Məhkəmə qərarları › İş №2-1(114)-429/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-429/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-429/2021 05.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialına qarşı işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 03.12.1991-ci il tarixdən 03.01.1994-cü il tarixədək X5 universal birjasındakı, 10.01.1994-cü il tarixdən 01.03.1996-cı il tarixədək Gəncə şəhəri 19 nömrəli təmir tikinti idarəsindəki, 02.03.1996-cı il tarixdən 12.11.1996-cı il tarixədək Ukrayna Respublikasında “Bosfor” firmasındakı, 13.11.1996-cı il tarixdən 31.03.1997-ci il tarixədək Ukrayna Respublikasında "xxxx" ASC-dəki, 01.04.1997-ci il tarixdən 20.04.1998-ci il tarixədək Ukrayna Respublikasındakı “Bosfor” firmasındakı işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 25.02.2021-ci il tarixli, 2-1(114)- 429/2021 nömrəli qərardad ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialı onun hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialı (bundan sonra mətndə cavabdeh) ilə əvəz edilmişdir. 05.04.2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 05.04.2021-ci il tarixli, 2-1(114)-429/2021 nömrəli qərardad ilə iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1954-cü ilin avqust ayının 28-də anadan olmuşdur. Əmək fəaliyyətinə 1971-ci ildə istehsalatda başlamış, 1991-ci ildən Sovetlər Birliyi dağılanadək müxtəlif idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərmişdir, 1971-1991ci illərdə dövlət müəssisələrində 20 illik sığorta stajı toplamışdır. 1991-1998-ci illərdə isə yerli və xarici özəl şirkətlərdə əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı tələb olunan 25 ildən artıq staj yəni 27 il staj toplamışdır. İddiaçı ona pensiyanın təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 05 oktyabr 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Təyin edilmiş məhkəmə iclasına İddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək 03.12.1991-ci il tarixdən 03.01.1994-cü il tarixədək X5 universal birjasındakı, 10.01.1994-cü il tarixdən 01.03.1996-cı il tarixədək Gəncə şəhəri 19 nömrəli təmir tikinti idarəsindəki, 02.03.1996-cı il tarixdən 12.11.1996-cı il tarixədək Ukrayna Respublikasında “Bosfor” firmasındakı, 13.11.1996-cı il tarixdən 31.03.1997-ci il tarixədək Ukrayna Respublikasında "xxxx" ASC-dəki, 01.04.1997-ci il tarixdən 20.04.1998-ci il tarixədək Ukrayna Respublikasındakı “Bosfor” firmasındakı işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 14.09.2020-ci il tarixli imtina məktubunun əsli; - İddiaçıya məxsus 30.10.1971-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti; - “Gəncə” əmtəə - fond universal birjası tərəfindən 04.02.1994-cü il tarixdə təsdiqlənmiş arayışın surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialının 23.02.2021-ci il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 25.02.2021-ci il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Gəncə Şəhər Statistika İdarəsinin 29.09.2021-ci il tarixli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Verilmiş iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ona pensiyanın təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin iddiaçıya göndərdiyi 14.09.2020-ci il tarixli imtina məktubundan müəyyən edilmişdir ki, iddiaçının 03.12.1991-ci il tarixdən 03.01,1994-cü ilə tarixədək X5 universal birjasındakı, 10.01.1994-cü il tarixdən 01.03.1996-cı il tarixədək Gəncə şəhəri 19 № -li təmirtikinti idarəsindəki, 02.03. 1996-cı il tarixdən 12.11.1996-cı il tarixədək Ukrayna Respublikasında “Bosfor” firmasındakı, 13.11.1996-cı il tarixdən 31.03.1997-ci il tarixədək Ukrayna Respublikasında “Lutur“ ASC-dəki, 01.04.1997-ci il tarixdən 20.04.1998-ci il tarixədək Ukrayna Respublikasında “Bosfor” firmasındakı işlədiyi siğorta stajını yerində qarşılıqlı yoxlayıb təsdiq etmək mümkün olmadığından, həmin dövrlər onun sığorta stajına daxil edilməmişdir. Bundan başqa iddiaçının X5 universal birjasındakı əmək fəaliyyəti əmək kitabçasında qeyd edilməyib, yalnız arayış şəkilində təqdim edilmişdir. İddiaçının tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabın siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Məhkəmə cavabdehin imtinasını qanunauyğun hesab edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə 63 yaşma çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hisssəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən N. İsayev xx.xx.1954-cü ildə Azərbaycan Respublikasının Xanlar rayonun (indiki Göygöl) Hacıkənd kəndində anadan olmuşdur. İddiaçı pensiya yaşı 28.02.2018-ci ildə yaranmışdır. İddiaçı 30 oktyabr 1971-ci ildə tərtib olunmuş əmək kitabçasında 03.12.1991-ci il tarixdən 03.01.1994-cü il tarixədək (2 il 1 ay) X5 Universal birjasında, 13.11.1996-cı il tarixdən 31.03.1997-ci il tarixədək Ukrayna Respublikasında "xxxx" ASC-də, 01.04.1997-ci il tarixdən 20.04.1998-ci il tarixədək Ukrayna Respublikasında “Bosfor” firmasında işlədiyi illər (2 il 1 ay), 10.01.1994-cü il tarixdən 01.03.1996-cı il tarixədək Gəncə şəhəri 19 nömrəli təmir-tikinti idarəsində işlədiyi illər (2 il 1 ay 8 gün) cavabdeh tərəfindən mübahisələndirilmiş və iş stajının qarışılıqlı yoxlanması mümkün olmadığından əmək stajına daxil edilməyərək pensiya təyinatı aparılmasından imtina edilmişdir. Qeyd olunan illər ümumilikdə sığorta stajının 6 il 3 ay 26 günü özündə ehtiva edir. İddiaçının mübahisələndirilməyən sığorta stajı 19 il 3 ay təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. 01.01.2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiyanın təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26.09.2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də, əmək kitabçasıdır. Məhkəmə göstərir ki, əmək kitabçası sosial sığorta stajını təsdiq edən sənəd olsa da, hər bir zaman sübut kimi qəbul edilə bilməz. Çünki orada olan məlumatların həqiqiliyi tam təsdiq edilməlidir. Hazırki vəziyyətdə məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını mötəbər sübut kimi qəbul etmir. Belə ki, Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 25.02.2021-ci il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, X5 Universal Birijasının və Gəncə şəhəri 19 nömrəli təmir-tikinti İdarəsinin arxiv sənədləri Dövlət arxivinin Gəncə filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusu əsasında alınmış Gəncə Şəhər Statistika İdarəsinin 29.09.2021-ci il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, X5 Universal Birijasının və Gəncə şəhəri 19 nömrəli təmir-tikinti İdarəsininstatistik vahidləri Dövlət reyestrində mövcud deyil. İddiaçı məhkəmə iclasında X5 Birjasında işlədiyinə dair təqdim etdiyi arayışa münasibət bildirərək qeyd etmişdir ki, həmin arayış onun öz ifadələri əsasında tərtib olunmuşdur. Lakin təqdim olunan arayış yeni olsa da tarix 04.02.1994-cü il göstərilməklə, orada qeyd olunan işədaxilolma və işdən azadilmə barədə əmrlərin yazılmasına əsas olan sənədlər barədə məlumatlı olmadığını qeyd etmişdir. Bütün bunlar qeyd olunan arayışın mötəbərliyini şübhə altına alır. Göründüyü kimi iddiaçının qeyd olunan müəssisələrdə işləməsi sübut olunmur. Odur ki, məhkəmə əmək kitabçasında olan məlumatların düzgünlüyünə şübhə ilə yanaşmış və əmək kitabçasını sübut kimi qəbul etməmişdir. Məhkəmə xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qərarın çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qərar isə əsaslı hesab edilə bilməz. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı 30 oktyabr 1971-ci ildə tərtib olunmuş əmək kitabçasında 03.12.1991 -ci il tarixdən 03.01.1994-cü il tarixədək (2 il 1 ay) X5 Universal birjasında, 13.11.1996-cı il tarixdən 31.03.1997-ci il tarixədək Ukrayna Respublikasında "xxxx" ASC-də, 01.04.1997-ci il tarixdən 20.04.1998-ci il tarixədək Ukrayna Respublikasında “Bosfor” firmasında (2 il 1 ay), 10.01,1994-cü il tarixdən 01.03.1996-cı il tarixədək Gəncə şəhəri 19 nömrəli təmir-tikinti idarəsində işlədiyi illər (2 il 1 ay 8 gün) cavabdeh tərəfindən mübahisələndirilmiş və iş stajının qarışılıqlı yoxlanması mümkün olmadığından əmək stajına daxil edilməyərək pensiya təyinatı aparılmasından imtina edilmişdir. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialına qarşı işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialına qarşı işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, H.Əliyev prospekti, bina 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar