Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-431/2020 18.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Muxtarova Aytac Əkram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və hərbi stajın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxxx 2000-ci il tarixli əmrinin ləğv edilməsi və hərbidə olan iş stajının 1984-cü ildən 2014-cü ilə kimi hesablanması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin verilmə müddətinin bərpa edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1984-cü ildən Sovet Ordusunda müxtəlif vəzifələrdə xidmət etmiş, sonralar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində olan “Xüsusi İdarə”də xidmətini davam etmişdir. 1993-cü ildə “Xüsusi İdarə” ləğv ediləndən sonra o, Müdafiə Nazirliyinin sərəncamına keçmişdir. Dəfələrlə Müdafiə Nazirliyinə və müvafiq aidiyyəti orqanlara müraciət etməyinə baxmayaraq o hərbi xidmətə çağırılmamışdır. Bu fakt öz əksini Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 1999cu il tarixli, 2-721 saylı qətnaməsində (hakim xanım Ş.Q.Gözəlova) tapmışdır. Digər tərəfdən həmin qətnamə ilə Müdafiə Nazirliyinə qarşı “ona vurulmuş ziyanın ödənilməsinə və AR Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmasına dair” iddia ərizəsi qismən təmin edilmişdir. “AR Silahlı Qüvələrindən təxris edilməsi məhkəməyə aid olmadığıüçün iddianın bu hissəsi təmin olunmamışdır. Lakin, iddia ərizəsi qismən təmin edilərək ona Müdafiə Nazirliyindən 2 aylıq əmək haqqı həcmində müavinətin, hərbi rütbə üçün 2 aylıq maaşın ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsinin icraatı ilə əlaqədar o, dəfələrlə Müdafiə Nazirliyinə müraciət etmişdir. Hətta Müdafiə Nazirliyinin Maliyyə İdarəsi tərəfindən Müdafiə Nazirliyinin Hüquq şöbəsinə ünvanladığı məktubda “İddiaçı ərizə və məhkəmə qətnaməsinin kim tərəfindən icra edilməsi barədə rəy bildirməyin və bu barədə ərizəçiyə məlumat verməyin xahiş edilməsinin qeyd edilməsinə baxmayaraq, əfsuslar olsun qeyd etdiyi məktubdan sonra Müdafiə Nazirliyi Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 1999-cu il tarixli, 2-721 saylı qətnaməsini bu günə kimi icra etməyib. O, hüquqşunasdır. Konstitusion hüquqlarından istifadə edərək hakim olmaq niyyətində idi. Hakim olmaq üçün müəyyən sənədlər tələb olunurdu o cümlədən hərbi mükəlləfıyyətli haqqında hərbi komissarlıqdan arayiş. 2014-cü il tarixdə Gəncə vəkillər Kollegiyasının üzvü vəkil X1 onun hərbi mükəlləfıyyətli olub-olmaması haqqında Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığına sorğu vermişdir. Onun şəxsi işində tərxis olması barədə məlumat olmadığından Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığı ona arayış verilməsindən haqlı olaraq imtina etdmişdir. Nəticədə o, məhkəmə hakimi olmaq niyyətini Müdafiə Nazirliyinin özbaşınalığı nəticəsində həyata keçirə bilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı barəsində xx xxxxxxx 2000-ci il tarixdə inzibati akt (Müdafiə nazirinin əmri) qəbul olunmuşdur. Buradan görünür ki, 19 il 10 ay müddət əvvəl olan münasibətlərdən yaranan mübahisə barədə iddiaçı məlumatlı olmuşdur. Hüquqlarının pozulması barədə iddiaçının hazırda gəlmiş olduğu qənaət məhkəmədə iddianın qaldırılması üçün kifayət deyildir. Belə ki, uzun müddət zaman kəsiyinin keçməsi tərəflərin bərabər şəkildə mövqelərinin müdafiəsini mümkünsüz etmiş olur. Belə olan halda, barəsində inzibati aktın qəbul edilməsindən iddiaçının xəbərdar olmaması mümkün deyildir. Odur ki, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hazırda mübahisələndirdiyi əmrin mövcud olmasını 2018-ci ildə bilmişdir. Lakin Müdafiə Nazirliyinin son cavabı xx xxxx 2019-cu il tarixdə verilmişdir. Həmçinin bildirmişdir ki, hərbi qulluqçu kimi təqaüdə çıxa bilmək üçün, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Müdafiə Nazirliyi ilə yazışmaları daim davam etdirmişdir. Göstərilənlərə əsasən prosessual müddətin bərpa edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarından göründüyü kimi iddiaçı ərizəsində Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxxx 2000-ci il tarixli əmrinin ləğv edilməsini və iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur və iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxxx 2000-ci il tarixli əmrindən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyyət Baş idarəsinin xx.xx.2018-ci il tarixli məktubunda Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli müvafiq əmrinəəsasən «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin «q» bəndinə müvafiq olaraq xx.xx.1993-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məktubda artıq mübahisələndirilən əmrin mövcud olması barədə iddiaçının rəsmi məlumatı olmasına baxmayaraq iddia tələbi qanunvericilikdə nəzərdə tutulan müddətdə verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Adıçəkilən Qanunun 73.2. maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxxx 2000-ci il tarixli əmrindən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bununla yanaşı xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və hərbi stajın yenidən hesablanması tələbinə dair iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin hissədən asılı olan, stajın yenidən hesablanması hissəsi üzrə də mümkünlük şərtlərinin yoxlanılmasına ehtiyac qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və hərbi stajın yenidən hesablanması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-431/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-431/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver