Məhkəmə qərarları › İş №2-1(114)-431/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-431/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-431/2025 14.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1994-cü il tarixinə kimi Gəncə yol distansiyasında yol montyoru vəzifəsində işləmişdir.

2. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına əsasən İddiaçı, X13, X11 və X6 şəhəri, Kəpəz rayonu, Tbilisi küçəsi, ev 36, mənzil 7 ünvanında qeydiyyatdadır.

3. X11, X18 və X13 xx.xx.2023-cü il tarixli ərizələrində Gəncə şəhəri, Kəpəz rayonu, Tbilisi küçəsi, ev 36 ünvanında yerləşən 7 nömrəli mənzilin İddiaçı adına bütövlükdə özəlləşdirilməsinə etiaz etməmişlər.

4. Kirayə verən – Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə kirayəçi – İddiaçı arasında ünvan 3 nömrəli binanın dövlət mənzil fonduna aid yaşayış sahəsi 28,0 kv.m-dən ibarət iki otaqlı 7 nömrəli mənzilinin kirayə verilməsi barədə xx.xx.2023-cü il tarixli 10 nömrəli Yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır.

5. Azərbaycan Respublikası Dövlət X10 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-İ- 1433//8/2023 nömrəli məktubunda bildirilmişdir ki, X20 Filialında mühafizə olunan Kirovabad şəhər X17 İcraiyyə Komitəsi Mənzil Təmir İstismar Tresti arxiv fondunun 1985ci il üzrə mövcud orderləri yoxlanılmış, ünvan 2 ünvanına dair İddiaçı adına order aşkar olunmamışdır. Həmçinin bildirilir ki, Azərbaycan SSR Dəmir Yolları İdarəsinin X3 tərəfindən paylanmış mənzillərin qərarları X20 filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmadı.

6. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli Ə-896 nömrəli məktubunda bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Tbilisi küçəsi, 36 nömrəli binanın 7 nömrəli mənzili "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən onun ailəsinin istifadəsinə verilmişdir. Yaşadığı mənzil dövlət mənzil fonduna aid olaraq Birliyin balansındadır. Tbilisi küçəsi, 36 nömrəli binanın yaşayı sahəsi 28 kv.m metr olan, 2 otaqlı mənzilinin **********448 nömrəli şəxsi hesab vərəqəsi İddiaçı adınadır. Mənzilin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsinə Biriyin rəhbərliyi etiraz etmir.

7. İddiaçı həmin sənədləri cavabdeh orqana təqdim etməklə, Gəncə şəhəri, Tbilisi küçəsi, ev 36 ünvanında yerləşən 7 nömrəli mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3- 21-3-33/2-İ-0135-8/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11588/2023 nömrəli cavab məktubları ilə bildirilmişdir ki, ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 10 nömrəli kirayə müqaviləsi mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir.

8. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli **********448 nömrəli şəxsi hesabdan çıxarışıından görünür ki, ünvan 3 ünvanında yerləşən binanın 7 nömrəli mənzilinin şəxsi hesab vərəqəsi İddiaçı adınadır.

9. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli M-602 nömrəli cavab məktubunda bildirilmişdir ki, Tbilisi küçəsi, 36 nömrəli binanın 7 nömrəli mənzili Birliyin balansına aiddir. dövlət mənzil fonduna məxsusdur.

10. Həmin məktuba əlavə edilmiş 6 nömrəli Gəncə yol sahəsinin xx.xx.2023-cü il tarixli 56 nömrəli arayışında göstərilmişdir ki, “Azərbaycan Dövlət Dəmir Yolu” 6 saylı Gəncə yol distansiyasına məxsus ev dəftərindəki qeydə əsasən, İddiaçı xx.xx.1985-ci il tarixdən “Azərbaycan Dövlət Dəmir Yolu” 6 saylı X15 balansında olan ünvan 1-də yerləşən xidməti evdə yaşamaq hüququ verilmiş və "xxxx" QSC-nin Gəncə şəhəri üzrə yerləşən mənzil fondunun Gəncə Şəhər İcra Hakimiyyətinə təhvil verilənədək (xx.xx.2019-cu il tarixədək) ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır.

11. Məhkəmənin sorğusuna "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-8171/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzilin İddiaçı verilməsi ilə bağlı "xxxx" QSC-nin X15 həmkarlar təşkilatının protokolu ADY-də aşkar edilməmişdir. Qeyd edirlər ki, həmin yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 73s nömrəli Sərəncamının icrası ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin balansına təhvil verilmişdir. Sözügedən yaşayış evi əlavə edilmiş siyahıda göstərilmiş 000038 inventar nömrəli binadır.

12. Məhkəmənin sorğusuna "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-9797/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzilin İddiaçı verilməsi ilə bağlı "xxxx" QSC-nin (ADY) X15 həmkarlar təşkilatının protokolu ADY-də aşkar edilməmişdir.

13. Həmin məktuba əlavə edilmiş 6 nömrəli Gəncə yol sahəsinin xx.xx.2024-cü il tarixli 54 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə yol distansiyasında yol montyoru vəzifəsində işləmişdir. İşlədiyi müddətdə X15 balansında olan Zülfü Hacıyev küçəsi, ev 36, mənzil 7 ünvanında yerləşən xidməti ev yaşaması üçün ona təqdim edilmiş və ev dəftərinə əsasən xx.xx.1985-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda pasport qeydiyyatına alınmışdır. Evin ona verilməsi haqqında 6 nömrəli Gəncə yol sahəsində əlavə heç bir sənəd mövcud deyildir. Əlavə olaraq bildirilir ki, Gəncə şəhəri ərazisində yerləşən dəmir yolunun xidməti evləri "xxxx" QSC sədrinin 03/S saylı xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən Gəncə şəhəri Mənzil Kommunal İstehsalat Birliyinə təhvil verilmişdir.

14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-3030/2025 nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 6 ünvanında yerləşən 4 nömrəli mənzilə dair X7 xx.xx.1999-cu il tarixli 10464 reyestr nömrəli Qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Qeydiyyat vəsiqəsi bir nüsxədən ibarət tərtib olunaraq vətəndaşa təqdim edildiyi üçün Qeydiyyat vəsiqəsinin nüsxəsi arxiv qovluğunda saxlanılmamışdır. Buna görə də, qeyd olunan Qeydiyyat vəsiqələrinin surətinin təqdim olunması mümkün olmamışdır. Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, bina 36, mənzil 4 üzərində X7 mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət reyestrində tanınaraq sonuncunun adına xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28-05101- 093001 reyestr nömrəli çıxarış verilmişdir.

15. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-3567/2025 nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə şəhəri, Tbilisi küçəsi, ev 36 ünvanında yerləşən 1 saylı mənzil 05 noyabr 2003-cü il tarixli, 22728 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən X4 adınadır. Gəncə şəhəri, Tbilisi küçəsi, ev 36 ünvanında yerləşən 2 saylı mənzil 01 sentyabr 2009-cu il tarixli, **********39-05101- 093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarışa əsasən X9 adınadır. Gəncə şəhəri, Tbilisi küçəsi, ev 36 ünvanında yerləşən 4 saylı mənzil 24 fevral 2022- ci il tarixli, **********39-05101-093006 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarışa əsasən X8 adınadır. Gəncə şəhəri, Tbilisi küçəsi, ev 36 ünvanında yerləşən 5 saylı mənzil 05 dekabr 1997-ci il tarixli, 16748 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən X2 adınadır. Gəncə şəhəri, Tbilisi küçəsi, ev 36 ünvanında yerləşən 6 saylı mənzil 18 sentyabr 1997-ci il tarixli, 21493 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən X12 adınadır. Gəncə şəhəri, Tbilisi küçəsi, ev 36 ünvanında yerləşən 8 saylı mənzil 12 iyun 2021-ci il tarixli, **********39-05101-093005 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarışa əsasən X9 adınadır. II. Məhkəmədə icraat

16. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanındakı mənzilin onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1981-ci ildə Gəncə Dəmiryol İdarəsinə fəhlə kimi işə qəbul edilmiş, yaxşı işlədiyinə görə qızıl əllər fəxri adı ilə təltif edilmişdir. İş sahəsindəki qabaqcıl fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilərək 1985-ci ildə ona 3 otaqlı mənzil verilmişdir. 1985-ci ildən bugünədək mübahisəsiz qaydada ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanındakı mənzildə yaşayır. xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə mənzilin özəlləşdirilməsi üçün cavabdeh orqana müraciət etmiş və xx.xx.2023-cü il tarixli məktubla mənzilin özəlləşdirilməsindən imtina edilərək, kirayə müqaviləsinin mənzilin özəlləşdirilməsi üçün əsas olmadığı bildirilmişdir. O, həmin imtinanı qanunsuz və əsassız hesab edir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

20. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

21. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

22. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

23. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

24. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

25. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər zəruri prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

27. İddiaçı və cavabehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.

28. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

29. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (bənd 7).

30. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

31. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

32. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

33. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçası; - Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - xx.xx.2023-cü il tarixli ərizələr; - xx.xx.2023-cü il tarixli 10 nömrəli Yaşayış sahəsinin kirayə müqaviləsi; - Azərbaycan Respublikası Dövlət X10 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-İ- 1433//8/2023 nömrəli məktubu; - Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli Ə-896 nömrəli məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-İ-0135-8/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11588/2023 nömrəli cavab məktubları; - Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli **********448 nömrəli şəxsi hesabdan çıxarışı; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli M-602 nömrəli cavab məktubu; - 6 nömrəli Gəncə yol sahəsinin xx.xx.2023-cü il tarixli 56 nömrəli arayışı; - Məhkəmənin sorğusuna "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-8171/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-9797/2024 nömrəli cavab məktubu; - 6 nömrəli Gəncə yol sahəsinin xx.xx.2024-cü il tarixli 54 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-3030/2025 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-3567/2025 nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlər.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

34. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

35. Belə ki, xx.xx.1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1994-cü il tarixinə kimi Gəncə yol distansiyasında yol montyoru vəzifəsində işləmişdir. O, işlədiyi dövrdə "xxxx" QSC-nin balansında olan ünvan 3 nömrəli binanın 7 nömrəli mənzili iddiaçı və ailəsinin istifadəsinə verilmişdir. Həmin mənzilin **********448 nömrəli şəxsi hesab vərəqəsi hazırda İddiaçı adına olmaqla, onunla Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında ünvan 3 nömrəli binanın dövlət mənzil fonduna aid yaşayış sahəsi 28,0 kv.m-dən ibarət iki otaqlı 7 nömrəli mənzilinin kirayə verilməsi barədə xx.xx.2023-cü il tarixli 10 nömrəli Yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır.

36. İddiaçı cavabdeh orqana Gəncə şəhəri, Tbilisi küçəsi, ev 36 ünvanında yerləşən 7 nömrəli mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-İ-0135-8/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11588/2023 nömrəli cavab məktubları ilə bildirilmişdir ki, ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 10 nömrəli kirayə müqaviləsi mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsas hesab edilmir.

37. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir.

38. Belə ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 10 nömrəli Yaşayış sahəsinin kirayə müqaviləsini özəlləşdirmə üçün əsas hesab etməmişdir.

39. Lakin məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə yol distansiyasında yol montyoru vəzifəsində işlədiyi müddətdə X15 balansında olan Zülfü Hacıyev küçəsi, ev 36, mənzil 7 ünvanında yerləşən ev yaşaması üçün ona təqdim edilmiş və ev dəftərinə əsasən xx.xx.1985-ci il tarixdə həmin evə pasport qeydiyyatına alınmışdır. Həmin mənzil də daxil olmaqla, Gəncə şəhəri ərazisində yerləşən dəmir yolunun xidməti evləri "xxxx" QSC sədrinin 03/S saylı xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən Gəncə şəhəri Mənzil Kommunal İstehsalat Birliyinə təhvil verilmiş və Birlik tərəfindən iddiaçı ilə mənzil kirayəsi müqaviləsi bağlanmışdır.

40. Göründüyü kimi, sözügedən mənzil iddiaçıya 1985-ci ildə işlədiyi müəssisə tərəfindən ayrılaraq, yaşaması üçün təhvil verilmiş və o, ailə üzvləri ilə birlikdə həmin vaxtdan həmin mənzilə qeydiyyata düşməklə, yaşamağa başlamışlar.

41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.

42. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar İdarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər. Maddə 20. Dövlət və ictimai mənzil fondunun idarə olunmasında və onun qorunmasının təmin edilməsində ictimai təşkilatların, əmək kollektivlərinin və vətəndaşların iştirakı Həmkarlar ittifaqları, başqa ictimai təşkilatlar, əmək kollektivləri SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə, ictimai təşkilatların nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq, habelə vətəndaşlar dövlət və ictimai mənzil fondunun idarə edilməsində və onun qorunmasının təmin olunmasında iştirak edirlər. Maddə 28. Vətəndaşların yaşayış sahəsi almaq hüququ Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Maddə 33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək qaydası Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X17 icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Maddə 36. Vətəndaşlara yaşayış sahəsi verilməsinin növbəliliyi Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: yaşayış yerində uçota götürülmüş vətəndaşlar barəsində—müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X17nin icraiyyə komitəsi tərəfindən; iş yerində uçota götürülmüş vətəndaşlar barəsində,—qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X17nin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq X17nin icraiyyə komitəsinə məlumat verilir. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X17nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

43. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.

44. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.

45. Hazırkı işdə də sözügedən mənzil "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya və onun ailəsinə yaşamaq üçün verilmişdir.

46. Məhkəmə qeyd edir ki, mənzilin ayrılmasına dair sənədin əldə edilə bilinməməsi iddiaçının mənzil hüququnu gerçəkləşdirməsinə mane olan hal kimi qiymətləndirilə və bu əsasla özəlləşdirmədən imtina edilə bilməz.

47. Məhkəmə onu da qeyd edir ki, aparılmış araşdırma zamanı sözügedən mənzilin dövlət mənzil fonduna aid olması müəyyən edilmiş və mənzilin balanssaxlayıcısı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməmişdir.

48. Məhkəmə onu da qeyd edir ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə özəlləşdirilməsini nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçının ailı üzvləri X11, X18 və X13 xx.xx.2023-cü il tarixli ərizələrində Gəncə şəhəri, Kəpəz rayonu, Tbilisi küçəsi, ev 36 ünvanında yerləşən 7 nömrəli mənzilin İddiaçı adına bütövlükdə özəlləşdirilməsinə etiaz etməmişlər.

49. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.

50. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

51. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri mövcud olduğundan cavabdeh onun hüquqlarını qeydə almaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməlidir.

52. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

53. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Tbilisi küçəsi, ev 36 ünvanında yerləşən 7 nömrəli mənzil İddiaçı adına özəlləşdirilməklə, ona bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar