Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-430/2024 04.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı “xx.xx.2023-cü il tarixli qərarının (qiymətləndirilməyə dair yekun protokolun) ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1970-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı 09 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası X5nin (bundan sonra mətndə -cavabdeh) Şəki- Zaqatala regional bölməsinin İdxal və ixraca nəzarət sektorunun aparıcı məsləhətçi inzibati vəzifəsi üzrə müsahibədə iştirak etmişdir. X7 (bundan sonra mətndə - üçüncü şəxs) 23 iyun 2023-cü il tarixli 9-3/2- 1373/2023 nömrəli məktubu ilə "Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair Yekun Protokol"a əsasən, onun yekun qiymətləndirmə balı 13 bal olmuş, bununla, namizəd müsahibə komissiyasının üzvləri tərəfindən iddia etdiyi inzibati vəzifəyə uyğun hesab edilməmişdir. Müsahibənin nəticəsi ilə razılaşmayan iddiaçı 14 iyun 2023-cü il tarixində ərizə ilə X4 müraciət edərək, müsahibənin nəticəsinə yenidən baxılmasını xahiş etmişdir. İddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə baxılmış və 39 nömrəli qərar qəbul qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Apellyasiya Şurasının 16 iyun 2023-cü il tarixli 3-44/2- 16/2543/2023 nömrəli sorğusuna əsasən, üçüncü şəxs iddiaçının müsahibə materiallarını Agentliyə təqdim etmiş, Apellyasiya Şurasının Katibliyi isə həmin materialları "Azərbaycan Respublikası Qida X1 Şurası haqqında Əsasnamə"nin 4.8-ci bəndinə əsasən, rəy bildirilməsi üçün Apellyasiya Surasının üzvlərinə göndərmişdir. Apellyasiya Şurasının üzvləri tərəfindən Apellyasiya Şurasının Katibliyinə təqdim edilmiş rəylərdə iddiaçının müsahibə proqramı üzrə bilik səviyyəsi, peşə hazırlığı və ümumi dünyagörüşü qənaətbəxş hesab edilməmiş, onun iddia etdiyi vəzifə üçün zəruri keyfiyyətlərə malik olmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən, "Azərbaycan Respublikasının Qida X1 Şurası haqqında Əsasnamə"nin 7.4.2-ci yarımbəndini rəhbər tutularaq, Apellyasiya Şurası iddiaçının şikayətinin təmin edilməməsini qərara almışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə (poçta təqdim etdiyi tarix) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli qərarının (qiymətləndirilməyə dair yekun protokolun) ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində iddiaçı yuxarıda qeyd olunan halları qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını təqdim etməsə də, xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş nümayəndəsi X6 iddia tələbini qəbul etməmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli, 39 nömrəli qərarın çatdırılması barədə məlumatı yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı "Azərbaycan Respublikasının X9" publik hüquqi şəxsi məhkəmə icraatı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs iddiaya dair xx.xx.2023-cü il tarixdə etirazını təqdim etmişdir. Etirazda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası"nın 1.2, 3.1, 4.9, 5.2-ci bəndlərinə, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-1-ci maddəsinə, Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının 3.23-1.1-ci yarımbəndinə istinad edərək bildirmişdir ki, dövlət qulluğuna dair qanunvericiliyə uyğun olaraq üçüncü şəxs və cavabdeh tərəfindən iddiaçı ilə müsahibənin ədalətli, şəffaf və operativ keçirilməsi təmin edilmişdir. Belə ki, iddiaçı ilə müsahibənin keçirilməsi məqsədilə Agentlik tərəfindən üç nəfərdən ibarət tərkibdə (Agentliyin bir nümayəndəsi, Mərkəzin bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə) müsahibə komissiyası yaradılmış, həmçinin şəffaflıq və aşkarlığın təmin edilməsi məqsədilə müsahibənin keçirilməsi zamanı namizədin razılığı ilə videoçəkiliş aparılmışdır. İddiaçı ilə müsahibə vəzifənin qulluq funksiyaları nəzərə alınmaqla tərtib edilmiş və Mərkəzin internet portalında yerləşdirilmiş müsahibə proqramları çərçivəsində suallar verilməklə aparılmışdır. Müsahibə zamanı iddiaçının cavabları iddia etdiyi vakant vəzifənin tutulması üçün zəruri olan və sözügedən Qaydanın 5.2-ci bəndində müəyyən edilmiş meyarlar üzrə (namizədin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və vakant vəzifə üçün zəruri olan keyfiyyətləri) Agentliyin, Mərkəzin nümayəndələri və müstəqil ekspert tərəfindən qiymətləndirilmişdir. Müsahibə komissiyasının hər üç üzvü iddiaçını 13 balla qiymətləndirərək onun vakant vəzifəyə uyğun olmadığı qənaətinə gəlmişdirlər. Müsahibə komissiyası üzvlərinin verdiyi ümumi balların toplanılaraq komissiya üzvlərinin sayına bölünməsi nəticəsində iddiaçı 13 balla qiymətləndirilmişdir. Beləliklə, iddiaçı qanunvericiliyə uyğun olaraq müsahibədən müvəffəqiyyətlə keçmək üçün tələb edilən minimum baldan - 16 baldan 13 bal toplayaraq iddia etdiyi vəzifəyə uyğun hesab edilməmişdir. İddiaçı müsahibənin nəticəsi ilə razılaşmayaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin Apellyasiya Şurasına müraciət etmişdir. Agentliyin Mərkəzə ünvanladığı 2023-cü il 16 iyun tarixli 3- 44/2-4/16-2543/2023 nömrəli məktubla iddiaçı ilə keçirilmiş müsahibənin sənədlərinin təqdim edilməsi xahiş edilmişdir. Şikayətin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə iddiaçı ilə keçirilmiş müsahibənin sənədləri - müsahibənin videoçəkilişi, yekun protokol, bal cədvəlləri, kadr uçotu vərəqəsinin surətləri və komissiya üzvlərinin rəyləri Mərkəzin 2023-cü il 23 iyun tarixli 9-3/2-1373/2023 nömrəli məktubu ilə Agentliyə təqdim edilmişdir. İddiaçının müsahibə nəticəsindən verdiyi apellyasiya şikayəti X3 araşdırılmışdır. Apellyasiya Şurasının 2023-cü il 7 iyul tarixli 39 nömrəli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və müsahibə komissiyasının 2023-cü il 9 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Əlavə olaraq, adıçəkilən qanunvericilik aktlarının müddəalarından göründüyü kimi, müsahibə komissiyasını vakant inzibati vəzifənin mövcud olduğu dövlət orqanı formalaşdırır və müsahibənin nəticəsi komissiyası üzvlərinin verdiyi ümumi balların toplanılaraq komissiya üzvlərinin sayına bölünməsi yolu ilə hesablanır. İddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Belə ki, Müsahibə komissiyası Azərbaycan Respublikası X5 tərəfindən yaradılmışdır. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçının hüquqi marağı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının “vəzifəyə uyğun deyildir” qeydinin “vəzifəyə uyğundur” kimi dəyişdirilməsi ilə bağlıdır. İşin faktiki hallarından da müəyyən olunur ki, iddiaçı cavabdehin təşkil etdiyi müsahibə komissiyasının nəticəsini Apellyasiya Şurasında mübahisələndirmiş və xx.xx.2023-cü il tarixində iddiaçının şikayətinə baxılaraq, şikayət təmin edilməmişdir. Sonuncu qərarın iddiaçıya təqdim edilməsi barədə məlumatı cavabdeh qurum təqdim edə bilməmiş və xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəfindən cavabdehin xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şurasına şikayət verildiyinə və şikayətə dair qəbul olunan inzibati aktı aldıqdan sonra məhkəməyə müraciət etdiyinə görə hazırkı qərarını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. İddia mümkün iddia olsa da, məhkəmə hesab edir ki, mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, hazırkı iş üzrə mübahisələndirilən inzibati akt inzibati orqan tərəfindən diskresion səlahiyyətinin həyata keçirilməsi əsasında qəbul edilmişdir. İnzibati orqanın mülahizəsi, qiymətləndirmə azadlığının təzahür forması kimi qəbul edilməlidir. Məhkəmə araşdırması həmin nəticənin məqsədəmüvafiqliyini deyil, nəticəyə qədər aparılan prosedurun hüquqa uyğunluğunun yoxlanılmasından ibarətdir. Yəni araşdırması zamanı iddiaçı ilə aparılan müsahibənin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa və “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi” Qaydasına uyğun aparılıbaparılmaması araşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən müsahibənin keçirilməsində məqsəd namizədin vakant vəzifə üzrə bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla, həmin vəzifəyə uyğunluğunu müəyyən etməkdir. 5.2-ci bəndinə əsasən müsahibə komissiyasının hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir: 5.2.1. bilik səviyyəsi – namizədin vakant vəzifəyə dair müsahibə proqramı üzrə bilikləri; 5.2.2. peşə hazırlığı – namizədin vakant vəzifənin tutulması şərtlərinə uyğun olaraq nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığı və vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil, informasiya texnologiyaları üzrə bilikləri; 5.2.3. ümumi dünyagörüşü – namizədin dünyada (ölkədə) və cəmiyyətdə baş verən mühüm hadisələrə dair məlumatlılığı, habelə bu hadisələrə dair mülahizələri; 5.2.4. vakant vəzifə üçün zəruri olan keyfiyyətlər – namizədin emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhliletmə, ünsiyyətqurma bacarıqları. 5.3-cü bəndinə görə hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal isə 2-dir. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq, namizəd barədə ümumi bal müəyyən edilir və “Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirilir. 5.7-ci bəndinə əsasən vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edir. Məhkəmə qeyd edir ki, iddiaçı X5, Şəki-Zaqatala regional bölmə, İdxal və ixraca nəzarət sektoru, aparıcı məsləhətçi vəzifəsi üzrə keçirilən müsahibə zamanı X9, cavabdeh Azərbaycan Respublikası X5 və müstəqil ekspert cəlb edilmiş, müsahibə video çəkilişlə müşahidə olunmuşdur (video yazı iş materiallarına əlavə olunmuşdur). Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəlinə əsasən (“Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”na 1 nömrəli əlavəyə uyğun olaraq) bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, vakant vəzifə üçün zəruri olan keyfiyyətləri (hər bir meyar üzrə 3 və 4 bal olmaqla) komissiya üzvləri tərəfindən 13 balla qiymətləndirilmiş (bilik sahəsi 3 bal, peşə hazırlığı 3 bal, ümumi dünyagörüşü 4/3/4 bal, vakant vəzifə üçün zəruri olan keyfiyyətləri 3/4/3 bal); Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokoluna (“Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”na 2 nömrəli əlavəyə uyğun olaraq) əsasən yekun qiymətləndirmə balı 13 olmaqla vəzifəyə uyğun olmaması təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia cavabdeh qurumun maddi hüquq normasının tətbiqi şərtlərinin həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunması ilə bağlıdır. Məhkəmə müsahibə zamanı cavabdeh qurumun nümayəndəsi tərəfindən iddiaçıya ünvanlanmış həmin sualları və iddiaçı tərəfindən ona verilən cavabları nəzərdən keçirərək belə qənaətə gəlir ki, müsahibənin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi zamanı “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası” ilə uyğunsuzluq təşkil edən hal müəyyən olunmamışdır. İnzibati orqan tərəfindən inzibati icraat həyata keçirilərkən səlahiyyət həddinə riayət edilmiş və icraat prinsiplərə uyğun aparılmışdır. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı “xx.xx.2023-cü il tarixli qərarının (qiymətləndirilməyə dair yekun protokolun) ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-430/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-430/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver