Məhkəmə qərarları › İş №2-1(114)-429/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-429/2020

19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-429/2020 19.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X11 (bundan sonra AR ƏMDK yanında DƏDRX-nin 7 saylı X14) qarşı (üçüncü şəxslər X4 və X7) torpaq sahəsinin sərhədlərinin tanıdılması, plan və ölçü sənədlərinin naturada müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X8rşı (üçüncü şəxslər X4 və X7) xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 0,6086 ha torpaq sahəsinin sərhədlərinin tanıdılması, plan və ölçü sənədlərinin naturada müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki,iddiaçıailə üzvlərilə birgə Bərdə rayonu Hacallı kəndində yaşayır. Bir neçə il əvvəl hazırki iş üzrə üçüncü şəxslər X2 və X5 qarşı məhkəmədə torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsindən çıxarılma və maddi ziyan tələbinə dair iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(021)-10/2016 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər X7 və X4 tərəfindən X6 məxsus, ******* nömrəli çıxarışa əsasən 0,6086 ha torpaq sahəsinin mülkiyyət hüququna edilən qəsdlərə və manelərə son qoyulması, cavabdehlərin həmin torpaq sahəsinin zəbt olunmuş 0,18 ha hissəsindən çıxarılmaqla, həmin torpaq sahəsinin üzərində salınmış süni gölün ləğv olunması, torpaq sahəsinin zəbt olunduğu müddət ərzində cavabdehlər X7 və X1 müştərək qaydada 3600 manat miqdarında maddi ziyanın alınaraq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(021)-10/2016 nömrəli qətnaməsini qüvvədə saxlamışlar. Sözügedən qətnamələrdən sonra hazırki iş üzrə üçüncü şəxslər iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən çıxsalar da, onların inşa etdiyi gölün kənarlarında yaradılmış təpə “damba” sökülsə də, özünə məxsus torpaq sahəsindən istifadə etməyinə maneələr hələ davam etməkdədir. O, 0,6086 ha torpaq sahəsinin sərhədlərinin tanıdılması, plan və ölçü sənədlərinin naturada müəyyən edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan AR ƏMDK yanında DƏDRX-nin 7 saylı X11 müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti ; - AR ƏMDK yanında DƏDRX-nin 7 saylı X10 iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********48 nömrəli məktubunun surəti ; - «Torpağa mülkiyyət hüququna dair» JN-255 KOD61013078 nömrəli dövlət aktının surəti ; - RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surəti ; - İddiaçıya məxsus torpaq sahəsini əks etdirən fotoşəkillər. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X3 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bərdə rayonu Hacallı kəndində yerləşən 0.6086 ha torpaq sahəsi - RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı ərizə ilə cavabdeh inzibati orqan AR ƏMDK yanında DƏDRX-nin 7 saylı X11 müraciət edərək ona məxsus 0,6086 ha torpaq sahəsinin sərhədlərinin tanıdılması, plan və ölçü sənədlərinin naturada müəyyən edilməsini xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən müəyyənləşdirilir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı, qanunvericiliyin tələblərinə əsasən dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququ əsasında ona məxsus, Bərdə rayonu Hacallı kəndində yerləşən 0.6086 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsininnaturada ölçülərək ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının da iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalı, İddiaçı məxsus Bərdə rayonu Hacallı kəndində yerləşən 0,6086 ha torpaq sahəsinin sərhədlərinin tanıdılması, plan və ölçü sənədlərinin naturada müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X11 həvalə edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus Bərdə rayonu Hacallı kəndində yerləşən 0,6086 ha torpaq sahəsinin sərhədlərinin tanıdılması, plan və ölçü sənədlərinin naturada müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X10 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar