Məhkəmə qərarları › İş №2-1(114)-43/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-43/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-43/2023 12.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının vəkili X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli, **********425900 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********425900 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2018-ci il tarixdə vergi orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət könüllü olaraq xx.xx.2018-ci il tarixdə əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmış və qeydiyyat xx.xx.2018-ci il tarixdə qüvvəyə minmişdir. Cəmiyyət tərəfindən bütün fəaliyyət dövrü ərzində 2 halda xx.xx.2018ci il tarixdə **********5776 saylı X6 (YGB) ilə 58480.00 manat dəyərində, xx.xx.2018-ci il tarixli **********9931 saylı YGB ilə isə 69530.00 manat dəyərində, mal idxal olunmuşdur. İdxal olunmuş mallar gömrük orqanında qeydiyyatdan keçmiş, əlavə dəyər vergisi və qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumları və xidmət haqları gömrük orqanının hesabına ödənilmişdir. İdxal olunmuş malların cəmi faktura dəyəri 128010.00 manat olmuşdur. Dövlət rüsumlarının və xidmət haqlarının cəmi məbləği 10174.50 manat olmuş, malın alış dəyəri 138184.50 manat təşkil etmişdir. Gömrük orqanına 32344.21 manat əlavə dəyər vergisi ödənilmişdir. Həmin mallar xx.xx.2019-cu il tarixdə ƏDV-siz 164660.66 manata satılmışdır. Həmin dövrün bəyannamələri tərtib edilərək elektron qaydada vergi orqanına təqdim olunmuşdur. Göstərilənlərdən başqa cəmiyyətin heç bir əməliyyatı olmamışdır. Cəmiyyət tərəfindən 32344.21 manat əlavə dəyər vergisi gömrük orqanında dövlət büdcəsinə ödənildiyinə görə Azərbaycan Resublikasının Vergi Məcəlləsinin 157.3.2ci, 170-ci və 175.1.2-ci maddələrinə əsasən iyul 2018-ci ilin ƏDV bəyannaməsində əvəzləşdirilmiş və büdcənin cəmiyyətə 32344.21 manat borcu yaranmışdır. İdxal olunmuş mallar xx.xx.2019-cu il tarixdə 164660.66 manata satılmışdır. Satılmış malın ƏDV-si 29683.92 manat olmuşdur. Cəmiyyət tərəfindən aprel 2019-cu il ƏDV bəyannaməsi vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq düzgün tərtib edilərək vergi orqanına təqdim edilmişdir. 2018-ci il üzrə mənfəət vergisinin bəyannaməsi düzgün tərtib edilərək vergi orqanına təqdim edilmişdir. Yuxarıda qeyd edildiyi kimi cəmiyyətə 2018-ci ildə 2 halda mal idxal olunmuş və gömrük orqanı tərəfindən rəsmiləşdirilmişdir. İdxal olunan mallar 2018-ci ildə satılmadığı üçün mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsində mal qalığı kimi göstərilmişdir. Həmin mallar xx.xx.2019-cu il tarixdə satılmışdır. Lakin vergi orqanının hərəkətliliyi nəticəsində satılmış malın dəyəri malalan təşkilat tərəfindən bugünə kimi cəmiyyətə ödənilməmiş qalmışdır. Cəmiyyətin göstərilən əməliyyatlardan başqa heç bir əməliyyatı olmamışdır. Vergi orqanı tərəfindən cəmiyyətə, cəmiyyətin gəlir yə xərci olmadan vergi hesablanmışdır. Vergi orqanı vergiləri rəsmi sənədlərə əsasən hesablamalıdır. Ancaq cəmiyyətə heç sir sənəd olmadan qanunsuz vergi hesablamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili X5 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim etdikləri iddia tələbinə dair yazılı etirazda qeyd edilənləri müdafiə edərək, bildirmişdir ki, iddiaçı tərəfindən 2018-ci ilin aprel və may ayları ərzində idxal edilmiş ƏDV nəzərə alınmadan ümumi dəyəri 179690.05 (ƏDV məbləği 32344.21 manat) manat mallar üzrə, yəni 2018-ci ilin avqust və sentyabr ayları üzrə ƏDV bəyannamələrində və həmçinin 2018ci ilin oktyabr ayının ƏDV bəyannaməsində hər hansı dövriyyə əks etdirilmədiyindən 2018ci ilin oktyabr ayı ƏDV bəyannaməsi üzrə elektron məlumat bazasına əsasən əlavə araşdırma aparılmış və Cəmiyyətə xx.xx.2018-ci il tarixli **********052900 nömrəli “Kameral yoxlama üçün zəruri olan sənədlərin tələb olunmasına dair” məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən məktuba cavab olaraq dəqiqləşdirilmiş bəyannamə, əlavə sənəd və ya izahat təqdim edilmədiyindən kameral qaydada 38813.5 manat məbləğində əlavə vergi hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********409400 nömrəli vergilərin hesablanmasına dair vergi orqanının müvafiq qərarı göndərilmişdir. Sonradan vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli **********117000 nömrəli qərar qəbul edilərək cəmiyyətə hesablanmış 38813,03 manat vergi məbləği 6468.84 manat azaldılaraq 32344,21 manat müəyyən olunmuşdur. Cəmiyyət tərəfindən 2018-ci il üçün son dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi təqdim edilərkən həmin il üzrə yenə də hər hansı dövriyyə məlumatı göstərilməmişdir. Həmin mənfəət vergisi bəyannaməsinin kameral qaydada yoxlanılması həyata keçirilərkən cəmiyyətə 2018-ci ilin oktyabr ayında ƏDV üzrə 32344.21 manat vergi hesablandığı müəyyən olunmuşdur. Buradan da məlum olmuşdur ki, cəmiyyətin 2018-ci il üzrə dövriyyəsinin olmasına baxmayaraq bu dövriyyəni 2018-ci il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsində bəyan etməmişdir. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün cəmiyyətə **********715500 nömrəli xx.xx.2022-ci il tarixli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin iddiaçı tərəfindən həmin məktubda qeyd olunan problemlər aradan qaldırılmamışdır. Bu səbəbdən də cəmiyyət tərəfindən 2018-ci il ərzində alınmış malların dəyəri xərc kimi qəbul edilərək Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Qərarının 6.1, 6.1.2 və 6.1.3-cü maddələrində göstərilənləri rəhbər tutaraq şərti rentabellik norması tətbiq edərək vergi orqanı tərəfindən cəmiyyətə xx.xx.2022-ci il tarixli **********425900 nömrəli qərarla 7187,60 manat məbləğində 2018-ci il hesabat dövrü üzrə mənfəət vergisi hesablanmışdır. Yuxarıda qeyd olunanlardan başqa iddiaçı iddia ərizəsində vergi orqanının hərəkətliliyi nəticəsində satılmış malın dəyərinin malalan təşkilat tərəfindən bu günə kimi cəmiyyətə ödənilməmiş qaldığını qeyd etmişdir. İddiaçı ərizəsində bu dəlili qeyd etməsinə baxmayaraq vergi orqanının hərəkətliliyinin nədən ibarət olmasını, ümumiyyətlə mövcud ola biləcək hərəkətliliyin mal alan təşkilata hansı formada təsir etdiyini, mal alan təşkilatın vergi orqanının hansı hərəkəti nəticəsində iddiaçıya aldığı malların dəyərini ödəmədiyini qeyd etməmişdir. Bundan əlavə iddiaçı mal alan təşkilatın ödəmədiyi vəsaitin 2019-cu il ərzində təqdim olunmuş mallar olduğunu iddia ərizəsində qeyd etsə də, mübahisələndirdiyi inzibati akt iddiaçının 2018-ci il üzrə mənfəəti əsasında hesablanmış mənfəət vergisi ilə əlaqədar qəbul edilmiş qərardır. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının qanunla müəyyən edilmiş vergiləri ödəməməsi səbəbindən vergidən yayınma halının aradan qaldırılması məqsədi ilə kameral vergi yoxlaması aparmış və cavabdehin vergilərin hesablanması ilə bağlı hərəkətləri tam qanuni və əsaslı olmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2022-ci il tarixli, **********425900 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın surəti; - 507034 nömrəli elektron qaimə; - xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli gömrük bəyannamələrinin surətləri; - 2018 və 2019-cu illər üzrə Mənfəət vergisi bəyənnamələri və ona əlavələr; - 2019-cu ilin aprel ayı üzrə ƏDV bəyənnaməsi və ona əlavələr; - 2018-ci ilin iyul ayı üzrə ƏDV bəyənnaməsi; - xx.xx.2022-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub; - «Vergilərin hesablanması barədə» xx.xx.2018-ci il tarixli, **********409400 nömrəli qərarın surəti; - xx.xx.2020-ci il tarixli, **********117000 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın surəti; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4739 saylı ekspert rəyi; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Çünki iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunması və ya dəyişdirilməsi) dair iddia (mübahisələndirmə haqqında iddia) qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********425900 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və nəticədə İddiaçınə 2018-ci il hesabat dövrü üzrə 7187.50 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Hazırki mübahisə ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4739 saylı ekspert rəyi verilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçınə hesablanmış vergi düzgün hesablanmışdırmı? Ekspert rəyində qeyd olunan sualla bağlı aşağıdakı cavab verilmişdir: - 2018-ci ildə vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının olmaması (satış və ya təqdim etmənin olmaması) nəzərə alınmaqla İddiaçınə xx.xx.2022-ci il tarixli, **********425900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla əlavə olaraq hesablanmış 7187,50 manat məbləğində mənfəət vergisinin düzgün hesablanmaması müəyyən olunur. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, müəssisə tərəfindən 2018-ci ilin aprel ayında 2 dəfə idxal əməliyyatları həyata keçirilmişdir (bax gömrük bəyannamələrinə, vergi orqanının etirazına, invoyslara və s.).Həmçinin təqdim edilmiş iş materiallarından göründüyü kimi, satış əməliyyatları 2019-cu ilin aprel ayında aparılmışdır (bax xx.xx.2019-ci il tarixli, 507034 saylı elektron qaiməyə). Lakin qeyd edilir ki, müəssisə tərəfindən təqdim edilmiş, yəni satılmış malların dəyərinin ödənilməsi ilə bağlı ödəniş sənədləri də iş materiallarında mövcud deyildir.Yəni, təqdim edilmiş iş materiallarına əsasən 2018-ci ildə müəssisə tərəfindən mənfəət vergisinin hesablanması üçün satışla (təqdim etmə) bağlı əməliyyatlar aparılmamışdır. Beləliklə bütün yuxarıda gösətrilənlərə əsasən 2018-ci ildə vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının olmaması (satış və ya təqdim etmənin olmaması) nəzəra alınmaqla İddiaçınə xx.xx.2022-ci il tarixli, **********425900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla əlavə olaraq hesablanmış 7187.50 manat məbləğində mənfəət vergisinin düzgün hesablanmaması müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında xx.xx.2022-ci il tarixli 9/4739 saylı ekspert rəyinə qarşı etiraz təqdim edərək, sözügedən rəyin sübut kimi qəbul olunmamasını xahiş etmişdir. Məhkəmə ekspert rəyinə etirazla bağlı qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin əsaslı olmaması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırki iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4-cü maddəsinin 1-ci hissəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -37.4-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. -48.2.8-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq əşyalar nümunə kimi götürüldükdə protokolda əşyaların miqdarı, həcmi və digər xüsusi əlamətləri göstərilməlidir. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********425900 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” nömrəli qərar qəbul olunarkən əsassız vergi məbləğləri hesablanmışdır. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 150 (bir yüz əlli) manat dəyərində məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********425900 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. xx.xx.2022-ci il tarixli 9/4739 nömrəli ekspert rəyi üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar