Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4278/2023 13.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə qarşı mərhum oğlunun şəhid kimi uçotunun aparılması və ona şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin 18 may 2023-cü il tarixli uçot və siyahıya alınma ilə bağlı imtina cavabının qanunsuz hesab edilməsi, xx.xx.1993-cü il tarixdə müharibə dövründə hərbi xidmət borcunu yerinə yetirərkən şəhid olmuş oğlu X6 birinci Qarabağ Müharibəsi şəhidlərinin siyahısına salınması, şəhid kimi uçotunun aparılması və onun şəhid ailəsi kimi siyahıya salınması, uçotunun aparılması və həmin uçota və siyahıya alınmanın adiyyatı təşkilatlara göndərilməsi, qeydiyyatının aparılması və şənid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X11 xx.xx.1993-cü ildə 1-ci Qarabağ müharibəsi dövründə hərbi xidmət vəzifəsini yerinə yetirərkən mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Xanlar rayon hərbi komisarlığında olan qeydiyyatdan da görünür ki, oğlu X12 22 dekabr 1993-cü ildə şəhid olmuşdur. Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 28 sentyabr 1995-ci il tarixli 100 saylı sərəncamından çıxarışından da göründüyü kimi xx.xx.1995-ci il tarixdə Xanlar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nəznində fəaliyyət göstərən şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsi statusunun müəyyənləşdirən komisiya tərəfindən X8 şəhid adı verilmişdir və iddiaçıya şəhid ailəsi statusu verilmişdir. Xanlar rayon ƏSMM tərəfindən 11 oktyabr 1994-cü il tarixdə 00445 saylı və 21 dekabr 1998-ci il tarixdə ******* saylı vəsiqələrlə iddiaçıya şəhid ailəsi vəsiqəsi verilmişdir. Həmçinin mövcud fotoşəkillərdən də görünür ki, X12 şəhidlər xiyabanında dəfn edilmişdir. Lakin iddiaçıya şəhid ailəsi statusu verilməsinə baxmayaraq, şəhid ailəsi üzvü kimi ona verilən müavinət və prezident təqaüdü dayandırılmışdır və şəhid ailəsi statusu qüvvədə qalmasına baxmayaraq və Göygöl Rayon İcra Hakimiyyətinin bu barədə sərəncamı ləğv edilməməsinə rəğmən iddiaçının oğlu hazırda qanunsuz şəkildə şəhid hesab edilmir. İddiaçı və vəkili (nümayəndəsi) Vəkil məhkəmə iclasında iddianı müdafiə etdilər. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Xidmətin Göygöl rayon şöbəsində X8 aid sənədlərdə, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli 9/2-13215 nömrəli məktubuna, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli birdirişinə və xx.xx.1994-cü il tarixli İV-JQ 389733 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının mərhum övladı X13 aparılan döyüş əməliyyatları zamanı deyil, xx.xx.1993-cü il tarixdə "Seyfəli" təlim mərkəzində hərbi xidmət borcunu yerinə yetirərkən mərmi partlayışı nəticəsində həlak olmuşdur. Bu səbəbdən Xidmətin Göygöl rayon şöbəsi tərəfindən mərhum X7 şəhid kimi uçotunun aparılması və iddiaçıya şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 28 sentyabr 1995ci il tarixli 100 saylı sərəncamından çıxarışından görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nəznində fəaliyyət göstərən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsi statusunun müəyyənləşdirən komissiya”nın xx.xx.1995-ci il tarixli iclasının qərarı təsdiq edilərək şəhid X7 anası İddiaçı şəhid ailəsi statusu verilmişdir. -surəti işə əlavə edilmiş Xanlar (Göygöl) Rayon ƏSMM tərəfindən verilmiş 11 oktyabr 1994-cü il tarixli, 004458 saylı və 21 dekabr 1998-ci il tarixli, ******* saylı vəsiqələrdən görünür ki, İddiaçı "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respbulikası haqqında qanununda göstərilən güzəştlərdən istifadə hüququna malikdir. -surəti işə əlavə edilmiş İV-ЖГ 389733 nömrəli, xx.xx.1994-cü il tarixli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X13 xx.xx.1993-cü il tarixdə "Seyfəli" təlim mərkəzində hərbi xidmət borcunu yerinə yetirərkən həlak olmuşdur. -surəti işə əlavə edilmiş Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-3263 nömrəli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 0219 №-li əmrində "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Xanlar RHK-nın adlı siyahısına əsasən, sıravi X4 şəxsi heyət üzvülüyünə qəbul edilərək, bütün təminatlarla təmin olunması barədə məlumat vardır. Hərbi xidmət borcunu yerinə yetirərkən mərmi partlayışı nəticəsində həlak olduğu üçün sıravi X10 N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyət üzvülüyündən azad edilərək, bütün təminat siyahılarından çıxarılmışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-25/1-44/2023 nömrəli arayışından görünür ki, İddiaçı mərhum övladı X13 xx.xx.1993-cü il tarixdə "Seyfəli" təlim mərkəzində (təlim zamanı) hərbi xidmət borcunu yerinə yetirərkən mərmi partlayışı nəticəsində həlak olmuşdur. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-25/2-539/2023 nömrəli məktubundan görünür ki, mərhum X7 şəhid kimi uçotunun aparılması və İddiaçı şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi qanunvericiliyə əsasən mümkün hesab edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 28 sentyabr 1995-ci il tarixli 100 saylı sərəncamı ilə İcra Hakimiyyəti Başçısı Aparatının nəznində fəaliyyət göstərən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsi statusunun müəyyənləşdirən komissiya”nın xx.xx.1995-ci il tarixli iclasının qərarı təsdiq edilərək şəhid X7 anası İddiaçı şəhid ailəsi statusu verilmiş, həmçinin iddiaçıya verilmiş müvafiq vəsiqələrlə sonuncuya "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respbulikası haqqında qanununda göstərilən güzəştlərdən istifadə hüququ verilmişdir. Lakin sonradan məlum olmuşdur ki, iddiaçının mərhum oğlunun şəhid kimi uçotu aparılmamış, bu səbəbdən də iddiaçı şəhid ailəsi üzvü kimi qanunvericilikdə nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilməmişdir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan X7 şəhid kimi uçotunun aparılması və İddiaçı şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsinin qanunvericiliyə əsasən mümkün hesab edilmədiyini bildirmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə iddiaçının mərhum övladı X7 aparılan döyüş əməliyyatları zamanı deyil, xx.xx.1993-cü il tarixdə "Seyfəli" təlim mərkəzində hərbi xidmət borcunu yerinə yetirərkən mərmi partlayışı nəticəsində həlak olması təşkil etmiş, imtina verilərkən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.2.5-ci bəndinə istinad edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-ci bəndinin 2-ci abzasına əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin 30.12.08 tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Plenum Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyrimüəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının məzmunundan da göründüyü kimi cavabdeh orqanın iddiaçının müraciətinə münasibətdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.2.5-ci bəndinə istinad etməsi əsaslı hesab edilə bilməz. Belə ki, həmin Qaydalardan daha üstün hüquqi qüvvəyə malik qanunlara (“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə) əsasən iddiaçının mərhum oğlu şəhid hesab edilir. Bundan əlavə, məhkəmə işin faktiki hallarına nəzərən qeyd edir ki, iddiaçının mərhum oğlunun şəhid, özünün isə şəhid ailəsi üzvü hesab edilməsi ilə bağlı Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 28 sentyabr 1995-ci il tarixli 100 saylı sərəncamı qüvvədə olduğu təqdirdə cavabdehin müvafiq arayışın verilməməsi ilə bağlı hərəkətləri qanuni hesab edilə bilməz. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli X1 şəhid kimi uçotunun aparılması və iddiaçıya şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 şəhid kimi uçotunun aparılması və İddiaçı şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-4278/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4278/2023
13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver