Məhkəmə qərarları › İş №2-1(114)-426/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-426/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-426/2022 12.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə 13.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, X8 İdarəsi tərəfindən 2006-cı və 2012-ci illərdə işlədiyi və aldığı əmək haqqı barədə verilmiş 02.06.2021-ci il tarixli 13 nömrəli arayışında göstərilən işlədiyi və əmək haqqı aldığı müddətlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1981-ci ildən M.B.Qasımov adına Tovuz sovxoz Texnikumuna daxil olmuş və 1984-cü ilin fevral ayının 29-dək şərabçılığın texnologiyası ixtisası üzrə tam kursu bitirmiş, bu barədə ona Dövlət İxtisas Komissiyasının qərarı ilə 29 fevral 1984-cü il tarixli texniki-texnoloq ixtisası üzrə 05 mart 1984-cü il tarixli,KT № 027245 nömrəli diplom verilmişdir. Daha sonra 01.04.1992-ci il tarixdən 01.11.2000-ci il tarixədək “X4” toxucu peşəsində, 07.11.2000-ci il tarixdən 2017-ci ilin aprel ayının 03-dək Tovuz rayon X1 Dönükqırxılı kənd kitabxana filialında böyük kitabxanaçı vəzifəsində, 03.04.2017ci İl tarixdən X8 və Turizm İdarəsi yaradılması ilə əlaqədar 03 aprel 2017-ci il tarixli 14 nömrəli əmrlə Tovuz rayon X2 üzrə Dönükqırxılı kənd kitabxana filialına müdir vəzifəsinə təyin edilmiş və 15.03.2021-ci il tarixədək həmin vəzifədə işləmişdir. Bundan başqa, Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının (Forma №TSEK-3) SER TSE-01- № 010623 nömrəli arayışına əsasən 21 mart 2003-cü il tarixdə Tovuz rayon Dönükqırxılı kəndində doğulmuş X7 anadan gəlmə qüsurlu doğulduğuna görə “Serebral iflic diaqnozlu yeriyə bilməyən xəstəliyinə görə 03 avqust 2007-ci il tarixdən uşağın sağlamlıq imkanları məhdudluğuna görə sosial müavinət təyin edilmiş və anası İddiaçı qəyyum təyin edilməklə uşağa qulluğa görə həmin vaxtdan təqaüd almış və eyni zamanda 2019-cu ilin aprel ayından isə sosial müavinət artırılmış və həmin vaxtdan isə 150 (yüz əlli) manat məbləğində 18 yaşına qədər sosial müavinət və 50 (əlli) manat qulluq üçün Prezident təqaüdünü 21.03.2021-ci il tarixədək almışdır. Qeyd olunanlara əsasən iddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh orqan onun ümumi iş stajını 23 il 11 ay müəyyən etdiklərindən və azı 25 il sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmənin 08.02.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, 1995-ci ildə öz hesabına məzuniyyətə çıxmış və 2000-ci ilədək əmək haqqı almamışdır, bundan əlavə dublikat əmək kitabçası 2021-ci ildə Xalça Kombinatı ASC-nin hazırki rəhbəri tərəfindən verilmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı əlil uşağa qulluq etməsi barədə akt təqdim etmədiyinə görə iddiaçının müraciəti müsbət həll edilməmişdir. Cavabdehin nümayəndəsi X9 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əmək fəaliyyətinin araşdırılması üçün “X11” MMC-yə müvafiq sorğu verilmiş, müəssisənin 20.04.2021-ci il tarixli, 5 nömrəli arayışına əsasən iddiaçının yalnız 1992-1995-ci illər ərzində əmək haqqı aldığı aşkarlanmışdır. 1992-1995-ci illər ərzində əmək haqqı aldığı üçün həmin dövrlər üzrə əmək haqqdan sığorta haqları tutulmuşdur. iddiaçının “X11” MMC-dəki əmək fəaliyyətini əhatə edən 11.02.1992-ci il tarixdən 04.08.2000-ci il tarixədək dövr üzrə 1992-ci ildən 1995-ci ilədək olan dövr onun sosial sığorta stajına daxil edilir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən 23 il 11 ay sosial sığorta stajı mövcuddur. Bu səbəbdən də ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş 08.04.2022-ci il tarixli **********6 nömrəli etiraza əlavədə qeyd olunmuşdur ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən inzibati orqan tərəfindən 01.09.1981-ci il tarixdən 29.02.1984-cü il tarixədək 2 il 5 ay 28 gün əyani təhsil dövrü, 01.04.1992-ci il tarixdən 01.11.2000-ci il tarixədək ”X10” MMC-də işləməsi faktını təsdiq edən əmək haqqı barədə arayışda 2 il 4 ay , 07.11.2000-ci il tarixdən 01.01.2006-ci il tarixədək Tovuz rayon Düzqırıxlı kənd kitabxanasında 5 il 1 ay 25 gün, 01.01.2006-ci il tarixdən 03.08.2007-ci il tarixədək fərdi uçot məlumatlarına əsasən 1 ay, 03.08.2007-ci il tarxidən 21.03.2021-ci il tarixədək əlil övladına qulluq etdiyi dövr 13 il 7 ay 18 gün olmaqla cəmi 23 il 7 ay 12 gün sığorta stajı hesablanmışdır. Bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə olunmuş ЖГ 027245 nömrəli 05.03.1984-cü il tarixli diplomdan görünür ki, İddiaçı 1981-ci ildən M.B.Qasımov adına Tovuz sovxoz Texnikumuna daxil olmuş və 1984-cü ilin fevral ayının 29-dək şərabçılığın texnologiyası ixtisası üzrə tam kursu bitirmişdir. -surəti işə əlavə olunmuş ******* nömrəli 19.04.2021-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 01.04.1992-ci il tarixdən 06.11.2000-ci tarixədək ”X10” MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. -surəti işə əlavə olunmuş ******* nömrəli 08.08.2018-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı 07.11.2000-ci il tarixdən 15.03.2021-ci il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -surəti işə əlavə olunmuş X8 İdarəsinin 12.06.2021-ci il tarixli 13 nömrəli arayışından görünür ki, İddiaçı 2006-2012-ci illərdə Tovuz rayon X1 Dönükqırxılı kənd kitabxana filialında işləyərək əmək haqqı almışdır. -surəti işə əlavə olunmuş 16 saylı və 28 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 03.08.2007, 10.08.2009 və 21.10.2011-ci il tarixli arayışlarından görünür ki, İddiaçı övladı X7 18 yaşa kimi sağlamlıq imkanlarının məhdud olması müvafiq müayinə aktları ilə müəyyən edilmişdir. -DSMF publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının 01.12.2021-ci il tarixli **********3 nömrəli bildirişindən görünür ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən 23 il 11 ay sığorta stajı müəyyən olunduğundan və onun tələb olunan 25 il sosial sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumilikdə 23 il 7 ay 12 gün sığorta stajı müəyyən olunduğundan və onun tələb olunan 25 il sosial sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Qeyd edilməlidir ki, iddiaçının iş stajını təsdiq edən sənədlərə əsasən onun 23 il 7 ay 12 gün ümumi iş stajı cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı kimi nəzərə alınmışdır. Belə ki, 01.09.1981-ci il tarixdən 29.02.1984-cü il tarixədək 2 il 5 ay 28 gün əyani təhsil dövrü, 01.04.1992-ci il tarixdən 01.11.2000-ci il tarixədək ”X10” MMC-də işləməsi faktını təsdiq edən əmək haqqı barədə arayışda 2 il 4 ay , 07.11.2000-ci il tarixdən 01.01.2006-ci il tarixədək Tovuz rayon Düzqırıxlı kənd kitabxanasında 5 il 1 ay 25 gün, 01.01.2006-ci il tarixdən 03.08.2007-ci il tarixədək fərdi uçot məlumatlarına əsasən 1 ay, 03.08.2007-ci il tarxidən 21.03.2021-ci il tarixədək əlil övladına qulluq etdiyi dövr 13 il 7 ay 18 gün olmaqla cəmi 23 il 7 ay 12 gün sığorta stajı hesablanmışdır. Lakin müəyyən edilir ki, cavabdeh orqan iddiaçının 07.11.2000-ci il tarixdən 15.03.2021-ci il tarixədək işlədiyi müddətləri düzgün hesablamamışdır. Belə ki, iddiaçıya məxsus ******* nömrəli 08.08.2018-ci il tarixli əmək kitabçası ilə onun 07.11.2000-ci il tarixdən 15.03.2021-ci il tarixədək işləməsi öz əksini tapmışdır. Deməli qeyd olunan dövr üzrə iddiaçının 20 il 4 ay 14 gün sığorta stajı öz təsdiqini tapır. Bundan əlavə “X11” MMC-nin 20.04.2021-ci il tarixli, 5 nömrəli arayışına əsasən iddiaçının yanvar 1992-sentyabr 1995-ci illər üzrə ümumilikdə 3 il 9 ay stajı müəyyən edilir. Həmçinin iddiaçının cavabdeh tərəfindən təsdiq olunan 01.09.1981-ci il tarixdən 29.02.1984-cü il tarixədək 2 il 5 ay 28 gün əyani təhsil dövrü də nəzərə alındıqda iddiaçının ümumi stajının 25 ildən çox olması müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçının himayəsində sağlamlıq imkanları məhdud uşağı olmuş və onu tərbiyə etmişdir. Qeyd edilməlidir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 2018-ci il üçün yaş tələbi olan 56 yaşa 25.09.2018-ci il tarixdə çatdığı üçün pensiya təyin edilməsi üçün yaş tələbini ödəmişdir. Deməli iddiaçı pensiya yaşında olmaqla həm də tələb olunan sığorta stajına (ümumilikdə 25 ildən çox) malikdir. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar