məhkəmə araşdırılması aparılmış və aşağıdakılar müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş «atalığın müəyyən edilməsi haqqında» 06.09.2018-ci il tarixli AZ-İ № 355907 şəhadətnamənin surətindən görünür ki, İddiaçı 31.07.2018-ci ildə X2 doğduğu X8 atası edilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 1182/2020 nömrəli mülki işin materiallarından müəyyən edilmişdir ki, İddiaçı iddiasına baxılmış və Goranboy rayon Məhkəməsinin 28 noyabr 2(045)-955/2019 nömrəli qətnaməsi ilə onun iddiası təmin edilmiş və Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş «atalığın müəyyən edilməsi haqqında» 06 sentyabr 2018-ci il tarixli AZ-İ № 355907 nömərli şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş 06 sentyabr 2018-ci il tarixli AZ-İV 131083 nömrəli doğum haqqında şəhadətnamə etibarsız hesab olunmuşdur. Qeyd edilən qətnamə Gəncə Apelyasiya Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(104)-1182/2020 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(102)-4668/2020 nömrəli qərardadına əsasən isə Gəncə Apelyasiya Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(104)-1182/2020 nömrəli qətnaməsi ləbğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qeyd edilən qərardaddan müəyyən olunur ki, məhkəmə iddiaçıya, inzibati orqana qarşı müvafiq iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. İddiaçı isə yeni iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməyə müraciət etmişdir. Araşdırma nəticəsin üçüncü şəxs X7 məhkəməyə vəsatət verərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini və mübahisələndirilən Goranboy rayon Qeydiyyat şöbəsində tərtib olunmuş 2000 5 0154 06092018 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydində imzanın iddiaçıya məxsus olub-olmamasını müəyyən edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 10.03.2021-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2021-ci il tarixli 4/430 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş 2000 5 0154 06092018 nömrəli atalığı müəyyən etmək haqqında aktın qeydində «40.(17.) ərizə verənin soyadı, adı, atasının adı, yaşadığı yer və imzası» qrafasında 1-ci imza; 31 iyul 2018-ci il tarixli atalığın müəyyən edilməsi haqqında ərizədə «Ata» qrafasındakı imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cu maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» əsas müddəalarına əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Goranboy rayon Qeydiyyat şöbəsinin 10.12.2020-ci il tarixli, 316/1-Q-05/15 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən ərizəsində göstərilmiş sənədlərin, yəni «Atalığı müəyyən etmək haqqında aktın qeyd»inin ləbv edilməsi şöbənin səlahiyyətlərinə aid deyil. Cavabdeh orqan bu barədə iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinin tələblərinə əsasən İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, 31.07.2018-ci il təvəllüdlü X8 atalığının müəyyən edilməsinin qeydiyyatı iddiaçının ərizəsi olmadan, yəni ərizə onun tərəfindən imzalanmadığından, qanunvericiliyin tələbləri pozulmaqla aparıldığından, Goranboy rayon Qeydiyyat şöbəsində tərtib olunmuş 2000 5 0154 06092018 nömrəli atalığı müəyyən etmək haqqında aktın qeydi ləğv edilməli və iddia təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Goranboy rayon Qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxs X5) Goranboy rayon Qeydiyyat şöbəsində tərtib olunmuş 2000 5 0154 06092018 nömrəli atalığı müəyyən etmək haqqında aktın qeydinin ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilsin. Goranboy rayon Qeydiyyat şöbəsində tərtib olunmuş 2000 5 0154 06092018 nömrəli atalığı müəyyən etmək haqqında aktın qeydi ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar