Məhkəmə qərarları › İş №2-1(114)-4321/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4321/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4321/2023 06.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı cavabdehin İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1750,5 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1800 manat məbləğində siyahıya alınmış əmlakının satılması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Cavabdeh xx.xx.2013-cü il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmışdır.

2. Vergi ödəyicisi olan cavabdeh müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna xx.xx.2023-cü il tarixə ümumilikdə 1750,06 manat, o cümlədən icbari tibbi sığorta haqları üzrə 1497,60 manat, faizlər üzrə 252,46 manat borcu yaranmış və həmin borcun 5 gün müddətində ödənilməsi tələbi ilə cavabdehə bildiriş göndərilmişdir.

3. Yaranmış borcun tam şəkildə və vaxtında ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən öhdəliklərin təmini üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli **********4 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında xx.xx.2023-cü il tarixli **********4 nömrəli protokolla ünvan 1 ünvanında yerləşən sahibkarlıq subyektində cavabdehə məxsus 1 ədəd 800 manat dəyərində televizor, vahidinin qiyməti 200 manat olan 2 ədəd cəmi 400 manat dəyərində stol və vahidinin qiyməti 30 manat olan 20 ədəd cəmi 600 manat dəyərində stul siyahıya alınmışdır.

4. Siyahıya alınmış əmlak məsul saxlanma üçün cavabdehə təhvil verilmiş və o, protokolu, müvafiq aktı imzalamışdır.

5. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir.

6. Cavabdehin borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1750,5 manat məbləğində borcu qalmışdır. II. Məhkəmədə icraat

7. İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1750,5 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1800 manat məbləğində siyahıya alınmış əmlakının (1 ədəd 800 manat dəyərində televizor, vahidinin qiyməti 200 manat olan 2 ədəd 400 manat dəyərində stol və vahidinin qiyməti 30 manat olan 600 manat dəyərində 20 ədəd stul) satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tibbi sığorta öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin İcbari Tibbi Sığorta Fonduna yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9318/2023 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

12. Belə ki, Vergi Məcəlləsinə müddəalarına müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının vəzifələrinə aid edildiyindən və cavabdeh vergi ödəyicisi kimi iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olduğundan iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

13. İddia düzgün cavabdehə verilmiş, iddianın ərazi və məhkəmə aidiyyatı düzgün müəyyən edilmişdir. Cavabdeh mcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşdığı yer Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 2B, bina 4, mənzil 41dir və Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçı orqanın hüquqi ünvanına və cavabdehin iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmiş, həmçinin Elektron məhkəmə informasiya sistemi vasitəsilə cavabdehə göndərilmiş sms-xəbərdarlıq onlara çatdırılmışdır. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

17. İddiaçının nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

18. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş; - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********4 nömrəli qərarı; - Əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli **********4 nömrəli protokol; - Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında akt; - Cavabdehin şəxsi hesab vərəqəsi; - Vergi ödəyicisi haqqında elektron məlumat.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

22. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 15-2.2.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər. Maddə 15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir: 15-10.1.3. bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 4 faizi. Maddə 15-11.4. Bu Qanunun 15-10.1.3-cü maddəsində nəzərdə tutulan sığorta haqqı (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan və Azərbaycan Respublikasının ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən ödənilən sığorta haqqı istisna olmaqla) hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən, Azərbaycan Respublikasının ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən isə “Fərqlənmə nişanı” alınarkən ödənilir. Maddə 15-24.1. Bu Qanunun 15-2.2.1 – 15-2.2.3-cü maddələrində nəzərdə tutulmuş şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, sığorta haqqı üzrə yaranmış borcların alınması, sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş qaydada həyata keçirilir.

23. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.4. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Maddə 90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər.

24. İş materiallarından müəyyən edildiyi kimi, cavabdehin İcbari Tibbi Sığorta Fonduna yaranmış borcundan ödənilməmiş 1750,5 manat borcu qalmış və görülmüş tədbirlərə baxmayaraq həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tibbi sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və o, sığorta haqlarının ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan 1750,5 manat məbləğində borcun ödənilməsi məqsədilə iddia tələbi təmin edilməli və cavabdehə məxsus 1 ədəd 800 manat dəyərində televizor, vahidinin qiyməti 200 manat olan 2 ədəd 400 manat dəyərində stol və vahidinin qiyməti 30 manat olan 20 ədəd 600 manat dəyərində stul ticarət şəbəkələrində satılmalıdır.

25. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1750,5 (bir min yeddi yüz əlli manat, əlli qəpik) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə məxsus 1 ədəd 800 manat dəyərində televizor, vahidinin qiyməti 200 manat olan 2 ədəd 400 manat dəyərində stol və vahidinin qiyməti 30 manat olan 20 ədəd 600 manat dəyərində stul ticarət şəbəkələrində satılsın. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar