Məhkəmə qərarları › İş №2-1(114)-428/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-428/2020

07.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-428/2020 07.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməsi barədə iddia tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir rayonu Qeydiyyat şöbəsinin üzərinə xx.xx.1958-ci il tarixdə tərtib edilmiş 24 saylı doğum haqqında akt qeydinə düzəliş edilməsi və həmin qeydin ad qrafasında adının “Qalib” və soyadı qrafasında soyadının “Məmmədov” kimi qeyd edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli 05/Q-523 nömrəli məktubla məhkəməyə müraciət edərək iş üzrə heç bir etirazlarının olmadığını, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə: Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 5-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Beləliklə, qanunvericiliyin tələblərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilməsi ərizə verən şəxsin daimi yaşayış yeri üzrə qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Hazırkı mübahisə üzrə iddiaçıya doğum haqqında şəhadətnamə Cavabdehnə tərəfindən verilsə də, onun daimi yaşayış yeri Bakı şəhəri Yasamal rayonudur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh hazırki iş üzrə iddia tələbinə cavab verməli orqan deyildir. Həmçinin, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və öhdəliyin icrası haqqında iddia qaldırmaq üçün ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilməsi tələb olunur. İddiaçı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, tələbi təmin olunmadığı halda onun məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmək imkanı yaranır. Ona görə məhkəmə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinin iddiaçıya təklif olunmasını zəruri hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar