Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4281/2023 18.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Samux rayon Polis şöbəsinə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Samux rayon Polis şöbəsinə qarşı üçüncü şəxs X2 mərhum X3nun adına olan Samux rayonu, Çobanabdallı kəndində yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Çobanabdallı kəndində yerləşən 0.39 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X8, X7 və X4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Ölüm haqqında xx.xx.2017-ci il tarixli AZ-İ 825821 nömrəli şəhadətnaməyə əsasən X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
3. Ölüm haqqında xx.xx.2019-cu il tarixli AZ-İİ 032668 nömrəli şəhadətnaməyə əsasən X7 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.
4. Samux Rayon İcra Hakimiyyəti başçısının Çobanabdallı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2003-cü il təvəllüdlü İddiaçı Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olmaqla yaşayır.
5. İddiaçı üçüncü şəxs X2 mərhum X3nun adına olan Samux rayonu, Çobanabdallı kəndində yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Samux rayon Polis şöbəsinə etdiyi müraciətinə həmin şöbənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Samux rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 mərhum X3nun adına olan Samux rayonu, Çobanabdallı kəndində yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Xanlar (hazırda Samux) rayon Çobanabdallı kəndində anadan olmuşdur. Hal-hazırda Samux rayonunun Çobanabdallı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Samux rayonunun Çobanabdallı kəndində X3nun adına fərdi yaşayış evi vardır. Həmin evin X3nun adına olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli, seriya RX ******* nömrəli çıxarış da alınmışdır. X3 12 avqust 2017-ci il tarixdə vəfat etmişdir. Atası Həmidin həmin tarixdə vəfat etməsi barədə Samux rayon İHB-nın Çobanabdallı kənd İƏD-si üzrə Nümayəndəliyindən xx.xx.2017-ci il tarixdə AZ-1 825821 nömrəli ölüm haqqında şəhadətnamə də almışdır. X1 da xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. O, atasının varisi və vərəsəsidir. Həmin evdə övladı kimi o və ailə üzvləri yaşayır. Onların evində xx.xx.1980-ci il təvəllüdlü X5 da qeydiyyatdadır. Onunla heç bir qohumluq əlaqəsi yoxdur. Onun da adından kommunal ödənişlər ödəyir. Bu hal isə onun hüquqlarının pozulması ilə nəticələnir. Ona görə də o, Samux rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək adı çəkilən şəxsin atasının olan Samux rayonunun Çobanabdallı kəndindəki evindən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Ancaq cavabdeh orqan ona xx.xx.2023-cü il tarixli 782 saylı məktubla imtina cavabı verərək Gəncə İnzibati məhkəməsinə müraciət etməsini bildirmişdir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III. Prosessual məsələlər
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4281/2023 nömrəli qərardadı ilə X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
10. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. İddiaçı məhkəmə iclasına gəlmiş, üçüncü şəxsin iddia ərizəsində göstərilmiş ünvanına göndərilmiş məhkəmə bildirişinin üzərinə “Köçüb” yazılaraq geri qayıtsa da, Elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçıya və üçüncü şəxsə göndərilmiş sms-xəbərdarlıq onlara çatdırılmışdır. Cavabdeh isə məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
12. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
13. İddiaçı şifahi məhkəmə baxış iclasında bildirmişdir ki, atasının ölümündən sonra hələki vərəsəlik haqqında şəhadətnamə almamış və evi öz adına keçirməmişdir. Buna baxmayaraq, həmin evdə o yaşayır və kommunal xərcləri o ödəyir, ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın mümkün sayılaraq, təmin edilməsini məhkəmədən xahiş edir.
14. Cavabdeh orqanın və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:
15. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
16. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
18. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
19. İddiaçının iddia ərizəsinə əlavə etdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Çobanabdallı kəndində yerləşən 0.39 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X8, X7 və X4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
20. Ölüm haqqında xx.xx.2017-ci il tarixli AZ-İ 825821 nömrəli və xx.xx.2019-cu il tarixli AZ-İİ 032668 nömrəli şəhadətnamələrə əsasən mülkiyyətçilərdən X8 xx.xx.2017-ci il tarixdə, X7 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Lakin həmin mülkiyyətçilərin ölümündən sonra sözügedən evə dair vərəsəlik açılmamış, iddiaçının vərəsəlik və mülkiyyət hüquqları tanınmamışdır. Bu halda iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.
21. Məhkəmə iddiaçıya izah edir ki, sözügedən evə dair vərəsəlik və mülkiyyət hüquqlarını təsdiq edən sənədləri əldə etdikdən sonra iddia qaldırmaq hüququna malik ola bilər.
22. Göründüyü kimi, iddiaçının X2 qeydiyyatdan çıxarılmasını tələb etdiyi Samux rayonu, Çobanabdallı kəndində yerləşən fərdi yaşayış evi hazırda onun mülkiyyətində olmadığından o, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyildir.
23. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
24. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva