Məhkəmə qərarları › İş №2-1(114)-425/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-425/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-425/2022 14.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 13.12.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.06.2021-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçıya məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmiş və nəticədə iddiaçı 07.01.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh əvəz olunmasını xahiş etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 42 il iş stajı var. Bu stajın 36 ilini (güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinə aid edilmiş iş stajı) elektorvoz maşinist köməkçisi işləmiş və hazırda da elektrovoz maşinisti işləyir. Güzəştli pensiya almaq hüququ verən 57 yaşı 10 iyun 2021-ci il tarixdə tamam olmuşdur. Ona güzəştli pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X3 Filialından 24 noyabr 2021-ci il tarixli, **********3 saylı məktubla ona güzəştli pensiya təyin edilməsindən imtina edilmişdir. hesab edir ki, verilmiş imtina tam olaraq əsassız və qanunsuz olmaqla onun pensiya hüququ cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, imtina məktubunda göstərilir ki, onun pensiya kapitalının aşağıdakı həddi qanunvericiliyə uyğun olaraq 47.200,00 manat hesablandığı halda, onun fərdi hesabının, sığorta hissəsində qeydə alınan pensiya kapitalı 44.650,18 manat təşkil edir. Bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək cavabdehin imtinasının əsassız sayılıb iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh imtinaya əsas kimi qeyd etmişdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabm sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtləriə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə hazırda 47200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 44650,18 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər (bank rekvizitləri əlavə olunur). Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin 24.11.2021-ci il tarixli, **********3 nömrəli imtinası, iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurəti, "xxxx" QSC-nin 12.11.2021-ci il tarixli, 11/218 nömrəli arayışı, 08.09.1983-cü il tarixində tərtib edilmiş İT-l ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş kserosurəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı məxsus İT ******* nömrəli, 08.09.1983-cü il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, o, 29.08.1983-cü il tarixdən maşinist-elektrovoz köməkçisi, 10.10.1983-cü il tarixdə ordu sıralarına çağrıldığı üçün işdən azad edilmiş, 26.10.1983- 16.11.1985-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. 12.12.1985-ci il tarixdə ordu sıralarından qayıtması üzrə maşinist-elektrovoz köməkçisi vəzifəsinə qəbul edilmiş, 27.10.1985-ci il tarixdə maşinist-elektrovoz vəzifəsinə keçirilmişdir. 24.04.1998-ci il tarixdən hazırki vaxta kimi isə 3-cü dərəcəli elektrovoz maşinisti kimi işləyir. “Azərbaycan Dəmir Yolları “QSC-nin 12.11.2021-ci il tarixli, 11/218 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Respubikasının “Əmək peniyaları haqqında”Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən elektrovoz maşinist köməkçisi və elektrovoz maşinisti vəzifələrində "xxxx" QSC-nin YDDnin X1 29.08.1983-cü ildən elektrovoz maşinisti köməkçisi, 12.12.1985-ci ildən elektrovoz maşinist köməkçisi, 27.10.1988-ci ildən hal-hazıra kimi isə elektrovoz maşinisti kimi işləyir. İşlədiyi vəzifələr üzrə 36 il 11 gün sosial sığorta stajı mövcuddur. İşlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri “Dəmiryolunda lokomotiv vasitəsilə yük qatarlarının daşınması vəzifəsini həyata keçirmək”dən ibarət olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.4-cü bəndində, 6-cı yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Cavabdehin istər 24.11.2021-ci il tarixli, **********3 nömrəli imtina məktubunda, istərsə də idiaçıya ünvanladığı digər məktublarda iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinaya əsas səbəb kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi göstərilmişdir. Tətbiq edilən maddi hüquq: “Əmək Pensiyaları haqqında“ Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanların yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında 23001000—14241 kodu ilə göstərilmiş “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” qeyd olunmuşdur. Etirazda qeyd olunduğu kimi cavabdehin etirazını yeganə dəlili iddiaçının pensiya kapitalının yaranmamasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb Qanuna 01.07.2017-ci il tarixdən sonra daxil edilmişdir. İddiaçı isə həmin tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Belə ki, qanun dəyişilənədək iddiaçı artıq 25 il sığorta stajı və bu müddətin 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə münasibətdə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ qazanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Qərardadında “Qazanılmış hüquq” anlayışına belə tərif verilmişdir ki, yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. İş materialları ilə iddiaçının 57 yaşına çatması, 25 ildən artıq ümumi iş stajı, həm də 12 il 6 aydan artıq güzəştli iş stajı olması təsdiq olunur. Beləliklə, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun olması öz təsdiqini tapdığından məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının pensiya hüququ 10.06.2021-ci il tarixindən yarandığından ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 10.06.2021-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə pensiyanın təyin olunması öhdəliyi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar