Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-430/2022 22.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə 26.10.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05.11.2021-ci il tarixli, 2-1(112)-11784/2021 nömrəli qərardadı ilə iş aidiyyətı üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-1982-ci illərdə sovet ordusunun sıralarında hərbi xidmət etmiş, 01 mart 1983-cü il tarixdə X4 işə qəbul olunmuş, 01.03.1983-cü il tarixdən 02.03.1984-cü il tarixədək elektrovoz təmiri üzrə çilingər, 02.03.1984-cü il tarixdən 14.08.1985-ci il tarixədək eletrovoz maşinist köməkçisi, 15.08.1985-ci il tarixdən 30.04.1986-cı il tarixədək Bakı texniki məktəbin elektrovoz maşinist kursu, 14.05.1986-cı il tarixdən 30.04.1987-ci il tarixədək elektrovoz maşinist köməkçisi, 30.04.1987-ci il tarixdən 08.10.1996-cı il tarixədək elektrovoz maşinisti, 08.10.1996-cı il tarixdən 20.04.1998-ci il tarixədək Ağstafa dəyişmə məntəqəsində depo növbətçisi kimi əmək şəraiti zərərli və ağır olan peşələrdə işləmiş və 20.04.1998-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 20.04.1998-ci il tarixdən bu günə qədər müxtəlif sahələrdə işləmiş və 24.07.2012-ci il tarixdən hal-hazıradək “X8 Kompani SA” Şirkətinin Azərbaycan Respublikası nümayəndəliyində obyektlərin qorunması və nəzarət-buraxılış xidmətinə nəzarət peşəsi vəzifəsində işləyir. Onun X4 əmək stajı 15 il 01 ay 04 gün, zərərli və ağır peşədə iş stajı isə 12 il 10 ay 09 gün təşkil etmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələri nəzərdə tutulmuşdur. "xxxx" QSC-nin iddiaçıya dair 19.04.2021-ci ıl tarixli 04/47 nömrəli arayışında 30.04.1987-08.10.1996-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının X4 elektrovoz maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi həmin sahə Qərarda qeyd olunan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Həmçinin arayışda 08.10.1996-20.04.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi depo növbətçisi peşəsi qeyd olunan Siyahının nəqliyyat bölməsinin dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunan səbəblərdən iddiaçının güzəştli iş stajı 3 il 4 ay 29 gün təşkil edir. Beləliklə, iddiaçının kifayət qədər sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 06.03.1980-ci il tarixli 380 nömrəli Attestatdan görünür ki, X2 01.09.1978-ci il tarixdən 05.03.1980-ci il tarixədək Bakı şəhəri 87 nömrəli texniki məhtəbində təhsil almışdır. -surəti işə əlavə edilmiş 25.10.1982-ci il tarixli MH ******* nömrəli hərbi biletdən görünür ki, X2 13.10.1980-ci il tarixdən 25.10.1982-ci il tarixədək hərbi xidmət keçmişdir. -surəti işə əlavə edilmiş 09.03.1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, X2 01.03.1983-cü il tarixdən 20.04.1998-ci il tarixədək X4 müxtəlif vəzifələrdə işləmişdir. -"xxxx" QSC Yükdaşımaları Departamentinin Qərb İstiqaməti üzrə arxiv bölməsinin 31.05.2021-ci il tarixli 34/10 nömrəli arxiv arayışından görünür ki, X2 01.02.1983-cü ildə elektrovoz üzrə 3 dərəcəli çilingər qəbul edilmiş, 02.03.1984-cü ildə elektrovoz maşinisti köməkçisi keçirilmiş, 26.09.1984-ci ildə 25 günlük tədris yığımına buraxılmış, 18.04.1985ci ildə 3 aylıq 3 dərəcəli çilingər keçirilmiş, 20.06.1985-ci il tarixdən elektrovoz maşinisti vəzifəsinə keşirilmiş, 14.08.1985-ci ildə Bakı Texniki məktəbində elektrovoz maşinisti kurslarına getdiyinə görə işdən azad edilmiş, 14.05.1986-cı ildə Ağstafa dövriyyə məntəqəsinə elektrovoz maşinisti köməkçisi qəbul edilmiş, 30.04.1987-ci il tarixdən Ağstafa dövriyyə məntəqəsinin deposuna elektrovoz maşinisti-dublyor keçirilmiş, 08.10.1996-ci il tarixdən Böyük-Kəsik stansiyasının lokomotiv deposu növbətcisi keçirilmiş, 20.04.1998-ci ildə öz xahiş ilə işdən azad edilmişdir. -"xxxx" QSC Yük Daşıma Departamentinin X5 19.04.2021-ci il tarxili 04/47 nömrəli arayışından görünür ki, X1 X4 zərərli və ağır peşələrdə iş stajı 12 il 10 ay 09 gün təşkil edir. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17.09.2021-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyinə görə ona müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən müəyyən olunur ki, onun ümumi iş stajı 25 ildən çoxdur. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq İddiaçı pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 25.05.2018-ci ildə yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Buna baxmayaraq tələb olunan 12 il 6 ay güzəştli sosial sığorta stajı ilə bağlı qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajının ümumilikdə 3 il 4 ay 29 gün (01.03.1983-14.08.1985-ci il və 14.05.1986- 30.04.1987-ci il tarixədək olan müddətlər) olduğunu bildirərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi iddiaçının 30.04.1987-ci tarixdən 08.10.1996-cı il tarixədək işlədiyi peşənin (elektrovoz maşinisti) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması qeyd olunmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələri nəzərdə tutulmuşdur. Eyni zamanda "xxxx" QSC Yük Daşıma Departamentinin X5 19.04.2021-ci il tarxili 04/47 nömrəli arayışı ilə də iddiaçının zərərli və ağır peşələrdə iş stajının 12 il 10 ay 09 gün təşkil etdiyi qeyd edilmişdir. Deməli iddiaçının qeyd olunan peşə üzrə işlədiyi müddətlər onun güzəştli sığorta stajı kimi nəzərə alınmalıdır. Bu səbəbdən də məhkəmə cavabdehin arqumentlərini əsassız hesab edir. Beləliklə müəyyən olunur ki, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 10 ay 09 günü iddiaçının zərərli və ağır peşələrdə olan iş stajına daxildir. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-430/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-430/2022
22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver