Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-431/2022 14.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı qərarda dəyişiklik edilməsi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” sözləri ilə əvəz edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə 27.10.2021-ci il tarixdə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 23.01.2020-ci il tarixli rəyində dəyişiklik edilərək, “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” sözləri “xəstəlikdir, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-11800/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2006-cı ildən 05 aprel 2020-ci ildək Azərbycan Respublikası Silahlı qüvvələrinin 215, 050, N və N saylı hərbi hissələrində hərbi xidmət keçmişdir. Hərbi xidmət zamanı psixi xəstəliyə tutulduğu üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və 06.11,2019-cu ildən 25.01.2020-ci ilədək orada “kəskin şizofrenəbənzər psixik pozuntu” diaqnozu ilə stasionar müalicə olunmuşdur. Xəstəlik ciddi olduğu üçün N saylı Hərbi Hissə komandirinin 05 aprel 2020-ci il tarixli, 96 nömrəli əmri ilə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunmuşdur. Cavabdeh Müdafiə Nazirliyi Tibbi Baş İdarəsi Mərkəzi Hərbi Həkim Komissiyasının 23.012020-ci il tarixli rəyi ilə ona "kəskin şizofrenəbənzər psixotik pozuntu” diaqnozu qoyulmuş, həmin xəstəliyin “hərbi xidmət dövründə alındığı” qeyd edilərək, həm dinc dövrdə həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 08.01.2021 -ci il tarixli rəyi ilə ona 3-cü dərəcəli əlillik verilmişdir. Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” rəyi ilə razı deyil. Hesab edir ki, həmin sözlər dəyişdirilməlidir. Belə ki, həmin ərizəyə əlavə edilmiş Müdafiə Nazirliyi N saylı Hərbi Hissə komandirinin 06.08.2021-ci il tarixli, 2443 nömrəli arayışından görünür ki, o, N nömrəli hərbi hissədə N nömrəli mövqedə döyüş növbətçiliyi apararkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı hərbi xidməti vəzifəsini yerinə yetirərərkən səhhətində yaranan problemlərlə bağlı hərbi hissənin hərbi tibb məntəqəsinə müraciət etmişdir. Səhhətində olan ciddi psixi pozuntulara görə 06.11.2019-cu ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və təqribən 3 ay, yəni 21.01.2020-ci il tarixədək orada stasionar müalicə olunmuşdur. Ona görə də cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edərək barəsində olan rəydə qeyd edilmiş xəstəlikdir ’’Hərbi xidmət dövründə alınmışdır” sözlərinin dəyişdirilərək xəstəlikdir “hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır” sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 08.09.2021-ci il tarixli, 1447 nömrəli məktubu ilə verilmiş ilkin diaqnozun dəyişdirilməsindən imtina edilmişdir. Səbəb kimi buna heç bir əsasın olmadığı göstərilmişdir. Cavabdeh Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının bu imtinasını əsassız hesab edir. Yuxarıda şərh olunan arayış təsdiq edir ki, o, N nömrəli hərbi hissədə N nömrəli mövqedə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman qəflətən ciddi xəstələnmişdir. Ona görə də hesab edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 23.012020-ci il tarixli rəyində dəyişiklik edilərək “xəstəlikdir, hərbi xidmət dövründə almmışdır” sözləri “xəstəlikdir Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” sözləri ilə əvəz edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının üzərinə qoyulmalıdır. Bundan sonra iddiaçının qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə məhkəməyə prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 23.01.2020-ci il tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı verilmiş iddia əizəsinin qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin buraxılmasının üzürlü hesab edilərək, prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarında olan müalicə vərəqindən görünür ki, İddiaçı 27.01.2020-ci ildə, yəni Mərkəzi Hərbi Həkim Komissiyasının 23.01.2020-ci il tarixli qərarından 4 gün sonra xüsusi rejimli cədvəl üzrə müalicə almışdır. 2 saylı Ağdam rayonlararası Psixatiriya Xəstəxanasının baş həkimi İlham Süleymanovun tərtib etdiyi müalicə vərəqindən görünür ki, iddiaçı 06.05.2020-ci il və 02.08.2020-ci il tarixlərdə xüsusi rejimli cədvəl üzrə müalicə almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatiriya Xəstəxanası” publik hüquqi şəxsin 5395/20 nömrəli xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı 25.08.2020-ci il tarixdən 26.10.2020-ci il tarixədək həmin xəstəxanada “Şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə stasionar müalicə almışdır. Ağdam Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı barəsində məhkəməpsixiatriya ekspertizası təyin edilmişdir. Ağdam Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, onun barəsində “aliment işi” olmuşdur. X2 Dispanserinin 07.06.2021-ci il tarixli tibbi arayışından görünür ki, İddiaçı mütəmadi dispanser müşahidəsindədir. Odur ki, prosessual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə məhkəmə iclasnda iddia tələbini və prosessual müddətin bərpası barədə ərizəni müdafiə edərək, tələbin və ərizənin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçıya ünvanladığı 08.09.2021-ci il tarixli, 1447 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı 21.01.2020-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ona aid sənədlər 21.01.2020-ci il tarixdə Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmişdir. İddiaçı aid tibbi sənədlər 946 nömrəli Xəstəlik haqqında şəhadətnamə) araşdırıldıqdan sonra “Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu” diaqnozu və “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” və “sağ saidin ön səthinin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapığı” diaqnozu və “ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə 23.01.2020-ci il tarixdə təsdiq edilmişdir. Verilmiş qərar düzgündür, dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin 12.01.2022-ci il taixli, 38 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı Mərkəzi Hərbi Həkim Komissiyasında müayinə və müalicəsinin nəticəsi barəsində qəbul olunan qərar ona xidmət etdiyi hərbi hissə tərəfindən təqdim olunmuşdur. Bu barədə Ağcayev X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə özü məlumat vermişdir. Ağdam Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(013)-167/2021 nömrəli qətnaməsinin “qət etdi” hissəsindən görünür ki, xx xxxxxx 1985-ci il təvəllüdlü İddiaçı halhazırda xroniki psixi xəstəlik olan şizofreniya, paranoid forma, Psixomotor oynaqlıq vəziyyəti ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F20.0 xəstəliyi keçirdiyindən o, hal-hazırda öz hərəkətlərinin mənasını başa düşüb hərəkətlərini idarə etmək iqtidarında olmadığı üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının 21 iyun 2021-ci il tarixli, 120 nömrəli sərəncamına əsasən xx.xx.1985-ci il tarixdə anadan olmuş, fəaliyyət qabiliyyəti olmayan şəxs İddiaçı üzərində anası Qanuni nümayəndə qəyyum təyin edilmişdir. Bu hal ona dəlalət edir ki, iddiaçı hazırda mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 23 yanvar 2020-ci il tarixli qərarı barədə əvvəlcədən məlumatlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi, iddiaçı sözügedən qərarı – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçının qanuni nümayəndəsi (qəyyumu) prosessual müddətin ötürülməsinə dair digər əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının qanuni nümayəndəsi (qəyyumu) tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməməli və verilmiş iddia tələbi mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, q ə r a r a a l d ı: İddiaçı qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı qərarda dəyişiklik edilməsi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” sözləri ilə əvəz edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr., 252) şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-431/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-431/2022
14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver