Məhkəmə qərarları › İş №2-1(114)-4290/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4290/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4290/2025 31.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi) qarşı ünvan 1 ünvanında yerləşən mənzilin adına özəlləşdirilməklə bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, İddiaçı prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Kirovabad şəhər 3 nömrəli Tikinti Quraşdırma Trestinin rəhbərliyinin və Həmkarlar Təşkilatının xx.xx.1963-cü il tarixli protokoluna əsasən xx.xx.1963-cü il tarixli 51 nömrəli order ilə Gəncə şəhəri, Şaumyan küçəsi, 20 nömrəli binanın 15 nömrəli mənzili X5 istifadəsinə verilmişdir.

2. Kirovabad şəhər XDS İcraiyyə Komitəsinin 21 oktyabr 1989-cu il tarixli 411 nömrəli qərarı əsasında Şaumyan küçəsinin başlanğıcından Nizami küçəsinin kəsişdiyi yerədək olan hissəsi Dədə Qorqud adlandırılıb, küçənin davamı isə N.Nərimanov küçəsinə əlavə edilib. Bu zaman küçədə yerləşən binaların nömrəsi dəyişdiyindən 20 nömrəli bina 30 nömrəli bina olmuşdur.

3. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 10 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli 694 nömrəli Forma-2 arayışına əsasən İddiaçı Gəncə şəhəri, D.Qorqud küçəsi, 30 nömrəli evin 15 nömrəli mənzilində yaşayır. Yaşadığı mənzil 3 otaqdan ibarətdir və yaşayış sahəsi 47,05 kv.m-dən ibarətdir. Mənzil Dövlət Fonduna məxsusdur. Mənzil sahibi X6r və ailəsi aşağıdakı 4 nəfərdən ibarətdir: Oğlu – İddiaçı - 1961; Gəlini – X16 - 1967; Nəvəsi – X8 - 1994; Nəvəsi – X9 - 1995.

4. 19.04.2011-ci il tarixli 417 nömrəli arayışa əsasən X12 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir.

5. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2014-cü il tarixli 99 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, D.Qorqud küçəsi (keçmiş Şaumyan 20) 30 nömrəli binanın ümumi sahəsi 61,05 kv.m, o cümlədən mətbəx 4,40 kv.m, dəhliz 5,8 kv.m, hamam-tualet 3,80 kv.m və yaşayış sahəsi 47,05 kv.m olan 3 (üç) otaqlı 15 nömrəli mənzilinin kirayəçisi X5 vəfatı ilə əlaqədar mənzilin kirayəçisi oğlu Əliyev Zəkəriyyə oğlu hesab edilmişdir.

6. İddiaçı həmin sənədləri cavabdeh orqana təqdim etməklə, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 30 ünvanında yerləşən 15 nömrəli mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-Ə-0074-8/2025 nömrəli məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı müraciətinə “Yaşayış sahəsinin kirayə” müqaviləsi və həmin müqavilənin bağlanmasına əsas olmuş müvafiq icra hakimiyyəti orqanının sərəncamının əlavə edilmədiyi müəyyən edilmişdir. Belə ki, müraciətinə əlavə olunmuş mənzilin kirayəçi hesab edilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2004-cü il tarixli 88 saylı sərəncamı mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır.

7. X16, Şahin (Əliyeva) Ruhəngiz Hafiz qızı və X8 xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ərizələrində Gəncə şəhəri, D.Qorqud küçəsi, 30 nömrəli binada yerləşən 15 nömrəli mənzilin bütövlükdə İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X11 xx.xx.2025-ci il tarixli 3-48-DA-4F/2-1023//8/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Kirovabad şəhər 3 saylı Tikinti-Quraşdırma Trestinin arxiv sənədləri X19 Filialına təhvil verilməmişdir. Filialda mühafizə olunan Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzillərin Paylanması, Uçotu, İstismarı, Təmiri İdarəsi arxiv fondunun 3 nömrəli trest tərəfindən verilmiş 1957-1994-cü illər üzrə mövcud orderləri yoxlanılmış, yuxarıda qeyd olunan ünvana dair X5 adına order aşkar olunmamışdır. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır.

9. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2025-ci il tarixli 5-1-1/2-260/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 30 nömrəli bina dövlət mənzil fonduna aiddir və Birliyin balansındadır. Həmin binanın 15 nömrəli mənzilinin şəxsi hesabından çıxarış vərəqəsi göndərilir. Göstərilən ünvana dair Birliyin mərkəzləşdirilmiş mühasibatlığının elektron sistemində əlavə heç bir sənəd mövcud deyildir.

10. Gəncə şəhər Mənzil-Kommunal X1 xx.xx.2025-ci il tarixli **********770 (dövlət) nömrəli şəxsi hesabdan çıxarışdan məlum olur ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin şəxsi hesab vərəqəsi mənzilin sahibi İddiaçı adına olmuş və onun ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: - X20 – (arvadı); - X13 – (qızı); - X14 (qızı).

11. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1xx.xx.2025-ci il tarixli 5-1-1/2- 620/2025 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 30 nömrəli binanın 15 nömrəli mənzilinə dair Gəncə Şəhər Mənzil-Kommunal X1 xx.xx.2014cü il tarixli 99 nömrəli sərəncamının verilməsinə əsas olan sənədlər Birliyin mərkəzləşdirilmiş mühasibatlığında mövcud deyildir.

12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X11 xx.xx.2025-ci il tarixli 3-48-DA-4F/2-1680//8/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər Mənzil-Kommunal X1 sərəncamları filiala təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır. II. Məhkəmədə icraat

13. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şaumyan küçəsi 20 nömrəli binanın 15 nömrəli mənzili Kirovabad şəhər 3 №-li Tikinti Quraşdırma Trestinin rəhbərliyinin və Həmkarlar Təşkilatının xx.xx.1963-cü il tarixli protokoluna əsasən xx.xx.1963-cü il tarixli, 51 nömrəli order ilə atası X5 istifadəsinə verilmişdir. Kirovabad (indiki Gəncə) şəhər XDS İcraiyyə Komitəsinin 21 oktyabr 1989-cu il tarixli 411 nömrəli qərarı əsasında Şaumyan küçəsinin başlanğıcından Nizami küçəsinin kəsişdiyi yerədək olan hissəsi Dədə Qorqud adlandırılıb, küçənin davamı isə N.Nərimanov küçəsinə-əlavə edilib Bu zaman küçədə yerləşən binaların nömrəsi dəyişdiyindən 20 nömrəli bina 30 nömrəli bina olmuşdur. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 xx.xx.2014-cü il tarixli 99 nömrəli sərəncamı ilə atası X5 vəfatı ilə əlaqədar mənzilin kirayəçisi o hesab edilmişdir. Bildirmək istəyir ki, o da yaşadığı mənzilin adına daşınmaz əmlakın dövlət resyetrində qeydə alınması üçün cavabdeh təşkilat olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh təşkilatda mənzilin adına qeydə alınmasından imtina edilmişdir. Səbəb kimi isə ərizəyə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığı, Azərbaycan Respublikası mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasın Qanununun 8-ci maddəsinə əsasən mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməli olduğu göstərilmişdir. Halbuki, o da ərizəsinə mənzil kirayə müqaviləsi, eyni zamanda "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələbinə uyğun olaraq digər sənədləri əlavə etmişdir. Ona görə də hesab edir kı, cavabdeh təşkilatın onun ərizəsinə imtina cavabı verməsi tamamilə qanunsuz və əsassızdır.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

16. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iddia tələbi “Hazırki iddia tələbi “ünvan 1 ünvanında yerləşən mənzilin adına ğzəlləşdirilməklə bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilsin.” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

20. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. I. Prosessual məsələlər

23. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Samux rayonu İnstitut bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər zəruri prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

25. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı və üçüncü şəxsin nümayəndəsi isə məhkəməyə gəlməmiş və gəlməmələrrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. II. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (bənd 6).

27. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

28. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1963-cü il tarixli 51 nömrəli orderi; - Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 10 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli 694 nömrəli Forma-2 arayışı; - 19.04.2011-ci il tarixli 417 nömrəli arayış; - Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2014-cü il tarixli 99 nömrəli sərəncamı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-Ə-0074-8/2025 nömrəli məktubu; - xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ərizələr; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X11 xx.xx.2025-ci il tarixli 3-48-DA-4F/2-1023//8/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2025-ci il tarixli 5-1-1/2-260/2025 nömrəli cavab məktubu; - Gəncə şəhər Mənzil-Kommunal X1 xx.xx.2025-ci il tarixli **********770 (dövlət) nömrəli şəxsi hesabdan çıxarış; - Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1xx.xx.2025-ci il tarixli 5-1-1/2- 620/2025 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X11 xx.xx.2025-ci il tarixli 3-48-DA-4F/2-1680//8/2025 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

30. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

31. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Kirovabad şəhər 3 nömrəli Tikinti Quraşdırma Trestinin rəhbərliyinin və Həmkarlar Təşkilatının xx.xx.1963-cü il tarixli protokoluna əsasən xx.xx.1963-cü il tarixli 51 nömrəli order ilə Gəncə şəhəri, Şaumyan küçəsi, 20 nömrəli binanın 15 nömrəli mənzili X5 istifadəsinə verilmişdir. Kirovabad şəhər XDS İcraiyyə Komitəsinin 21 oktyabr 1989-cu il tarixli 411 nömrəli qərarı əsasında Şaumyan küçəsinin başlanğıcından Nizami küçəsinin kəsişdiyi yerədək olan hissəsi Dədə Qorqud adlandırılıb, küçənin davamı isə N.Nərimanov küçəsinə əlavə edilib. Bu zaman küçədə yerləşən binaların nömrəsi dəyişdiyindən 20 nömrəli bina 30 nömrəli bina olmuşdur. X12 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2014-cü il tarixli 99 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, D.Qorqud küçəsi (keçmiş Şaumyan 20) 30 nömrəli binanın ümumi sahəsi 61,05 kv.m, o cümlədən mətbəx 4,40 kv.m, dəhliz 5,8 kv.m, hamam-tualet 3,80 kv.m və yaşayış sahəsi 47,05 kv.m olan 3 (üç) otaqlı 15 nömrəli mənzilinin kirayəçisi X5 vəfatı ilə əlaqədar mənzilin kirayəçisi oğlu Əliyev Zəkəriyyə oğlu hesab edilmişdir.

32. İddiaçı həmin sənədləri cavabdeh orqana təqdim etməklə, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 30 ünvanında yerləşən 15 nömrəli mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-Ə-0074-8/2025 nömrəli məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı müraciətinə “Yaşayış sahəsinin kirayə” müqaviləsi və həmin müqavilənin bağlanmasına əsas olmuş müvafiq icra hakimiyyəti orqanının sərəncamının əlavə edilmədiyi müəyyən edilmişdir. Belə ki, müraciətinə əlavə olunmuş mənzilin kirayəçi hesab edilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2004-cü il tarixli 88 saylı sərəncamı mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır.

33. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir.

34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.

35. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar İctimai mənzil fondunu kolxozların və başqa kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı təşkilatlarının və digər ictimai təşkilatların orqanları öz nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq idarə edirlər. Maddə 20. Dövlət və ictimai mənzil fondunun idarə olunmasında və onun qorunmasının təmin edilməsində ictimai təşkilatların, əmək kollektivlərinin və vətəndaşların iştirakı Həmkarlar ittifaqları, başqa ictimai təşkilatlar, əmək kollektivləri SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə, ictimai təşkilatların nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq, habelə vətəndaşlar dövlət və ictimai mənzil fondunun idarə edilməsində və onun qorunmasının təmin olunmasında iştirak edirlər. Maddə 28. Vətəndaşların yaşayış sahəsi almaq hüququ Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Maddə 33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək qaydası Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Maddə 36. Vətəndaşlara yaşayış sahəsi verilməsinin növbəliliyi Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: yaşayış yerində uçota götürülmüş vətəndaşlar barəsində—müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən; iş yerində uçota götürülmüş vətəndaşlar barəsində,—qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

36. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.

37. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.

38. Hazırkı işdə də iddiaçının mərhum atası X7 mənzil verilən dövrdə qüvvədə olan qanunvericiliyə tam müvafiq olaraq Kirovabad şəhər 3 nömrəli Tikinti Quraşdırma Trestinin rəhbərliyinin və Həmkarlar Təşkilatının xx.xx.1963-cü il tarixli protokoluna əsasən xx.xx.1963-cü il tarixli 51 nömrəli order ilə Gəncə şəhəri, Şaumyan küçəsi, 20 nömrəli binanın 15 nömrəli mənzili X5 istifadəsinə verilmişdir. Kirovabad şəhər XDS İcraiyyə Komitəsinin 21 oktyabr 1989-cu il tarixli 411 nömrəli qərarı əsasında Şaumyan küçəsinin başlanğıcından Nizami küçəsinin kəsişdiyi yerədək olan hissəsi Dədə Qorqud adlandırılıb, küçənin davamı isə N.Nərimanov küçəsinə əlavə edilib. Bu zaman küçədə yerləşən binaların nömrəsi dəyişdiyindən 20 nömrəli bina 30 nömrəli bina olmuşdur. X12 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2014-cü il tarixli 99 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, D.Qorqud küçəsi (keçmiş Şaumyan 20) 30 nömrəli binanın ümumi sahəsi 61,05 kv.m, o cümlədən mətbəx 4,40 kv.m, dəhliz 5,8 kv.m, hamam-tualet 3,80 kv.m və yaşayış sahəsi 47,05 kv.m olan 3 (üç) otaqlı 15 nömrəli mənzilinin kirayəçisi X5 vəfatı ilə əlaqədar mənzilin kirayəçisi oğlu Əliyev Zəkəriyyə oğlu hesab edilmişdir.

39. Gəncə şəhər Mənzil-Kommunal X1 xx.xx.2025-ci il tarixli **********770 (dövlət) nömrəli şəxsi hesabdan çıxarışdan məlum olur ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin şəxsi hesab vərəqəsi mənzilin sahibi İddiaçı adınadır.

40. Həmçinin müəyyən edilir ki, X16, Şahin (Əliyeva) Ruhəngiz Hafiz qızı və X8 xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ərizələrində Gəncə şəhəri, D.Qorqud küçəsi, 30 nömrəli binada yerləşən 15 nömrəli mənzilin bütövlükdə İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər.

41. Göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir.

42. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.

43. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

44. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri mövcud olduğundan cavabdeh onun hüquqlarını qeydə almaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməlidir.

45. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 30 nömrəli binada yerləşən 15 saylı mənzilin İddiaçı adına özəlləşdirilməklə, ona bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar