Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-427/2022 08.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə 13.12.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri X6 11.03.1965-ci il tarixdən 01.06.1969-cu il tarixədək Daşkəsən rayon sabiq M.Fizuli adına sovxozda, 06.08.1969-cu il tarixdən 27.02.1978-ci il tarixədək Daşkəsən rayon İstehlak Cəmiyyətində Şaumyan kəndində mağaza müdiri, 08.01.1980-ci il tarixdən 31.03.1991-ci il tarixədək Daşkəsən rayon Lenin adına sovxozda, 13.11.1992-ci il tarixdən 01.11.1994-cü il tarixədək Daşkəsən rayon Meşə Təsərrüfatı İdarəsində Əmirvar meşəçiliyinə meşə əkinləri üzrə fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28.10.2021-ci il tarixli 2-1(112)-11226/2021 nömrəli qəraradadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum X8 iddiaçının əridir, o, 14.08.2002-ci ildə vəfat etmişdir. İddiaçının mərhum əri 11.03.1965-ci il tarixdən 01.06.1969-cu il tarixədək Daşkəsən rayon sabiq M.Fizuli adına sovxozda briqadir, 06.08.1969-cu il tarixdən 27.02.1978-ci il tarixədək Daşkəsən rayon İstehlak Cəmiyyətində Şaumyan kəndində təzə açılan mağazada mağaza müdiri, 08.01.1980-ci il tarixdən 31.03.1991-ci il tarixədək Daşkəsən rayon Lenin adına sovxozda fəhlə, 13.11.1992-ci il tarixdən 01.11.1994-cü il tarixədək Daşkəsən rayon Meşə Təsərrüfatı İdarəsində Əmirvar meşəçiliyinə meşə əkinləri üzrə müvəqqəti fəhlə işləmişdir. Beləliklə, mərhum X8 ayrı-ayrı yerlərdə cəmi 27 il işləmiş və staj qazanmışdır. Əri vəfat etdiyindən iddiaçı ailə başçısını itirməyə görə pensiya almaq üçün sənədlərini toplayıb cavabdehə müraciə etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X13 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının ərinin əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmadığına görə sosial sosial sığorta stajı kimi nəzərə alınmır, bu səbəbdən də ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması mümkün deyil. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Daşkəsən rayon Dövlət Arxivinin 19.05.2021-ci tarixli, 32 nömrəli arayışından görünür ki, Daşkəsən rayon sabiq M.Fizuli adına sovxozun 11.03.1965-ci il tarixli 50 nömrəli əmri ilə X8 2 nömrəli sovxozda 3-cü şöbənin briqadiri təyin edilmiş, 01.06.1969-cu il tarixli 81 nömrəli əmr ilə işdən azad edilmişdir. -surəti işə əlavə edilmiş Daşkəsən rayon Dövlət Arxivinin 19.05.2021-ci tarixli, 33 nömrəli arayışından görünür ki, Daşkəsən rayon İstehlak Cəmiyyətinin 06.08.1969-cu il tarixli, 181 nömrəli sərancamı ilə X1 təzə açılan mağazaya mağaza müdiri təyin edilmiş, 27.02.1978-ci il tarixli, 98 nömrəli sərəncamla işdən azad edilmişdir. -surəti işə əlavə edilmiş Daşkəsən rayon Dövlət Arxivinin 19.05.2021-ci tarixli, 34 nömrəli arayışından görünür ki, Daşkəsən rayon Lenin adına sovxozun 08.01.1980-ci il tarixli, 5 nömrəli əmri ilə X8 1 nömrəli təsərrüfat briqadası üzrə fəhlə təyin edilmiş, 31.03.1991-ci il tarixli 42 nömrəli əmr ilə işdən azad edilmişdir. -surəti işə əlavə edilmiş Daşkəsən rayon Dövlət Arxivinin 19.05.2021-ci tarixli, 35 nömrəli arayışından görünür ki, Daşkəsən rayon Meşə Təsərrüfatı İdarəsinin 13.11.1992-ci il tarixli, 47 nömrəli əmri ilə X4 meşəçiliyinə meşə əkinləri üzrə müvəqqəti fəhlə təyin edilmiş, 01.11.1994-cü il tarixli, 47 nömrəli əmr ilə işdən azad edilişdir. -surəti işə əlavə edilmiş 13.01.1993-ci il tarxili, Vİ-ЖГ 319324 nömrəli “Nikahın bağılanması haqqında” şəhadətnamədən görünür ki, X2 Xəbər Yusif qızı ilə 13.01.1993-cü ildə nikah bağlamış, arvada “Pirverdiyeva” soyadı verilmişdir. -surəti işə əlavə edilmiş 04.05.2021-ci il tarixli, AZ-İİ 111334 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X8 14.08.2002-ci il tarixdə ölmüşdür. -AR ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 06.07.2021-ci il tarixli, ********** nömrəli məktububdan görünür ki, iddiaçıya ailə başcısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X6 1965-1994-cü illərdə işlədiyi müddətlərə dair qeydlər əmək kitabçasında öz əksini tapmadığından cavabdeh tərəfindən həmin illər onun sosial sığorta stajına daxil edilməmiş və nəticə etibarilə iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bundan başqa, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cu bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə qeyd ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və müəssisənin arayışında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Beləliklə iddiaçının mərhum ərinin iş stajını təsdiq edən Daşkəsən rayon Dövlət Arxivinin 19.05.2021-ci tarixli, 31, 32, 33, 34 və 35 nömrəli arxiv arayışlarına əsasən 11.03.1965-ci il tarixdən 01.06.1969-cu il tarixədək - 4 il 2 ay 20 gün, 06.08.1969-cu il tarixdən 27.02.1978-ci il tarixədək - 8 il 6 ay 21 gün, 08.01.1980-ci il tarixdən 31.03.1991-ci il tarixədək - 11 il 2 ay 23 gün,13.11.1992-ci il tarixdən 01.11.1994-cü il tarixədək - 1 il 11 ay 18 gün olmaqla ümumilikdə 25 il 11 ay 22 gün sığorta sığorta stajı yaranır. Məhkəmə qeyd olunan arayışları mötəbər sübut kimi qəbul edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. -17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun yuxarıda istinad olunan maddələrindən göründüyü kimi ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün qanunvericiliklə 2 şərt nəzərdə tutulmuşdur: 1) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatması; 2) İddiaçının mərhum ərinin ölüm gününədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində tələb edilən sığorta stajına malik olması. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla cavabdeh orqana müraciət etdiyi 20.05.2021-ci il tarixdə 62 yaşı olmuşdur. Sözügedən Qanunun 7-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Mövcud qanunvericiliklə 1 iyul 2020 – 30 iyun 2021 dövrü üzrə qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Deməli iddiaçı müəyyən olunmuş yaş tələbinə cavab verir. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş arxiv arayışlarına əsasən iddiaçının mərhum ərinin ümumilikdə 25 il 11 ay 22 gün sığorta sığorta stajı müəyyən olunmuşdur. Beləliklə müəyyən olunur ki, iddiaçı ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış, həm də tələb edilən sığorta stajına malik olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Odur ki, iddiaçının mərhum əri X6 11.03.1965-ci il tarixdən 01.06.1969-cu il tarixədək, 06.08.1969-cu il tarixdən 27.02.1978-ci il tarixədək, 08.01.1980-ci il tarixdən 31.03.1991-ci il tarixədək və 13.11.1992-ci il tarixdən 01.11.1994-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya hüququ yarandığı 10.04.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X6 11.03.1965-ci il tarixdən 01.06.1969-cu il tarixədək, 06.08.1969-cu il tarixdən 27.02.1978-ci il tarixədək, 08.01.1980-ci il tarixdən 31.03.1991-ci il tarixədək və 13.11.1992-ci il tarixdən 01.11.1994-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-427/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-427/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver