Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4303/2025 17.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “X5, X7, X6, X1 Gəncə şəhəri, 3-cü mikrorayon, ev 11, mənzil 14 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı tərəf: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1961-ci il tarixdə Şəmkir rayonui, Zəyəm kəndində anadan olmuş, xx.xx.2014-cü il tarixdən ünvan 1 ünvanda yaşayır. Gəncə şəhəri, 3-cü mikrorayon, ev 11, mənzil 14 ünvanda yerləşən **********45- 05101-093013 reyestr nömrəli daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayış əsasında X5, X7, X6, X1 onun mülkiyyətində olan Gəncə şəhəri, 3-cü mikrorayon, ev 11, mənzil 14 ünvanda qeydiyyatda olduğunu bilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət edərək ona məxsus olan mənzildən üçüncü şəxslər - X5, X7, X6, X1 Gəncə şəhəri, 3-cü mikrorayon, ev 11, mənzil 14 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-57/2-M-148xx/xx/2025 nömrəli məktubda ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X7, X6, X1 Gəncə şəhəri, 3-cü mikrorayon, ev 11, mənzil 14 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəf Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və xx.xx.2025-ci il tarixli, 3-13-57/2- 16568/2025 nömrəli məktubla məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfi: Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X5, X7, X6, X1 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması, məhdud fəaliyyət qabiliyyətli X4 valideynləri – Qanuni nümayəndə və X6 ilə təmsil olunmaları qərara alınmışdır. X5 xx.xx.1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, xx.xx.2005-ci il tarixdən Gəncə şəhəri, 3-cü mikrorayon, ev 11, mənzil 14 ünvanda qeydiyyatdadır. Sözügedən mənzil X5 tərəfindən Gəncə şəhəri 5 saylı dövlət notariat kontorunun dövlət notariusunun 13 sentyabr 2013-cü il tarixli, 4Ə-2-387 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır. X7 xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, xx.xx.2003-cü il tarixdən anası X2 mülkiyyətində olmuş Gəncə şəhəri, 3-cü mikrorayon, ev 11, mənzil 14 ünvanda qeydiyyatdadır. X6 xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, xx.xx.2003-cü il tarixdən anası X2 mülkiyyətində olmuş Gəncə şəhəri, 3-cü mikrorayon, ev 11, mənzil 14 ünvanda qeydiyyatdadır. X3 qızı digər üçüncü şəxs X4 xx.xx.2019-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, xx.xx.2019-cu il tarixdən Gəncə şəhəri, 3-cü mikrorayon, ev 11, mənzil 14 ünvanda qeydiyyatdadır. Üçüncü şəxslər, həmçinin azyaşlının qanuni nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. Tərəflərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda əks edilmiş mövqeyini rəhbər tutaraq məhkəmə bildirir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal - şəxsin həmin yaşayış evində yaşamaması və həmin evə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir. Üçüncü şəxslərin həmin yaşayış evində yaşaması ilə bağlı qeyd edilməlidir ki, üçüncü şəxslərin adına həmin ünvana göndərilmiş məhkəmə bildirişi müvafiq poçt xidməti orqanı tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır (zərflərin üzərinə poçtalyon tərəfindən yapışdırılmış və onun imzası ilə təsdiq edilmiş məlumatda üçüncü şəxsin orada yaşamadığı göstərilmişdir). Üçüncü şəxslərə münasibətdə təhlil edilməli olan digər məsələ həmin şəxslərin evə dair əmlak hüququnun mövcud olub-olmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, üçüncü şəxslərdən X5 mübahisəli əmlakın köhnə mülkiyyətçisi olmuş, iddiaçıya da o özü həmin mənzili satmışdır. Digər üçüncü şəxslər də X2 qohumlarıdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı Gəncə şəhəri, 3-cü mikrorayon, ev 11, mənzil 14 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının, iddiaçı ilə əvvəllər və hazırda hər hansı ailə bağlarının olmamaları, faktiki olaraq orada yaşamamaları müəyyən edilmişdir. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Digər tərəfdən, üçüncü şəxs qismində qeyd edilən X4 xx.xx.2019-cu il təvəllüdlü olmaqla məhdud fəaliyyət qabiliyyətli şəxslərdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4- cü bəndlərində qeyd edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrininmüvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunverici on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. X1 valideyni (atası) X6 hazırkı iş üzrə üçüncü şəxslərdəndir və onun özünün də, mübahisəli fərdi yaşayış evində hər hansı əmlak hüququ yoxdur və faktiki olaraq həmin ünvanda yaşamır. Üçüncü şəxs iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşamadığından və həmin ünvanda əmlak hüquqları olmadığından azyaşlının sözügedən mənzildə qeydiyyatda olmasının heç bir hüquqi əsası olmur. Belə olan halda, azyaşlının valideyninin həmin evdən qeydiyyatdan çıxarılması nəzərə alınaraq onun da qeydiyyatdan çıxarılması məqsədəmüvafiqdir. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadıqları və orada uzun müddət yaşamadıqları, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X5, X7, X6, X1 Gəncə şəhəri, 3-cü mikrorayon, ev 11, mənzil 14 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-4303/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4303/2025
17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver