Məhkəmə qərarları › İş №2-1(114)-4267/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4267/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4267/2025 14.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-25-14/2-B-184xx-xx/2025 nömrəli imtina məktubunda göstərilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”-nın xx.xx.2025-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 2879 nömrəli arayışına əsasən N nömrəli hərbi hissəni öz başına tərk etdiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 2879 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, onun xx.xx.2024-cü il tarixli 3-43-26/2- 573/2024 №-li məktubuna cavab olarak bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 6 N№-li əmrində (əsas §-1, səh-9, sıra-26, əmrdə təvəllüdü "1975-ci il" yazılmışdır) hərbi komissarlıqdan həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq "sıravi" hərbi rütbəsi verilmiş və ştatdan kənar saxlanılmış hərbi qulluqçuların siyahısında, Goranboy RHK-nın çağırışçısı, 1975-ci il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 33 №-li əmrilə (əsas: §-2 səh-14, əmrdə əsas kimi "Goranboy RHK-nın xx.xx.1994-cü il tarixli 2/249 №-li arayısı göstərilmişdir) sıravi İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq, Goranboy rayonuna 3 (üç) günlük qısamüddətli məzuniyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. Goranboy RHK-nın çağırışçısı, 1974-cü il təvəllüdlü, sıravi İddiaçı uzun müddət hərbi hissədən yayındığına görə, Müdafiə nazirinin xx.xx.1994-cü il taxi müvafiq nömrəli əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixl 290 №-li əmrilə (əsas: §-5, səh-3, sıra-946, əmrdə təvəllüdü "1974-cü il" yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994xx.xx.1994-cü il tanxi nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, 1974cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Hal-hazırda 50 yaşı tamam olduğu üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində hərbi qeydiyyatdan silinmişdir.

4. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 2879 nömrəli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 6 nömrəli əmri ilə bütün növ təminatlara qoyularaq şəxsi heyətin sıyahısına daxil edilmiş, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 33 nömrəli əmri ilə 3 (üç) günlük qısa müddətli məzuniyyətə buraxılmışdır. İddiaçı uzun müddət hərbi hissədən yayındığına görə (xidməti yerinə qayıtmadığına görə) Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətının siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Həmçinin həmin arayışda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumatlar aşkar olunmamışdır. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olarkən döyüşlər aparılan dövrdə hərbi hissəni özbaşına tərk etmiş və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya"nın xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, İddiaçı N nömrəli hərbi hissəni özbaşına tərk etdiyinə görə ona "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

5. Məhkəmə sorğusuna Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli cavab məktubunda, İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 6№-li, xx.xx.1994-cü il tarixli 33№-li və xx.xx.1994-cü il tarixli 290№-li nizami hissə üzrə əmrlərindən arxiv çıxarışlarından müəyyən olunur ki, 130№-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, aprel 1999-cu il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Xankəndi şəhər Kərkicahan qəsəbəsindən məcburi köçkündür. O, xx.xx.1974-cü ildə Laçın rayonu, Fingə kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi davam edən dövrdə xx.xx.1994-cü ildə N №li hərbi hissəyə könüllü olaraq hərbi xidmətə getmişdir (130№ li H/H komandirinin 6 nömrəli əmri) Goranboy, Tərtər, Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarının hamısında iştirak etmişdir. N №li h/h komandirinin xx.xx.1994-cü il tarixli 33 №li əmrinə əsasən 3 günlük evə buraxılmışdır. Daha sonra xidmət yerinə qayıdaraq xx.xx.1994-cu il tarixədək hərbi hissədə xidmət etmişdir. Lakin hərbi hissəyə qayıtmağı barədə məlumat o vaxt bilinməyən səbəbdən daxil edilməmiş, həmçinin hərbi bileti də o vaxt itirilmişdir. O, hərbi xidmətdən yayınmamışdır. Yayınsa barəsində cinayət işi açılardı. Həmçinin xx.xx.1996-cı ildə təkrar həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1999-cu ildə həqiqi hərbi xidmətini başa vurmuşdur. Sonra 20 ildən artıq DİN sıralarında xidmət etmiş, hazırda pensiyadadır. Hal-hazırda onunla birgə döyüşlərdə iştirak edən əsgər yoldaşları veteranlıq alıblar. Daha sonra 20 il DİN Xocalı RPŞ-də polis nəfəri kimi işləyərək pensiyaya çıxmışdır. Hal-hazırda pensiyadadır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

11. Məhkəmə hesab edir ki, hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt ödənilmişdir.

12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

17. Cavabdeh orqanın məhkəməyə etirazı imtinanın dəlilləri ilə əsaslandırılmışdır.

18. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-25-14/2-B-184xx-xx/2025 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 2879 nömrəli xx.xx.2025-ci il tarixli məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli arayışı; - Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubu; - Məhkəmə sorğusuna Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

21. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, onun hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat aşkar edilmədiyindən cavabdeh orqan tərəfindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

22. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb onun hərbi hissəni özbaşına tərk etmə faktının olmasıdır.

23. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.

24. Belə ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 6 nömrəli əmri ilə bütün növ təminatlara qoyularaq şəxsi heyətin sıyahısına daxil edilmiş, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 33 nömrəli əmri ilə 3 (üç) günlük qısa müddətli məzuniyyətə buraxılmışdır. İddiaçı uzun müddət hərbi hissədən yayındığına görə (xidməti yerinə qayıtmadığına görə) Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətının siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.

25. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

26. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

27. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994 cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

29. Göründüyü kimi, əsasnaməyə uyğun olaraq “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir.

30. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimata görə: Bənd 1.6. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.

31. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb onun qanuni əsaslarla tərxis olmaması olmuşdur ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır.

32. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür.

33. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

34. Belə ki, “Müharibə veteran”ı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi bileti ilə yanaşı, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da vacib şərtdir, hansı ki, iddiaçının hərbi biletində də onun hərbi hissəni özbaşına tərk etməsi barədə qeyd vardır və arxiv arayışı ilə təsdiq olunur, həm də hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir.

35. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə:

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar