Məhkəmə qərarları › İş №2-1(114)-4275/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4275/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4275/2025 30.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X24 Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı ölüm akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X24 Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı X2 barəsində Tovuz rayon İbrahimhacılı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə 11 nömrə ilə qeyd edilmiş ölüm haqqında akt qeydində düzəliş edilərək “Güləndam” adının “Gülqədəm” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. X24 Xidmət Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-69- 1268/2025 nömrəli imtina məktubundan müəyyyən olunur ki, xx.xx.1957-ci ildə Samux rayon Qarayeri kəndində anadan olmuş X8 ölüm haqqında akt qeydində adını “Güləndam”-dan “Gülqədəm”-ə düzəliş etmək səlahiyyətləri xaricindədir və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

2. Tovuz rayon İbrahimhacılı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş AZ-İİ № 157019 nömrəli xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, ölüm haqqında akt X2 adına verilmişdir.

3. AZ-İİİ № 576355 nömrəli xx.xx.1958-ci il tarixli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X14 xx.xx.1957-ci ildə Samux rayonu Qarayeri qəsəbəsində anadan olmuşdur.

4. AZ-T № 156497 nömrəli xx.xx.1983-cü il tarixli X13 adına verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, o, xx.xx.1983-cü ildə Tovuz rayonu, İbrahim Hacılı kəndində anadan olmuş, atası İddiaçı, anası X4r.

5. Tovuz rayon İcra Hakimiyyəti başçısının İbrahimhacılı kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli 180 nömrəli arayışından müəyyən olunur ki, mərhum X5 aid doğum haqqında şəhadətnamədə X14, nikah haqqında şəhadətnamədə, övladlarına verilmiş doğum haqqında şəhadətnamədə ana qrafasında və Təsərrüfatbaşına kitabda onun adı X1 qeyd edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, X10 ilə X9 eyni adamlardır.

6. Məhkəmə sorğusuna X24 Xidmət Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-875/2025 nömrəli cavab məktubundan və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, mərhum X5 aid xx.xx.1979-cu il tarixli 14 nömrəli nikahın bağlanması haqqında akt qeydində adı X14, X6 məxsus xx.xx.1985-ci il tarixli 08 nömrəli və X7 məxsus xx.xx.1987-ci il tarixli 49 nömrəli doğum akt qeydlərində onların ana adı X9, xx.xx.2021-ci il tarixli AZ-İİ №157019 nömrəli ölüm haqında akt qeydində adı X10 olaraq qeyd olunmuşdur. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh X24 Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 barəsində Tovuz rayon İbrahimhacılı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə 11 nömrə ilə qeyd edilmiş ölüm haqqında akt qeydində düzəliş edilərək “Güləndam” adının “Gülqədəm” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, X15 21 dekabr 1957-ci il tarixdə anadan olmuşdur. X15 ilə 17 avqust 1979-cu il tarixdə evlənib ailə qurmuşlar və həmin şəxslə onun birgə nikahlarından Elburus və Samirə adında uşaqları olmuşdur. Uşaqlarına verilən doğum haqqında şəhadətnamədə ana qrafasında və X12 verilən şəhadətnamədə X11 adı Gülqədəm qeyd edilmişdir. Nikah haqqında şəhadətnamədə X15 onun soyadını, yəni Abdullayeva soyadını qəbul etmişdir. X9 04 iyul 2021-ci il tarixdə vəfat etmiş və ona verilən ölüm haqqında şəhadətnamədə adı texniki səhv olaraq Güləndam yazılmışdır. Ölüm haqqında şəhadətnamədə X11 adının düzəldilməsi ilə bağlı Cavabdehnə müraciət etsə də, bu mümkün olmamışdır. Halbuki, X11 adının ölüm kağızında səhv yazılması inzibati orqanın səhvidir. X11 ölüm kağızında adının səhv yazılmasına görə o, miras mülkə dair vərəsəlik şəhadətnaməsi ala bilmir. Ona görə də bu barədə qərar çıxarılmalıdır. Hesab edir ki, inzibati orqanın səhvinə görə ölüm barədə qeydiyyat düzgün qeyd edilməmişdir. İnzibati orqan öz səhvini düzəltmədiyindən onun barəsində doğum qeydi məhkəmə qaydasında həll olunmalıdır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı cavabdeh əsl cavabdeh X24 Xidmət Mərkəzində qeydiyyat şöbəsi ilə əvəz edilmiş, iddia tələbi “X2 barəsində Tovuz rayon İbrahimhacılı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə 11 nömrə ilə qeyd edilmiş ölüm haqqında akt qeydində düzəliş edilərək “Güləndam” adının “Gülqədəm” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdehin yerləşdiyi yer olan Tovuz şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-cüi il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

19. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

21. İddiaçı şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - X24 Xidmət Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-69- 1268/2025 nömrəli imtina məktubu; - Tovuz rayon İbrahimhacılı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş AZ-İİ № 157019 nömrəli xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamə; - AZ-İİİ № 576355 nömrəli xx.xx.1958-ci il tarixli doğum haqqında şəhadətnamə; - AZ-T № 156497 nömrəli xx.xx.1983-cü il tarixli X13 adına verilmiş doğum haqqında şəhadətnamə; - Tovuz rayon İcra Hakimiyyəti başçısının İbrahimhacılı kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli 180 nömrəli arayışı; - Məhkəmə sorğusuna X24 Xidmət Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-875/2025 nömrəli cavab məktubundan və ona əlavə olunmuş sənədlər.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

24. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı mərhum arvadına məxsusTovuz rayon İbrahimhacılı kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli AZ-İİ №157019 nömrəli ölüm haqqında akt qeydində adının texniki səhv olaraq Gülqədəm əvəzinə Güləndam kimi qeyd olunduğunu əsas gətirməklə, akt qeydində adına düzəliş edilməsini X24 Xidmət Mərkəzində qeydiyyat şöbəsindən xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2025-ci il tarixli 3-16-5/8-69-1268/2025 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, ölüm haqqında akt qeydinə düzəliş edilməsinə dair səlahiyyətləri olmadığına görə onun müraciəti tərəflərindən təmin edilə bilməz. Bununla bağlı hüquqi yardım təklif edilərək müvafiq düzəlişlər aparılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur.

25. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

28. Məhkəmənin sorğusu əsasında X24 Xidmət Mərkəzində qeydiyyat şöbəsindən əldə edilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ №157019 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə diabetik koma səbəbindən vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixli AZ-İİ №157019 nömrə ilə qeyd edilmişdir.

29. Yəni, iddiaçının mərhum arvadının ölüm haqqında akt qeydində adı Güləndam kimi qeyd edilmişdir. Lakin iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə iddiaçının mərhum arvadının adı Gülqədəm kimi (X9) qeyd edilmişdir.

30. Bu isə o deməkdir ki, həqiqətən də X3 ölüm akt qeydində səhvə yol verilmiş və onun adı barəsində məlumat düzgün qeyd edilməmişdir.

31. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində İddiaçı subyektiv hüququ pozulmuşdur.

32. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X2 barəsində Tovuz rayon İbrahimhacılı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə 11 nömrə ilə qeyd edilmiş ölüm haqqında akt qeydində düzəliş edilərək “Güləndam” adının “Gülqədəm” kimi qeyd edilməsi öhdəliyi cavabdeh X24 Xidmət Mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.

33. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. X2 barəsində Tovuz rayon İbrahimhacılı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə 11 nömrə ilə qeyd edilmiş ölüm haqqında akt qeydində düzəliş edilərək “Güləndam” adının “Gülqədəm” kimi qeyd edilməsi öhdəliyi cavabdeh X24 Xidmət Mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar