Məhkəmə qərarları › İş №2-1(114)-432/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-432/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-432/2022 03.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı əmlakın torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia ərizəsi ilə 14.10.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu Cəyirli kənd ərazisində yerləşən “Quşçuluq müəssisəsi”nin binasının torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi İddiaçı MMC-nin adına dövlət reyestrində qeydə alınmasını təsdiq edən reyestrdən çıxarış və texniki pasportun təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01.11.2021-ci il tarixli 2-1(112)-11465/2021 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Cəyirli kənd ərazisində yerləşən “Quşçuluq müəssisəsi”nin binasının torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınması üçün iddiaçı tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətlə əlaqədar inventarlaşdırma işi aparılmış və 28.12.2020-ci il tarixində cavabdeh tərəfindən 6751.00 manat xidmət haqqı hesablanaraq iddiaçıya 88 №-li hesab faktura təqdim edilmiş, iddiaçı tərəfindən həmin məbləğ 29.12.2020-ci il tarixində ərazi idarəsinin hesabına ödənilmişdir. Həmin tarixdən sonra da müraciət ilə əlaqədar hər hansı rəsmi imtina və digər qərar qəbul edilməmişdir. İddiaçının nümayəndəsinə çıxarışın və texniki pasportun 08 aprel 2021-ci il tarixində hazır olduğu telefon vasitəsi ilə bildirilmişdir. Nümayəndə vasitəsi ilə çıxarışın götürülməsi üçün ərazi idarəsinə müraciət edildikdə isə əlavə olaraq 7704,02 manat ödəniş edilməli olduğu bildirilmişdir. İddiaçı qeyd edir ki, həmin tarixə qədər qeyd edilmiş məbləğin ödənilməsi barədə ona hər hansı bir rəsmi bildiriş təqdim edilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən 23 aprel 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət olunaraq iddiaçıya məxsus Bərdə rayonu, Cəyirli kənd ərazisində yerləşən “Quşçuluq müəssisəsi”nin binasının torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmasını təsdiq edən reyestrdən çıxarış və texniki pasportun təqdim edilməsi xahiş edilmişdir. Həmin müraciətə 25 may 2021-ci il tarixində rəsmi cavab verilmiş, çıxarış və texniki pasportun verilməsi üçün 7704.02 manat ödəniş edilməli olduğu qeyd edilmişdir. İddiaçı hesab edir ki, inzibati orqan tərəfindən daşınmaz əmlak üzərində hüquqların qeydə alınması barədə çıxarışın və texniki pasportun verilməsindən imtina edilməsi tam əsassızdır. Qeyd edilən əmlak üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması müraciət tarixindən uzun müddət sonra - 08 aprel 2021-ci il tarixdə icra edilməsi, inzibati orqanın hərəkətsizliyi və s. digər hərəkətlər iddiaçının təqsiri ucbatından meydana gəlməmişdir. Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli 02 saylı qərarı iddiaçıya münasibətdə hüquqi vəziyyəti ağırlaşdıran akt olduğu üçün tətbiq edilməməli, yalnız həmin tarixdən sonra edilmiş müraciətlərə münasibətdə həmin qərara istinad edilməlidir. Məhkəmənin 19.01.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı MMC tərəfindən 2020-ci il tarixdə təqdim olunan sənədlər toplusu qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün Ərazi İdarəsi tərəfindən rəsmi qeydiyyata alınmamış və bu səbəbdən də MMC-yə rəsmi imtina məktubu verilməsi mümkün olmamışdır. İddiaçı MMC tərəfindən sənəd-əsaslardan çatışmayan 18.01.2021-ci il tarixdə təsdiq olunmuş “Tikinti obyektinin istismarına icazə” sənədi Ərazi İdarəsinə 2021-ci il tarixdə təqdim olunduqdan sonra MMC-nin sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müraciət əsasında aparılmış inventarlaşdırma işi nəticəsində müəyyən olunmuş texniki göstəricilər əsasında Ərazi İdarəsi tərəfindən xidmət haqqı Azərbaycan Respublikası Tarif Şurasının 04.01.2021-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq hesablanmışdır. Tarif Şurasının yeni tarifində əmlakın qeydiyyatı zamanı xidmət haqqı 15 iş günü icra müddətində 14455.02 manat nəzərdə tutulmuşdur, ödənilmiş 6751.00 manat xidmət haqqı məbləğini çıxdıqdan sonra qalan ödənilməli olan məbləğ 7704.02 manat müəyyən edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən göstərilən xidmətlərin Smetasından görünür ki, İddiaçı MMC tərəfindən verilmiş sifarişin 15 gün müddətində icra edilməsi üçün xidmət haqqı 6751.0 manat müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş 29.12.2020-ci il tarixli, **********952467 nömrəli köçürülmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin hesabına texniki pasportun hazırlanması üzrə 1029.81 manat ödənilmişdir. -surəti işə əlavə edilmiş 29.12.2020-ci il tarixli, #006XOH********** nömrəli "xxxx" ASC tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən torpaq sahəsinin və üzərində yerləşən qeyri-yaşayış binalarının texniki pasportunun hazırlanması üzrə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin AZ50AİİB******************** nömrəli hesabına 5.721.19 manat ödəniş edilmişdir. -surəti işə əlavə edilmiş 19.04.2021-ci il tarixli, **********24 nömrəli DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin məktubundan görünür ki, Tarif Şurasının yeni tarifində əmlakın qeydiyyatı zamanı xidmət haqqı 15 iş günü icra müddətində 14455.02 manat nəzərdə tutulmuş, ödənilmiş 6751 manat xidmət haqqı məbləğini çıxdıqdan sonra iddiaçıdan qalan ödənilməli olan 7704.02 manat məbləğin ödənilməsi xahiş edilmişdir. -surəti işə əlavə edilmiş 19.04.2021-ci il tarixli, 30 nömrəli DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin hesab fakturasından görünür ki, torpaq sahəsinin və üzərində yerləşən qeyri-yaşayış binalarının texniki pasportunun hazırlanması üçün xidmət haqqı ƏDV ilə 7704.02 manat təşkil edir. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.08.2021-ci il tarixli, **********41 nömrəli məktubundan görünür ki, DƏDRX-nin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinə uyğun olaraq İddiaçı MMC tərəfindən xidmət haqqı ödənildikdən sonra daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və texniki pasportun əldə edilə biləcəyi qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı ona məxsus müəssisənin binasının torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət ilə əlaqədər inventarlaşdırma işi aparılmış və 6751.00 manat hesablanmış xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı çıxarışın və texniki pasportun götürülməsi məqsədi ilə cavabdehə müraciət etsə də, sonuncu əlavə olaraq 7704.02 manat ödəniş edilmədiyi üçün bundan imtina etmişdir. Cavabdeh orqan imtinasına əsas kimi müraciət əsasında aparılmış inventarlaşdırma işi nəticəsində müəyyən olunmuş texniki göstəricilər əsasında Ərazi İdarəsi tərəfindən xidmət haqqı Azərbaycan Respublikası Tarif Şurasının 04.01.2021-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş taariflərə uyğun olaraq hesablandığını qeyd etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, sözügedən müəssisənin binasının torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi İddiaçı MMC-nin adına dövlət reyestrində qeydə alınması üçün iddiaçı tərəfindən 2020-ci ilin sentyabr ayında cavabdeh orqana müraciət edilmişdir. İddiaçının müraciəti ilə əlaqədar aparılmış inventarlaşdırma işi nəticəsində müəyyən olunmuş texniki göstəricilər əsasında Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 saylı qərarına uyğun olaraq, Cəmiyyətə 28.12.2020-ci il tarixində 6751.0 manat xidmət haqqı hesablanaraq hesab-faktura təqdim edilmiş və iddiaçı tərəfindən həmin məbləğ 29.12.2020-ci il tarixində Ərazi İdarəsinin hesabına ödənilmişdir. Həmin tarixdən sonra da Ərazi İdarəsi tərəfindən iddiaçının müraciəti ilə bağlı hər hansı rəsmi imtina və digər qərar qəbul edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın istinad etdiyi Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli 02 saylı qərarı iddiaçının müraciəti ilə əlaqədar nəzərə alınmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Qeyd olunan normalara istinadən bildirilir ki, əmlak üzərində Cəmiyyətin hüquqlarının dövlət qeydiyyatına alınması müraciət tarixindən uzun müddət sonra – 08.04.2021-ci il tarixdə icra edilməsi, dövlət orqanının hər hansı sənədi gec təqdim etməsi, hərəkətsizliyi və.s digər hərəkətlər iddiaçının təqsiri ucbatından meydana gəlməmişdir. Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli 02 saylı qərarı iddiaçıya münasibətdə hüquqi vəziyyəti ağırlaşdıran akt olduğu üçün tətbiq edilməməli, yalnız həmin tarixdən sonra edilmiş müraciətlərə münasibətdə həmin qərara istinad edilməlidir. Belə ki, iddiaçı tərəfindən edilmiş müraciət və xidmət haqqının ödənilməsi 2020-ci il ərzində yekunlaşdığı üçün Tarif (qiymət) Şurasının həmin tarixdə qüvvədə olan müvafiq qərarına istinad edilməli olduğuna görə yaranmış əlavə ödənişin tələb edilməsi yolverilməzdir. Başqa sözlə, reyestrdən çıxarış və texniki pasportun müraciət tarixindən 7 ay sonra icra edildiyi üçün Cəmiyyətdən rəsmi müraciətinə görə ödəmiş olduğu məbləğdən daha artığının ödənilməsini tələb etmək Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına ziddir. Odur ki, məhkəmə hesab edir ki, Bərdə rayonu Cəyirli kənd ərazisində yerləşən “Quşçuluq müəssisəsi”nin binasının torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Bərdə rayonu Cəyirli kənd ərazisində yerləşən “Quşçuluq müəssisəsi”nin binasının torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsinin Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 saylı qərarında müəyyən edilmiş xidmət haqqı meyarlarına uyğun olaraq həyata keçirilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar